Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib
Əli Əliyev sosial şəbəkədəki çıxışlarına görə prokurorluğa çağırılıb
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev sosial şəbəkələrdəki çıxışlarına, mediadakı müsahibələrinə görə sentyabrın 22-də Baş Prokurorluğa çağırılıb. Orada partiya sədrinə xəbərdarlıq olunub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Prokurorluq iddia edir ki, Əli Əliyev "Youtube”dakı çıxışlarında müxtəlif şəxslər barədə böhtan və təhqir xarakterli ifadələr səsləndirib. Partiya sədri həmçinin vətəndaşlara qarşı zorakılığa yönəlik çağırışlar etməkdə, internet resurslarında qanunvericiliklə qadağan olunmuş məlumatlar yerləşdirməkdə, COVİD-19 pandemiyasına qarşı mübarizəfə görülən işlərə kölgə salmaqda ittiham olunur.
"Əli Əliyev Baş Prokurorluğa dəvət edilərək, mətbuatda çıxışları zamanı yol verdiyi qanun pozuntularından çəkinməsi, qanunsuz əməlləri davam etdirəcəyi təqdirdə haqqında qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbir görüləcəyinə dair ona xəbərdarlıq edilib", - prokurorluğun məlumatında bildirilir.
Əli Əliyev sosial şəbəkələrdəki çıxışlarında və mediaya müsahibələrində korinavirusa qarşı mübarizə də daxil olmaqla, bir sıra mövzularda məmurları, onların əməllərini tənqid edən fikirlər səsləndirib.

Xəbər lenti