Azərbaycandan 5.5 milyard manatı ofşorlara köçürənlərə 13 il həbs tələbi

Azərbaycandan 5.5 milyard manatı ofşorlara köçürənlərə 13 il həbs tələbi
Загрузка...
Taksi sürücüsünün əli ilə pulları kimlər çıxarıb?
Azərbaycanda 2013-2015-ci illərdə 5 milyard 551 milyon manat pulu banklar vasitəsilə çıxarıb, Dubayda, Estoniyada ofşor şirkətlərin hesablarına köçürməkdə ittiham olunan Rüfət Vəliyev və Malik Əliyevin işi üzrə məhkəmə istintaqı başa çatıb. Mayın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxan hakim Azad Məcidov araşdırmaların yekunlaşdığını elan edib. Prosessual qaydalara görə, bundan sonra çıxışlar mərhələsi başlayır. Prokuror çıxış edərək deyib ki, çirkli pulların yuyulmasına dair ittiham məhkəmədə tədqiq olunan sübutlarla – şahid ifadələri, bank sənədləri ilə təsdiqini tapıb.
Məlum olub ki, R.Əliyev və M.Əliyev 2006-2008-ci illərə aid saxta gömrük bəyannamələri ilə (guya Türkiyədən mallar həmin illərdə alınıb, pulları 2013-2015-ci illərdə köçürülür) ölkədən hər gün milyonlarla pullar çıxarılıb. Vəsaitlər əsasən Beynəlxalq Bankın Nəqliyyat filialı, "Azəriqazbank”, "United Credit Bank”, "Yapıkredibank” vasitəsilə köçürülüb. Bir neçə nəfərə "Azəriqazbank”ın Xətai filialında kabinet verilib. Pullar kisələrlə ora gətirilib sayılır, ardınca da bir qismi elə həmin filialda, qalanı da başqa banklara aparılaraq, xaricdəki hesablara köçürülürmüş. Pullar "Aveo”, "Elektromaş”, "Qalaksi A” və s. ümumilikdə 9 şirkətin adından köçürülüb. İşlək şirkətlər kimi qələmə təqdim olunub, hər gün milyonlarla vəsait köçürən bu şirkətlərin hər rübdə Vergilər Nazirliyinə göndərdiyi hesabat boş olub. Yəni hesabatlarda göstərilib ki, rüb ərzində bu şirkətlərin heç bir fəaliyyəti olmayıb.
Məhkəmədə məlum olub ki, Vergilər Nazirliyində vaxtilə bu şirkətlərlə əlaqədar şübhələr yaranıb, yoxlama aparılması barədə qərar qəbul olunub. Amma yoxlama başlayan ərəfədə qərarın icrası dayandırılıb. Prokuror çıxışının sonunda R.Vəliyev və M.Əliyevin hər birinin 13 il azadlıqdan məhrum edilməsini istəyib. R.Vəliyev taksi sürücüsü olub, M.Əliyev isə "Royalbank”ın 10 saylı filialının müdir müavini işləyib. 2011-ci ildə bankın lisenziyası ləğv olunandan sonra R.Vəliyevlə tanış olub, daha sonra birlikdə işləməyə başlayıblar.
R.Vəliyev pulları alıb gətirir, M.Əliyev isə "Azəriqazbank”da verilən yerdə başqa adamlarla birlikdə onların sayılıb, xaricə köçürülməsinə nəzarət edirmiş. Prokurordan sonra çıxış üçün vəkillərə söz verilsə də, onlar hazır olmadıqlarını bildirib və on gün vaxt istəyiblər. Məhkəmə onlara vaxt verib. Ölkədən 5 milyard 551 milyon manatın çıxarılmasının arxasında dayanan əsas şəxslərin kimliyi isə nə cinayət işinin materiallarında yer alıb, nə də məhkəmədə üzə çıxıb. Beynəlxalq Bankın əməkdaşı məhkəmədə dindiriləndə bildirib ki, sözegüdən şirkətlərin köçürmələri onlarda şübhə yaratmışdı. Lakin rəhbərlik onlara demişdi ki, baş ofisdən göstəriş var, bu şirkətlərə heç bir maneə yaradılmamalıdır.
Загрузка...
Загрузка...

Xəbər lenti