Azərbaycandakı sovetdən qalma agent şəbəkəsi haqda müdhiş faktlar...

Azərbaycandakı sovetdən qalma agent şəbəkəsi haqda müdhiş faktlar...
Загрузка...
Tanınmış vəkil Adil İsmayılov Azərbaycandakı sovetdən qalma agent şəbəkəsi haqda müdhiş faktlar açıqlayıb. Vəkil DTK-MTN-dəki arxivlərin kimlər tərəfindən yandırıldığını yazıb. O,  yazıda Milli Şuradan arxivlərin kimlər tərəfindən möhürlənməsini qeyd edib. Criminal.az həmin yazını təqdim edir.
AXC HAKİMİYYƏTİ DTK MTN ARXİVLƏRİNİ NİYƏ AÇMADI?
İcazənizlə bir qədər yaxın keçmişimizə qayıdıb bəzi məsələlərə münasibətimi bildirim. 1992-ci ildə cəbhə hakimiyyətə gəldikdən sonra keçmiş sistemin əsas dayaqlarından biri olan DTK-MTN-də islahatlar etməyə, arxivləri açmağa nə üçün cəhd göstərmədi? Hələ o vaxt bu suala və ümumiyyətlə, həmin orqanın fəaliyyəti barəsində çoxlarınızı maraqlandıran başqa suallara ətraflı və mötəbər məlumat almaq məqsədi ilə dəfələrlə Milli Təhlükəsizlik Naziri Fəxrəddin Təhməzovla söhbət etməyə cəhd göstərsəm də, o, vaxtı olmadığını, başının qarışıq olduğunu bəhanə edərək görüşməkdən imtina etdi.
DTK-MTN-nin keçmiş rəhbəri İlhüseyn Hüseynov da suallara cavab verməyi rədd etdi. Onları mənim MTN-ə olan münasibətim qane etmirdi. O vaxt ümid edirdim ki, nazirliyə nə vaxtsa mövqeyimlə razılaşan bir rəhbər gələcək, yaxud da olan nazirlərin mövqeyində dəyişiklik olacaq. Indi isə başlıqda qoyulmuş suala cavab verməyə çalışacam. DTK-MTN-də hər hansı bir islahat aparılması və onun işinin yenidən qurulması üçün hər şeydən əvvəl, bu təşkilatın indiyə kimi hansı işlə məşğul olması aydınlaşdırılmalı və onun fəaliyyətini tənzimləyən hüquqi baza yaradılmalı idi. Çünki nazirliyin hansı hüquqi sənədlər əsasında işləməsi məlum deyildi, daha doğrusu, MTN faktiki olaraq öz fəaliyyətində keçmiş SSRİ DTK-sinin əmr və təlimatlarını rəhbər tuturdu. Kimsə deyə bilər ki, prezident Mütəllibovun dövründə onun tərəfindən MTN barəsində müvəqqəti əsanamə təsdiq edilib və nazirlik onun əsasında fəaliyyət göstərib. Lakin, adından göründüyü kimi, həmin əsasnamə müvəqqəti olub.
DTK-NIN ARXİVİNİ KİMLƏR MÖHÜRLƏMİŞDİ
Bilirsinizmi ki, İxtiyar Şirinov və iki müasir deputat Tahir Kərimli və Çingiz Qəni-zadə 1992-ci ilin may hadisələrindən dərhal sonra Milli Şuranın qərarı ilə DTK-nın arxivləri və bəzi şöbələrini möhürlənmişdilər. Nazirliyin bəzi əməkdaşlarının deməsinə görə, bu əməliyyatı həyata keçirənlərin naşılığına qibtə etmək olardı, çünki əməliyyatı həyata keçirənlərin heç birinin nazirlik və onun işi barəsində ümumi də olsa anlayışları yox idi.
 
Elə buna görədir ki, İ.Hüseynovun tərəfdarları bir sıra mühüm sənədləri məhv etməyə imkan tapdılar. Hadisələrin sonrakı inkişafı, AXC rəhbərlərinin bu sahədəki qətiyyətsizliyi, yəni arxivlərin indiyə kimi açılmaması nəinki Elçibəyin əleyhdarları, hətta öz yaxın məsləkdaşları arasında da xoşagəlməz söz-söhbətlərin yaranmasına səbəb olmuşdu.
AXC-DƏ DTK AGENTLƏRİ KİMLƏR İDİ
Belə bir fikir var idi ki, hakimiyyətdə olan AXC liderləri arasında vaxtilə DTK ilə əməkdaşlıq etmiş şəxslər olduğundan, hətta respublika rəhbərliyində mühüm postlar tutan bəzi şəxslər barəsində MTN arxivlərində ifşaedici materiallar olduğundan onlar, arxivləri açmağa tələsmir, özlərinə aid olan sənədləri məhv edirlər. O vaxt bu söz-söhbətin qarşısını almaq üçün MTN-nin fəaliyyətini tədqiq edəcək komissiyanın yaradılmasını onun tərkibinə müxtəlif siyasi qüvvələri təmsil edən nümayəndələrin salınmasını təklif etdim.
Hesab edirdim ki, komissiya öz işinə məhz mövcud hakimiyyətdə olan şəxslərin barəsində olan materialların öyrənilməsindən başlamalıdır. DTK-MTN-nin fəaliyyətinin təhqiq edilməsi ilə əlaqədar məsələyə xüsusi diqqət verilməlidi. Bu orqanın may ayında baş vermiş dövlət çevrilişindəki(Ayaz Mütəllibovun birgünlük qayıdışı) rolu heç kim üçün sirr deyildi.
Nazir İ.Hüseynovun televiziya ilə çıxışını, DTK əməkdaşlarının Ali Sovetin binasında tərksilah edilməsini, çevrilişdən əvvəl nazirliyin rəhbərinin Moskvada olması,Primakovla və Rusiya xüsusi xidmət idarələrinin başqa rəhbərləri ilə danışıqlar aparmaları barədə məlumatlar vardı. Bütün bunlara baxmayaraq, həmin faktların heç biri iyoxlanılmadı, bu orqanda işləyənlər barəsində xidməti yoxlama təşkil edilmədi, çevrilişin təşkilində bilavasitə əli olan əməkdaşlar müəyyən edilərək onların hərəkətlərinə qiymət verilmədi...
AGENTURA ŞƏBƏKƏSİ MÜTLƏQ AÇILMALI İDİ
Sonda AXC hakimiyyətinin süqutu ilə nəticələnmiş çoxsaylı səhvlərdən biri agenturaya münasibət və agentura şəbəkəsinin açıqlanmaması idi. Agentura barəsində danışarkən qeyd etmək lazımdır ki, bu gün Respublikamızın ərazisində yaşayan və keçmiş DTK ilə əlaqə saxlayan agentləri bir neçə qrupa bölmək olar.
AGENTLƏR BİR NEÇƏ QRUP İDİ
Bunlardan yalnız bir qrupu Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin agentura şəbəkəsinə daxildir və onlara olan münasibət başqa cür olmalıdır. Yerdə qalan agentlər isə faktiki olaraq, xarici dövlətlərin xüsusi xidmət idarələri ilə əlaqədə olduqları üçün onların aşkarlanması Milli Təhlükəsizlik Nazirliyinin bir nömrəli vəzifəsidir. Bildiyimiz kimi, hazırda Respublikamızda faktiki müharibə vəziyyətlərində olan Ermənistandan Azərbaycana 200-300 min nəfərə yaxın qaçqın gəlmişdir. Xüsusi xidmət idarələrinin yerli millətdən olmayanlarla işə çox böyük əhəmiyyət verilməsini nəzərə alsaq, qəti surətdə qaçqınların arasında Ermənistan DTK ilə əməkdaşlıq edən şəxslərin olmasını deyə bilərik. Bəs görəsən, həmin agentlərin heç olmasa bircə nəfəri Respublika MTN-nə gələrək Ermənistan DTK ilə əməkdaşlıq etməsi barədə məlumat vermişdirmi? 

İkinci qrupa hərbi xidmət dövründə ordunun xüsusi xidmət idarələri tərəfindən əməkdaşlığa cəlb edilmiş agentlər daxildir. Hər il Respublikamızdan yüz minlərlə şəxsi ordu sıralarına çağırılmasını nəzərə alsaq, orduda nə qədər Azərbaycan vətəndaşının agent kimi cəlb olunmasını təsəvvür etmək olar. Bunun üzərinə Respublikamızın ərazisində fəaliyyət göstərən rus ordusu baş hərbi kəşfiyyat idarəsinin və ordu xüsusi xidmət idarəsinin agentlərini də gəlin. Bir şeyi də nəzərə alın ki, həmin xüsusi xidmət idarələri agent kimi hərbçilərlə yanaşı hərbi obyektlərin ətrafında və hərbçilərin yaşayış məskənlərində yaşayış məntəqələrində yaşayan mülki vətəndaşları da cəlb etmişlər.
Bunların üzərinə keçmiş SSRİ DTK-nin filialı olan Azərbaycan DTK-sında işləmiş, indi isə daimi yaşayış yerinə qayıdıb orada işləyən əməkdaşlar tərəfindən cəlb edilmiş agentləri də gəlsəniz, bizim necə bir təhlükə qarşısında olduğumuzu təsəvvür etmək çətin olmaz. Mən belə hesab edirəm ki, Respublikamızın ərazisində yaşayan, vaxtilə ittifaqa daxil olan ölkələrin xüsusi xidmət idarələri ilə əməkdaşlıq etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə qanun qəbul edilməlidir. Qanunda həmin şəxslərin könüllü olaraq bu barədə müvafiq orqanlara məlumat verdikləri halda məsuliyyətdən azad olunmaları nəzərdə tutulmalıdır.
AZƏRBAYCAN MTN-İN AGENTURA ŞƏBƏKƏSİ
Azərbaycan MTN-nin agentura şəbəkəsinə daxil olan şəxslərin aşkarlanmasına gəldikdə isə bu haqda mənim mövqeyim belə idi ki, agentura şəbəkəsi mütləq aşkarlanmalıdır. Agentura şəbəkəsinin aşkarlanması dedikdə, bəziləri kimi heç də bütün agentlərin siyahısının qəzetlərdə çap edilməsini nəzərdə tutmurdum. Bu cür hərəkətin necə nəticələr verəcəyini əvvəlcədən görmək çətindir və arzuolunmaz nəticələri istisna etmək mümkün deyil. Mənim fikrimcə, agentura şəbəkəsi Milli Məclisin yaradacağı komissiya tərəfindən öyrənilməli idi. Komissiyanın fəaliyyəti ilə əlaqədar onun üzvlərinə məlum olan məlumatların yayılmasının qarşısını alınmaq üçün onlardan iltizam alınmalı idi. Deyə bilərsiniz ki, əksər agentlərin siyahısı çap edilməyəcəksə, bəs onda onları aşkarlamaq nə üçündür? Bunun bir neçə səbəbini deyə bilərəm. Əvvəla, agentura şəbəkəsi müstəqil komissiya tərəfindən öyrənildikdən sonra dövlətimizə və hakimiyyətimizə rəhbərlik edən şəxslərin, dövlətimizi xarici dövlətlərdə təmsil edən nümayəndələrini, xalq deputatlarının, ədalət mühakiməsini həyata keçirən hakim və prokurorların, kütləvi informasıya vasitələrinin nümayəndələri, siyasi hərəkat və partiyaların liderləri, din xadimlərinin arasında indi də olan DTK agentləri aşkar ediləcək. Bu isə hər hansı bir qrupun həmin materiallardan öz məqsədləri üçün istifadə etmək ehtimalını azaldacaqdı.
Davamı olacaq...
Загрузка...
Загрузка...

Xəbər lenti