Bakıda prokuror Livan vətəndaşı olan erməniyə 20 il həbs tələb etdi

Bakıda prokuror Livan vətəndaşı olan erməniyə 20 il həbs tələb etdi
Eulcekcian Viken Abraham 44 günlük müharibə dövründə Azərbaycana qarşı muzdla döyüşməkdə ittiham olunur
Bakıda Livan vətəndaşı, milliyyətcə erməni olan Eulcekcian Viken Abrahamın məhkəməsi keçirilib. 44 günlük müharibə dövründə Azərbaycana qarşı muzdla döyüşməkdə, terrorçuluqda və dövlət sərhədlərini qanunsuz keçməkdə ittiham olunan Eulcekcian Viken Abrahamın işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Amma məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilir.
1979-cu il təvəllüdlü Eulcekcian Viken Abraham Livanın paytaxtı Beyrutda yaşayıb. Cinayət işinin materiallarında onun Livanın başqa bir vətəndaşı Hovak Kikiyanın təklifi ilə sentyabrın 29-da muzdlu döyüşçü kimi Qarabağ müharibəsinə qoşulduğu, bundan ötrü ilkin mərhələdə 2500 dollar pul aldığı bildirilir. Hakim Elbəy Allahverdiyevin sədrliyilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs istintaqa ifadəsindən imtina edib. O, cinayət işinin təkrar araşdırma üçün istintaqa qaytarılması barədə vəsatət qaldırıb. Lakin vəsatət təmin olunmayıb. Daha sonra Eulcekcian Viken Abrahamın beş il qeyri-rəsmi birlikdə yaşadığı Maral Nazaryanın istintaqa verdiyi ifadənin video çəkilişi nümayiş etdirilib. O, ifadəsində bildirir ki, təqsirləndirilən şəxs qardaşının dostu olub. Həyat yoldaşından boşanandan sonra onunla ailə qursalar da, rəsmi nikah bağlamayıblar. Bir neçə dəfə birlikdə Ermənistanda olublar. Sonuncu dəfə 2020-ci ilin əvvəlində gediblər. Pandemiyaya görə işaqları Livana göndəriblər. Bir müddət sonra özləri də qayıdıb:
"Sentyabrda müharibə başlayanda Viken Livandan tanıdığı bəzi adamlarla danışdı, biz Şuşaya gəldik. Hovak adlı Livan vətəndaşı vardı, ona dedi ki, müharibədə döyüşmək üçün ayda 2000-2500 dollar verirlər. Əlavə maaş da verəcəklər. Viken də razılaşdı. Ona dedim sən Ermənistan vətəndaşı olmadığına görə problem olacaq”. Maral Nazaryanın sözlərinə görə, onlar noyabrın 10-da müharibənin bitdiyini eşidəndən sonra Şuşadakı oteldən əşyalarını götürməyə gedəndə Azərbaycan hərbçiləri tərəfindən saxlanılıblar. Təqsirləndirilən şəxs Maral Nazaryanın ifadəsinində dediklərinin yalan olduğunu bildirib. O deyib ki, Maral və uşaqları ilə birlikdə müharibədən xeyli əvvəl Ermənistana köçmüşdülər, kirayə yaşayırdılar. Onun sözlərinə görə, Maral Nazaryan qadın salonunda saç ustası kimi fəaliyyət göstərirdi, o isə kafedə şaurma hazırlayırdı. Pandemiya dövründə iş yerləri bağlanıb, Qarabağa köçmək üçün ərizə veriblər. Şuşaya köçərək, orada beton zavodunda işə düzəlib. Eulcekcian Viken Abraham iddia edir ki, müharibə başlayandan sonra onu işlədiyi müəssisənin avtomobilini idarə etdiyi yerdə Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri yolda saxlayıb, məcburi şəkildə müharibəyə göndəriblər:
"Mənə hərbi forma verdilər, avtomatla təmin elədilər. Xocavənd ərazisinə göndərdilər. 3 gün orada oldum. Oradan qaçıb Şuşaya gəldim, sonra Yerevana. Noyabrın 10-da dedilər ki, müharibə başa çatıb. Biz Maralla Şuşadakı otelə gedib əşyalarımızı götürmək istəyəndə azərbaycanlılar bizi tutdu”.
Məhkəmədə Eulcekcian Viken Abrahamın telefonundan çıxdığı bildirilən görüntülər də nümayiş etdirilib. Orada təqsirləndirilən şəxsin səngərdə olduğu və minaatanı hazır edərək, döyüş vəziyyətinə gətirdiyi görünür. Təqsirləndirilən şəxs həmin görüntülərə münasibət bildirərkən deyib ki, onlar foto və video xatirinə çəkilib. Ardınca məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Prokuror təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 114.3 (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1 (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və başqa maddələrilə irəli sürülən ittihamların məhkəmədə sübuta yetirildiyini bildirib. Dövlət ittihamçısı onun 20 il azadlıqdan məhrum olunmasını təklif edib. Məhkəmə prosesi iyunun 11-də vəkilin çıxışı və təqsirləndirilən şəxsin özünün son sözü ilə davam edəcək. Azərbaycan tərəfi Maral Nazaryanı 2021-ci ilin martında qaytarıb və onun hazırda Livanda olduğu bildirilir.

Xəbər lenti