Azərbaycanlı Almaniyadan getməmək üçün özünü doğrayıb

Azərbaycanlı Almaniyadan getməmək üçün özünü doğrayıb
Загрузка...
 Hər iki qollarını kəsən şəxsin 2 ay əvvəl İtaliya vizası ilə Almaniyaya gəldiyi bildirilir
Almaniyaya mühacirət üçün müraciət edən daha bir azərbaycanlı özünə qəsd edib. Məlumatı Almaniyada fəaliyyət göstərən "Legat” İnteqrasiya Mərkəzi yayıb. Bildirilib ki, İbbenburen şəhərində məskunlaşan və Dublin sazişinə görə İtaliyaya getməkdən imtina edən Hüseyn adlı azərbaycanlı özünü doğrayıb. "Hər iki qollarını kəsən şəxs 2 ay əvvəl İtaliya vizası ilə Almaniyaya gəlib.
Bu gün polislər onu məcburi qaydada İtaliyaya deport etmək istədikləri zaman özünü doğrayıb. Hüseyn Kəlbəcər rayonunda anadan olub, evlidir, iki azyaşlı uşağı var. O, təcilli yardımla xəstəxanaya çatdırılıb,”- "Leqat”ın məlumatında deyilir.
Mərkəzin məlumatına görə, 2019-cu ilin ilk altı ayı ərzində 999 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib. Qaçqın statusu almaq üçün Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) müraciət edən həmin 999 azərbaycanlıdan 706 nəfəri ilk dəfə, 293 nəfəri isə təkrar ərizə ilə müraciət edən şəxslərdir. 2019-cu ilin 6 ayı ərzində qaçqın statusu üçün müraciətlər üzrə 1400 qərar qəbul edilib. Onlardan 6 nəfərinin sığınacaq haqqında ərizəsi üzrə müsbət cavab, 46 nəfərə qaçqın statusu verilib.
Mərkəz bildirir ki, 6 ay ərzində cəmi 74 nəfərin müraciəti üzrə BAMF müsbət qərar qəbul edib. Onlara Almaniyada müvəqqəti yaşayış icazəsi verib. 768 nəfərin qaçqın statusu haqqında müraciətinə isə rədd cavabı verilib. Bir müddət öncə Almaniyanın Deggendorf şəhərində mühacir həyatı yaşayan Humay Məmmədova da deportasiya edildiyi üçün intihar etmişdi. O, çoxlu dərman atmışdı. Xəstəxanaya çatdırılsa da, 15 gün ərzində öldü. Səhhətində problem olan qadının 9 yaşlı qızı qalıb.
"Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirib ki, son 3 ayda 7 adam Dublin müqaviləsinin tələblərindən yayınmaq üçün özünə qəsd edib. Dublin sazişinə görə mühacir birinci növbədə viza aldığı ölkəyə getməlidir və qaçqın statusu üçün orada müraciət etməlidir. Azərbaycandan Almaniyaya gələn vətəndaşların əksəriyyəti isə digər ölkələrin vizaları ilə gəlir: "Bakıda fəaliyyət göstərən turizm şirkətlərinin çoxu vətəndaşları aldadaraq bir ölkənin vizası ilə "qaçqınlıq statusunu alarsız” deyib başqa ölkəyə göndərirlər. Sonra isə həmin şəxslərin qaytarma prosesi başlayır. Almaniya hökuməti görəndə ki, gələnin sənədləri saxtadır və onu ölkəsində heç bir təhlükə gözləmir, dərhal həmin adamı geri göndərir. İnsanlar bundan özünü qorumaq üçün intihara əl atırlar. Bəziləri Azərbaycana qayıtmamaq üçün, bəziləri isə Almaniyadan getməmək üçün”.
Ötən il, iyunun 18-də 51 azərbaycanlı Almaniyadan deportasiya edilib. Çarter reysi ilə Azərbaycana göndərilənlər Almaniyanın Bamberq, Waldsassen, Üiesburq, Kürten ( Bergisch Gladbach), Hoff, Rhede, Bocholt və digər şəhərlərində yaşayanlar olub. Deportasiyanın isteriya ilə qarşılanma halları yeni deyil. Azərbaycanlılar arasında özünəqəsd, polisə müqavimət və immiqrasiya xidmətinin əməkdaşlarının girov götürülməsi halları da baş verib.
Загрузка...
Загрузка...

Xəbər lenti