“Babək Həsənovla ünsiyyətdə olan məhbusları cəzalandırırlar”

“Babək Həsənovla ünsiyyətdə olan məhbusları cəzalandırırlar”
Загрузка...
AXCP üzvünün aclıq aksiyası keçirdiyi bildirilir
AXCP-nin Nərimanov rayon şöbəsinin həbsdə olan sədri Babək Həsənov ailə üzvlərinə deyib ki, saxlandığı 6 saylı cəzaçəkmə müəssisəsində onunla ünsiyyətə görə məhbusları cəzalandırırlar. Mayın 17-də səhər saatlarında müəssisədə məhbus Qorxmaz Mehdiyevi buna görə cərimə kamerasına (kars) salıblar. Bu barədə Meydan TV-yə məlumat verən yaxınlarının sözlərinə görə, baş verənlərə etiraz olaraq, B.Həsənov da mayın 17-dən aclıq aksiyasına başlayıb:
"Mayın 17-də evlə telefon danışığında dedi ki, son günlər cəzaçəkmə müəssisəsinin rəhbərliyi ona qarşı yenidən təzyiqlərə başlayıb. Onu digər məhkumlardan təcrid edirlər. Onunla təmasda olanlara təzyiq edib, Babək Həsənovla görüşməməyi tapşırırlar. Bu tapşırığa əməl eləməyənləri isə döyürlər, "kars”la cəzalandırırlar”.
Yaxınlarının sözlərinə görə, 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhbuslardan Qorxmaz Mehdiyev mayın 16-da Babək Həsənova birlikdə yemək yeməyi təklif edib. Buna görə müəssisə rəhbərliyi ona xəbərdarlıq edib. Bu xəbərdarlığa baxmayaraq, mayın 17-də səhər onların birlikdə söhbət elədiyini görəndə isə həmin məhbusu döyüb, sonra da cərimə kamerasına salıblar. Ailə üzvləri deyir ki, Babək Həsənov məhz buna görə aclığa başlayıb və bu barədə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə də yazılı ərizə təqdim edib.
"Babək Həsənovun tələbləri budur ki, Qorxmaz Mehdiyev "kars”dan çıxarılsın, onu döyən müəssisə əməkdaşları cəzalandırılsın, müəssisə rəhbərliyinin ona qarşı qeyri-insani davranışlarına son qoyulsun. O müəssisədə başqa problemlər də var. Məhkumları heç bir əsas olmadan təzyiq edirlər, incidirlər, döyürlər. Həftələrlə, bəzən bir ay "kars”da saxlayırlar. Rüşvət alandan sonra buraxırlar. Martın 6-dan cəzaçəkmə müəssisələrinə sovqat buraxmırlar. Oradakı dükanlarda da qiymətləri çox bahalaşdırıblar.
Babək Həsənov deyir ki, bəzi məhsulları 200, 400 faiz baha satırlar. Bu da sovqat qəbul edilmədiyi bir vaxtda ciddi narazılıq yaradıb”, - deyə Babək Həsənovun yaxınları əlavə edib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə 6 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirilmədiyini bildirib. O, məhkumların əsassız cəzalandırılması, cərimə kamerasına salınıb, rüşvətlə çıxarılması və müəssisədəki dükanlarda qiymətlərin bahalığı haqda deyilənləri də təkzib edib. Qarabağ döyüşçüsü Babək Həsənov 2018-ci il mayın 25-də partiyanın digər iki funksioneri – Aqil Məhərrəmli və Ruslan Nəsirli ilə birlikdə həbs olunub. Onlar Gədəbəy rayonunun keçmiş icra başçısı, AXC fəallarından olan Saleh Rüstəmlinin Rusiyadan qardaşı oğlu Vidadi Rüstəmli vasitəsilə göndərdiyi pulu partiyaya və onun sədri Əli Kərimliyə çatdırmaqda ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmli 7 il 3 ay, A.Məhərrəmli 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirliyə şərti cəza verilib. Lakin təqsirləndirilən şəxslərin hamısı bu ittihamı rədd edir. S.Rüstəmli siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndərdiyini bildirib.
Onun sözlərinə görə, məbləğ ittihamda göstərildiyi kimi 420 min dollar yox, iki il ərzində cəmi 10-11 min dollar olub. B.Həsənov həbs olunarkən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qaldığını, Qarabağ döyüşlərində xəsarət aldığı nahiyədən bədəninə elektrik cərəyanı qoşulduğunu bildirib. Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edib.

Xəbər lenti