“Başını aparatla qırxıb və döyüblər” - Gəncə məhbusuna həbsxanada təzyiq edilib

 “Başını aparatla qırxıb və döyüblər” - Gəncə məhbusuna həbsxanada təzyiq edilib
Загрузка...
Gəncə məhbusu Elvin Nəzərovun həbsxanada döyüldüyü bildirilir. Bu barədə məhbusun xanımı Şəbnəm Nəzərova məlumat yayıb. O bildirib ki, Elvin Nəzərov Şəkidəki həbsxanaya köçürüldüyü gündən ona qarşı psixoloji müharibə başlayıb:
"Həbsxananın rejim rəisi Ramin Əliyev ilk gündən Elvinə təzyiq edir. Dəfələrlə Elvini "karsa” salmaq üçün ona qarşı müxtəlif bəhanələr uydurub. Mayın 2-də isə Elvini məcbur edib ki, başını qırxdır. Elvinin də başında tük yoxdur, təzə qırxıb başını. Ramin Əliyev deyib ki, "belə bir qanun yoxdur, sadəcə olaraq mənim kefim belə istəyir”. Deyib, "mən elə oğullar görmüşəm burda, sən onların yanında heç kimsən”. Nəticədə Elvinin başında tük olmadığı halda rəis müavini İlqar və Ramin Əliyev onu "kars”a salaraq başını aparatla qırxıblar və döyüblər”.
Ailəsi Elvin Nəzərovun istintaq zamanı işgəncələr gördüyünü iddia edir. Ailə üzvlərinin sözlərinə görə, işgəncələrə görə şiddətli baş və ürək ağrılarından əziyyət çəkir. "Elvinə işgəncə verəndə onun qulaqlarına o qədər vurublar ki, ağzından, qulaqlarından günlərlə qan axıb. İndi də bu vəziyyətdə olan adama həm fiziki, həm də psixoloji basqılar dayanmır. Elvin deyir ki, Ramin Əliyevlə bağlı şikayət etsə də, reaksiya yoxdur”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyilənləri araşdırandan sonra Meydan TV-nin sorğusuna cavab verib: "Elvin Nəzərovun döyülməsi barəsində deyilənlər yalandır. Mən müəssisənin rəhbərliyi ilə əlaqə saxladım. Elə bir hadisə olmayıb”.
2018-ci ildə iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. Elmar Vəliyev və onun mühafizəçisi ağır yaralanıb. Hadisə rəsmi şəxslər tərəfindən əvvəlcə "kriminal hadisə” kimi xarakterizə edilsə də, sonradan hücumu törətməkdə təqsirləndirilən Yunis Səfərovun həm də "terror təşkilatları ilə əlaqəli şəxs olduğu və dövlət məmuruna qarşı terror törətdiyi” bəyan edilib.
Bundan sonra naməlum şəxslər tərəfindən iyulun 10-da Gəncədə aksiyaya cəhd edilib. Həmin gün iki yüksək rütbəli polis zabiti hücum nəticəsində öldürülüb, bir nəfər isə yaralanıb. Bu hadisədən sonra hüquq-mühafizə orqanları 77 nəfərə qarşı cinayət işinin açıldığını, 11 nəfərin axtarışa verildiyini, 5 nəfərin öldürüldüyünü açıqlayıb.İndiyə qədər Gəncə hadisələrində ittiham olunana şəxslərdən iki nəfəri vəfat edib. Onlardan biri istintaq zamanı, digəri isə həbsxanada vəfat edib. Gəncə hadisələri ilə bağlı 77 nəfər ittiham olunub. Onlardan həbs olunanlara 2 ildən 20 ilədək həbs cəzası verilib. Hadisələr zamanı həbs olunan Elvin Nəzərov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti