“Azəriqazbank”dakı brilyant əməliyyatının şok təfərrüatları - VİDEO

“Azəriqazbank”dakı brilyant əməliyyatının şok təfərrüatları - VİDEO
Загрузка...

Bankın qiymətləndiricisindən şok açıqlamalar – brilyantı şüşə ilə kim əvəzləyib? 

 1 ay əvvəl vəzifəsindən uzaqlaşdırılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölkəyə idxal olunan digər mallarla yanaşı, qızıl və brilyantın inhisarçısı olması haqda illərdir ki, məlumatlar dolaşırdı. O, tutduğu postdan uzaqlaşdırılandan sonra mətbuatda bu məlumatları təsdiqləyən ifadələr yayıldı. Qızıl və brilyant biznesi ilə məşğul olan iş adamları Milli Təhlükəsizlik Nazirliyinə aparılaraq başlarına açılan oyunları dilə gətirməyə başladılar.  

 Məlum oldu ki, nazirin razılığı ilə qaş-daş sektoruna bu və ya digər formada aidiyyatı olan hər kəs “mahmudovçu”ların diqqət mərkəzində olub. İş adamları ən müxtəlif adlar altında MTN-ə aparılıb, onlardan şantaj yolu ilə böyük məbləğdə pullar alınıb. Belə şəxslərdən biri də iş adamı Maqsud Mahmudov olub.  MTN-ə dəvət edilən iş adamından  “mahmudovçu”lar şantaj yolu ilə 250 min dollar aldıqları haqda məlumat vermişdik.  

 85 min manatlıq brilyantı “Azəriqazbank”da şüşə ilə kim əvəzləyib?  

 İndi məlum olur ki, M.Mahmudovdan alınan təkcə bu məbləğ olmayıb. Onu Eldar Mahmudovun qudası Çingiz Əsədullayevə məxsus  “Azəriqazbank”a girov qoyduğu qızıl-zinət əşyalarına görə də MTN-ə aparıb başına oyun açıblar. M.Mahmudovun banka girov kimi qoyduğu 5 karatlıq brilyant qaş şüşə qaşla əvəzlənib. Bu əməldən şikayətçi olan iş adamı  “mahmudovçu”lar tərəfindən saxlanıb, ondan 30 min manat alıblar, özünü də şikayətçi olmamasını “tövsiyə” etməklə azad buraxıblar.   

 Bankın qiymətləndiricisini hansı cinayətə sövq etmək istəyiblər?

 85 min manat qiyməti olan brilyantın ələ keçirilməsi üçün “Azəriqazbank”ın qiymətləndiricisi Arif Piriyev də çirkin cinayətə sövq edilib. Lakin qiymətləndirici “mahmudovçu”ların dediyi ilə razılaşmayıb və bununla da iş adamının şərlənməsinin qarşısını almış olub.  Vəzifəsini itirən qiymətləndirici-zərgər peşəsinə xəyanət etməyib.  1990-cı ildən iş stajı olan A.Piriyev deyir ki, 2006-cı ildən 2012-ci ilə qədər “Azəriqazbank”da qiymətləndirici-zərgər vəzifəsində çalışıb.  

 O, M.Mahmudovla banka girov qoyduğu brilyantın şüşəyə çevrilməsi məsələsi haqda “Yeni Müsavat”a bunları deyib: “2009-cu ildən Maqsud Mahmudov adlı iş adamı bankın “İnşaatçılar” filialına girov qoymaqla pul götürüdü. Filialda limit vardı, 5 min manatdan artıq pul vermirdilər. Ona görə də bir neçə dəfə pul götürəndən sonra və ona 5 min manatdan daha artıq pul lazım olduğuna görə Maqsud Mahmudovu bankın Sumqayıt filialına yönləndirdilər. Orada limit 90 min manat idi”.

 “Bütün bu yoxlamalar o üzüyə görə idi” 

 A.Pririyev deyir ki, bankda çalışdığı dövrdə gün ərzində ən müxtəlif filiallara gedərək ora girov kimi təqdim olunan qızıl-zinət əşyalarını qiymətləndirib: “Bankın qiymətləndiricisi olduğuma görə məni Sumqayıt filialına çağırdılar, Maqsud Mahmudovun təqdim etdiyi girovları qiymətləndirdim, ona kredit  verildi. Bunun üstündən xeyli keçəndən sonra məni bankın baş ofisinə çağırdılar. Orada  2-ci mərtəbədəki otaqlardan birinə apardılar. Otaqda  6-7 nəfər adam vardı. 2 nəfər Əyar Palatasından,1 nəfər Maqsudun vəkili, bankın təhlükəsizlik xidmətini rəisi İqrar müəlllim və 2-3 MTN işçisi vardı. Məndən sonra ora Kandalayev gəldi.  O da brilyant yoxlayandır. Maqsudun bankın Sumqayıt filialına təqdim etdiyi və mənim qiymətləndirdiyim qızıl-brilyantları qablaşdırmadan çıxarıb tökmüşdülər stolun üstünə. Qadınlar qızılın əyarlarını yoxlayırdılar. Üzük vardı, üzərində 5 qram brilyant vardı. Mən onu qiymətləndirəndə 85 min bazar qiyməti olduğunu nəzərə alıb 50 min qiymət qoymuşdum. Belə etmişdim ki, əgər problem olsa, kreditin təminatı olan üzük təcili satılmalı olsa, rahat şəkildə satılsın. Bu üzüyə görə ona 35 min manat pul verilmişdi. Mənə elə gəldi ki, bütün bu yoxlamalar o üzüyə görə idi. Üzüyü çıxarıb baxdılar. Verdilər Kandalayevə.

 O da dedi ki, bu brilyant deyil. Dedim ki, necə yəni brilyant deyil. Ona baxanda bilinir ki. brilyantdır, aparatla da yoxlamışıq, təmiz brilyantdır. Yəni brilyantı aparata vurursan, səs çıxarır, bilirsən ki, brilyantdır. Dedim ki, brilyant deyilsə, onda nədir? Əgər deyirsinizsə ki, brilyant deyil, onada akt yazılanda qeyd edin ki, brilyant deyil. Kandalayev dedi ki, mən onun brilyant olmadığını yaza bilmərəm. Dedim ki, onda brilyant olduğunu yaz. Dedi ki, yox, brilyant olduğunu da yaza bilmərəm. İqrar müəllimə dedi ki, həmin qaşın nə qədər qiyməti var? Kandalayev də cavab verdi ki, 10-15 min. Mən də dedim ki, əgər brilyant deyilsə, şüşədirsə, ona 10-15 min kim verər? Söhbət elə o şəkildə qaldı. Bütün qızıllar ayrı-ayrı idi. Bunlar götürüb başqa bir “kulok”a yığdılar. 

 “Dedilər ki, Maqsud cinayətkardır, onu tutmaq lazımdır” 

 Qiymətləndirici deyir ki, banka girov qoyulan qızıl-brilyant xüsusi qablaşdırmaya qoyulur. Həmin qablaşdırma nömrələnmiş olur. Həmin qablaşdırılma açıldısa, korlanır, ondan sonradan istifadə mümkünsüz olur. Müştəri girov qoyduğu qızıl-brilyantı həmin qablaşdırmaya qoyur, qablaşdırmanın üzərinə qiymətləndirici, müştəri və bankın nümayəndəsi imzalarını çəkirlər. Müştəri krediti tam ödəyəndən sonra onun girov qoyduğu qızıl-brilyant olan qablaşdırma onun özünə qaytarılır.  Qablaşdırma müştəri tərəfindən açılır və müştəri mallarını götürüb gedir: “Mən baş ofisdən çıxandan 1 saat keçdi, mənə zəng gəldi, dedilər ki, saat 5-də MTN-ə gəl. Məni binanın həyətinə buraxdılar, əsas binaya girməmiş orada 2 və ya 3 otaqlı tikili var, ora apardılar. Korridorda səs-küy eşitdim. Dəqiq bilmədim ki, orada kimisə döyürlər, vururlar, yoxsa stola çırpırlar. Sonra gördüm ki, oradan çıxan Maqsud Mahmudovun sürücüsüdür. 

Mənə dedilər ki, Maqsud cinayətkardır, onu tutmaq lazımdır.  Bir yerdə işləsək yaxşı olacaq. Onalara dedim ki. mən kiməm ki, işləyək. Qızıldır, brilyantdır qəbul etmişəm, yazmışam. Mənə izahat yazdırdılar. Onlardan soruşdum ki, Maqsudu niyə çağırıb soruşmursuz? Dedilər ki, onun da vaxtı var. Mən oradan çıxıb Maqsuda zəng elədim, dedim ki, sənə görə məni MTN-ə çağırıblar. O da nömrələrini istədi. Vermədilər”.

 “Kor da bilir ki, balıq şordur” 

 A.Piriyev “MTN-dəkilər Maqsud Mahmudovun “Azəriqazbank”a qızıl-brilyant qoyduğunu haradan bilirdilər” sualına belə cavab verib: “Kor da bilir ki, balıq şordur”. Bunu mən gedib MTN-ə deməyəcəkdim ki. Bunu yəqin ki, bankda işləyənlərdən biri gedib deyib”. A.Piriyev bankda baş verənlərdən sonra oradan uzaqlaşıb: “Az bir müddət orada işlədim, problemlər oldu, çıxdım”. “Rəhbərliyə bildirdiniz ki, bu nə məsələdir? Adamlar bizə inanıb gətirib banka bahalı əşyalarını girov qoyurlar” sualına A.Piriyev belə bir səlahiyyəti olmadığını bildirib: “mən əgər gedib desəydim ki, Maqsudu niyə incidirsiz, deyərdilər ki, bundan sənə nə? Maqsud sənin nəyindir?”

 A.Piriyev deyir ki, o, bankda çalışdığı illərdə apardığı qiymətləndirmələrlə bağlı hər hansı bir problem olmayıb: “Mən Maqsud Mahmudovdan banka qoyduğu qızıl və brilyantları qiymətləndirmişəm, heç bir problem olmayıb. Maqsud Mahmudov bankdan həmin qızıl-brilyantı alandan sonra isə mənə zəng edib dedi ki, üzüklərdəki 4 qaş brilyant deyil. Bankdan deyirlər ki, məsələ sənlikdir. Mən də ona cavab verdim ki, mən o qızıl-brilyantı qiymətləndirib sənin yanında bankdakı kassaya təhvil vermişəm. Bundan sonra həmin qızıl-brilyantı kassadan almaq, kiməsə vermək mənim səlahiyyətimdə olmayıb. Müştəri krediti tam ödəyib qurtarmasa, həmin girov kassadan çıxarıla bilməz”. 

 Eldar Mahmudovun işdən qovulandan sonra qiymətləndirici banka niyə çağırılıb?  

 A.Piriyev deyir ki, MTN-dəki həbslərdən sonra “Azəriqazbank”ın baş ofisinə dəvət olunub: “5-ci gün Əsgər müəllim zəng elədi. O problemli kreditlər şöbəsini rəisidir. Onun yanında Rizvan vardı. Məndən Maqsud Mahmudovun işi ilə bağlı soruşdular. Dedilər ki. səncə, brilyantların dəyişilməsi harada olub. Cavab verdim ki, bu mənə çatmır. Mən həmin malları “kliyent”in yannda qiymətləndirib vermişəm, qol çəkib və təhvil vermişəm kassaya. Mən həmin qızıl-brilyantı qoyduğum qablaşdırmasını bir də baş ofisdə görmüşdüm. Açıb tökmüşdülər stolun üstünə. Orada baxdılar yığıb tökdülər böyük bir “kulok”a. Orada mən kassaya heç nə təhvil verməmişəm”. 

 “Yeni Müsavat” əməkdaşı “Azəriqazbank”da baş verənlərə aydınlıq gətirmək üçün  bankın idraə heyətinin sədri Çingiz Əsədullayevlə əlaqə saxlayıb. Lakin bank sədri israrlı zənglərimizi cavabsız buraxıb. 

''Yeni Musavat'' “Azəriqazbank”dakı“Azəriqazbank”dakı“Azəriqazbank”dakı“Azəriqazbank”dakı“Azəriqazbank”dakı“Azəriqazbank”dakı

Xəbər lenti