Bakıda sürücülərə avtoxuliqanlıq tələsi - "Rəis belə deyir..."

Bakıda sürücülərə avtoxuliqanlıq tələsi -
Загрузка...
Bakıda yol polisi əməkdaşlarının hərəkətləri sürücülərdə ciddi narazılıq yaradıb. Criminal.az-a müraciət edən sürücülər xüsusilə Səbayel və Sabunçu rayonları ərazisində yol polisi əməkdaşlarının hərəkətlərindən narazılıq edirlər.
Deyirlər ki, yollardakı çala-çuxura düşməmək üçün nəqliyyat vasitələrinin manevrləri yol polisi avtoxuliqanlıq kimi qiymətləndirlir. Halbuki yollardakı durumla bağlı xidmət aparan yol polisi əməkdaşları da xəbərdardırlar.
"Bir də baxdım ki, 2 yol polisi maşını "miqalka"larını yandırıb gəlirlər. Düşündüm ki, fövqəladə hadisə baş verib, sağdan-soldan maşınları keçirdilər. Qəfildən maşınlardan biri qarşımı kəsdi. Digəri də maşının arxasında saxladı. Tələm-tələsik maşından düşən serjant dodaqaltı nəsə dedi və sükan arxasını tərk etməyimi istədi. Nə baş verdiyini xəbər aldım. Dedi ki, avtoxuliqanlıq etmisiz, rəis belə deyir. Təklif etdi ki, onların maşınına əyləşim. Bunun səbəbini öyrənməyə çalışdım. Digər maşında olan serjant da özünü yetirdi.
-Düş, düşmürsən?
-Axı neyləmişəm?
Serjant həmkarına;
-Post patrul çağır.
-Axı neyləmişəm?
-Sürücü, gəl maşına, söhbət edək.
Maşında isə söhbət pul-paradan gedir. Deyir ki, rəis bütün günü kameraları izlətdirir. Maşını yoldakı "latok"dan qaçırdın, bir dəfə də sağ zolaqdan manevr edib sola cəld çıxdınsa, dərhal ərazidəki maşınlara zəng eləyir ki, filan sürücü avtoxuliqanlıq edib. Biz də məcbur olub saxlayırıq.
Polis əməkdaşının sözlərindən başa düşdüm ki, istənilən manevri avtoxuliqanlıq kimi "oformit" edirlər. Ona görə də məsələni yerində həll etdim, 200 manat xərcim çıxdı. 

Bakı Şəhər Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov Criminal.az-a açıqlamasında bildirdi ki, vətəndaş yol polisi tərəfindən hər hansı haqsızlıq və ya  qanun pozuntusu edilibsə, ilkin olaraq polisə deməlidir. Qurum rəsmisinin sözlərinə görə, sürücüinformasiyasını, faktını təqdim etsin.
"Vətəndaşların söykənəcəyi insanlar tək mətbuatda deyil, polisdə də var. Vətəndaş birinci olaraq bizə müraciət etməlidir. Avtoşluq nəqliyyat vasitəsəni yüksək sürətlə etməməlidir, təhlükəli manevr etməməlidir, ətrafdakılar üçün real təhlükəli an yaşatmamalıdır. Avtoşluğun tərifi budur". 
Nəqliyyat eksperti Ərşad Hüseynov Criminal.az-a bildirdi ki, sürücülərin avtoxuliqanlıq əlaməti İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Sürücülərin avtoxuliqan kimi ittiham olunması üçün məcəllədə olan bütün tələblər öz əksini tapmalıdır.  
"Sürücülər o halda avtoxuliqan hesab oluna bilər ki, cəmiyyətə açıq hörmətsilik etməlidir, yol hərəkəti qaydalarını qərəzlə pozmalıdır. Yoxsa təhlükəli idarəetmə, sərt manevrlər və ya tez-tez solaq dəyişmə avtoxuliqan olması demək deyil. Avtoxuliqanlıq üçün məcəllədəki 4 əlamətlər olmalıdır. Hər təhlükəli sürmə avtoxuliqanlıq hesab oluna bilməz. Bu işə məhkəmə baxır. Polisi əməkdaşları avtoxuliqan deyilən şəxsi sənədləşdirib məhkəməyə göndərir, bu işə sonda məhkəmə qərar verir"- E.Hüseynov qeyd etdi. 

İnzibati Xətalar Məcələsi, Maddə 511. Avtoxuliqanlıq
511.1. Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
511.2. Eyni hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
511.3. Bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Xəbər lenti