Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ə çatdı

Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ə çatdı
Загрузка...
 Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilir. Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, son məlumatlara görə, indiyə qədər olan xəstələrdən əlavə 41 nəfərdə yoluxma qeydə alınıb.
"Onlardan 8-nin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti orta ağırdır. Bu, son rəqəm deyil”, - deyə İ. Məmmədov qeyd edib.
Bundan əvvəl, karantində zonalarında 4518 nəfərin olduğu açıqlanıb. Yeni yoluxmaların müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparıldığı deyilir. Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb. Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Qərargah infeksiyanın yayılmasın yol verməmək üçün vətəndaşlardan bəzi tələblər olduğunu açıqlayıb:
Özünütəcrid tədbirlərinə uyğun davranmaq,
Yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq,
Digər şəxslərlə minimum kontaktda olmaq,
İnsanların sıx toplaşdığı yerlərə getməmək,
Mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək
Martın 24-dən elan edilən karantin rejimi şənbə günündən etibarən daha da sərləşdirilib. Hazırda Azərbaycanda koronavirusa yoluxma halları təkcə ölkəyə xaricdən gələn şəxslər arasında aşkar edilmir, həm də artıq ölkə daxilində insanların bir-birini yoluxdurması faktları aşkarlanır, qurum bəyan edib. Nazirlər Kabineti konkret şəhər və rayonların adını çəkməsə də, Azərbaycanın müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma hallarının olduğunu bildirib. Rəsmilər bildiriblər ki, azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük verilməklə məhdud çərçivədə və zəruri hallarda vətəndaşların müəyyən olunmuş qrafik çərçivəsində 14-21 gün müddətinə karantinə yerləşdirilməklə digər ölkələrdən Azərbaycana gətirilməsi davam edir. Xarici ölkələrdə qalan Azərbaycan vətəndaşlarından indiyədək təxminən 10 mininin təxliyə edildiyi deyilir.
 
 
"…Azsaylı bəzi şəxslərin, ehtiyacı olmadığı halda, təxliyədən sui-istifadə etmələri, təxliyə üçün təyyarə göndərilən zaman geri qayıtmaqdan imtina etmələri və sonradan təxliyə olunmaq üçün "xüsusi" təyyarə göndərilməsi iddiası ilə çıxış etmələri, xarici ölkələrdə COVİD-19 virusuna yoluxmuş şəxslərlə təmasları gizlətmələri, bu barədə yanlış məlumat vermələri və dövlət qurumlarının öz qanuni fəaliyyətini həyata keçirməsinə maneə olmaq və dövlətin gördüyü işlərə qarayaxma cəhdləri kimi təəssüf doğuran və məsuliyyətsiz hallar da vardır", rəsmi məlumatlarda vurğulanıb.
Hökumət koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində vətəndaşların geri qaytarılması zamanı Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin insanları qəbuletmə imkanları əsas götürüldüyünü bildirib. Bəzi ölkələrdə hələ də təxliyəsini gözləyən azərbaycanlılar var.
"Tibb işçiləri qapı-qapı gəzməyəcək"
Mart ayının ortalarında Azərbaycanda ərazi üzrə sahə həkimlərinin və ya tibb bacılarının ev-ev gəzərək qeydiyyat apardıqları və sakinlərin hərarətini ölçmələri barədə məlumatlar barədə BBC News Azərbaycancaya məlumat daxil olub.
TƏBİB-dən BBC News Azərbaycancaya bildirib ki, Azərbaycanda tibb işçiləri sakinlərin vəziyyətini telefonla yoxlayacaq. Bundan başqa, sosial mediada bəzi istifadəçilər bunun həmin işçilər üçün nə dərəcədə təhlükəsiz olmalarını sorğulayıb. TƏBİB-dən BBC News Azərbaycancaya verilən məlumata görə, həmin işçilərin təhlükəsizliyi ilə bağlı narahatlıq olmayıb. "Onların maskaları olub", qurum bildirib.
Qurum daha ətraflı məlumat veriləcəyini qeyd edib. Hər gün neçə yeni yoluxma halı var? Hər gün koronavirusa yeni yoluxanlar olur. Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir. Artıq ölkədə koronavirus təkcə təxliyə edilən şəxslərdə yox, həm də ölkə daxilində də insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. İndiyədək ölkəyə Almaniya, Fransa, Türkiyə və İrandan Azərbaycana qayıdan şəxslərdə koronavirus aşkarlanıb.
Azərbaycanda koronavirusla bağlı "sosial təcrid" tədbirləri barədə qərar qəbul edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə kütləvi tədbirlər təxirə salınıb və ya ləğv olunub. Martın 14-də Neftçi futbol klubu öz fəaliyyətinin dayandırılması barədə açıqlama verib. Müvafiq tədbirlər barədə Müdafiə nazirliyi də xəbər yayıb.
Məlumata əsasən, Müdafiə Nazirliyində keçirilən müşavirədə kütləvi tədbirlərin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə göstəriş verilib. Martın 15-dən 19-dək "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri məhdud fəaliyyət göstərəcək, xidmətin saytında bildirilir.

Xəbər lenti