Azərbaycanı siyasi məhbus kimi tanınan digər şəxsləri də azad etməyə çağırıb

Azərbaycanı siyasi məhbus kimi tanınan digər şəxsləri də azad etməyə çağırıb
Hüquq müdafiəçiləri 100-dək məhbusun həbsdə qaldığını deyirlər 
 Amerika Birləşmiş Ştatları Azərbaycanda son əfv sərəncamı ilə vətəndaş cəmiyyəti fəallarının, jurnalistlərin və Nardaran hadisələrindən sonra həbs edilən insanların əfv edilməsini alqışlayır. ABŞ-ın Azərbaycandakı Səfirliynin rəsmi internet səhifəsində yayılan bəyanatda belə deyilir.
"Amerika Birləşmiş Ştatları, QHT-lərin əsas azadlıqlarını istifadə etdikləri üçün həbsdə olduqlarını hesab etdikləri 30-dan çox vətəndaş cəmiyyəti fəal və möminlərin 18 mart tarixində əvf edilməsi və sərbəst buraxılmasını alqışlayır. Bu siyahiya jurnalist Elçin İsmayıllı və 2015-ci ildə Nardaran hadisələrindən sonra haqsız olaraq həbsdə olan bir çox şəxslər də daxildir. Azərbaycanı əlavə müsbət addımlar atmağa və əsas azadlıq hüquqlarından istifadə etdikləri üçün həbsdə olduqları hesab edilən digər şəxsləri də azad etməyə çağırırıq”, - səfirlik bəyan edib.
Rəsmi Bakı ABŞ-ın bu bəyanatına hələ ki münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan rəsmiləri bir qayda olaraq ölkədə fundamental insan hüquqlarının tam təmin edildiyini və insanların əqidəsinə görə təqib edilmədiyini deyirlər.
Martın 18-də Azərbaycan prezidentinin sərəncamı ilə 625 nəfər əfv edilib. Əfv edilənlərin 38 nəfəri hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxslərdir.
Hüquq müdafiəçiləri hazırda yüzədək siyasi məhbus kimi tanıdıqları şəxsin həbsdə qaldığını açıqlayıblar.

Xəbər lenti