Azərbaycan XİN rəhbərinin oğlu Nyu-Yorkda 4 milyon dollara iki dəbdəbəli mənzil alıb Azərbaycan XİN rəhbərinin oğlu Nyu-Yorkda 4 milyon dollara iki dəbdəbəli mənzil alıb

Azərbaycan XİN rəhbərinin oğlu Nyu-Yorkda 4 milyon dollara iki dəbdəbəli mənzil alıb
Загрузка...
2015-ci ilin əvvəlində ATƏT-in KİV azadlığı üzrə o zamankı nümayəndəsi Dunya Miyatoviç Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məktub yazaraq jurnalist Xədicə İsmayılovanın taleyilə bağlı narahatlığını bildirmişdi.
X.İsmayılova hökumət üzvlərinin korrupsiyası və kleptokratiya haqda nəşrlərinə görə həbs edilmişdi. Miyatoviç məktubda qeyd etmişdi ki, X.İsmayılovanın səhhətində ciddi problemlər var və ona peşəkar tibbi yardım lazımdır. Lakin XİN-dən bu müraciətə cavab verilməmişdi. Fevralın sonlarında Azərbaycan hakimiyyətinə ikinci məktubunda Miyatoviç X.İsmayılovanın məhkəmə prosesində iştirakına icazə verilməsini xahiş etmişdi. 

"Müstəqil mətbuat və vətəndaş cəmiyyəti nümayəndələrinin məhkəmə zalına daxil olmasından imtina olunub. Mənə də məhkəmə prosesində iştirak etməyə icazə vermədilər”, - Miyatoviç daha sonra ABŞ Konqresinin üzvlərinə məlumat vermişdi.
Miyatoviç xarici işlər naziri ilə əlaqə saxlamağa çalışanda çox az adam bilirdi ki, həmin vaxt Məmmədyarovun ailəsi Nyu-Yorkun mərkəzində -Manhettendə dəbdəbəli mənzillərin alışı ilə məşğuldur. TURAN-ın Vaşinqton müxbirinin Nyu-York Vergi Departamentinə istinadən əldə etdiyi məlumata görə, 2015-ci ilin yayında nazirin böyük oğlu Emin Məmmədyarov Manhettendə ümumilikdə 4,2 mln. ABŞ dollarından bir qədər çox nağd pul ödəməklə bir yox, iki mənzil alıb.
Bu yaxınlarda Məmmədyarovlar ailəsinin sərvəti və Manhettendə mənzillərilə bağlı jurnalist Cavanşir Həsənlinin sosial şəbəkələrdə başlatdığı diskussiyalardan sonra TURAN-ın müxbiri nazirin 31 yaşlı oğlunun əmlakı barədə daha ətraflı məlumat əldə etmək üçün Nyu-York hakimiyyətinə müraciət edib. Rəsmi cavaba görə, iyun-iyul aylarında Emin Məmmədyarov Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda iki mənzil (PH2K və PH3K) alıb. 2004-cü ildə Tramp strukturları tərəfindən inşa edilmiş bina 21 mərtəbəlidir. Binada bütün rahatlıqlar, o cümlədən qapalı hovuz, fitnes mərkəzi, sauna və cakuzi, Qudzon çayına baxan damda xüsusi abadlaşdırılmış özəl terras var. Bu, Nyu-Yorkun mərkəzi parkına yaxındır. Ötən il yerli sakinlərin qərarından sonra "Tramp-pleys” adı binanın fasadından çıxarılıb. 

Gənc Məmmədyarovun Manhettendəki bu dəbdəbəli mənzillərə görə belə böyük məbləği necə ödədiyi məlum deyil. TURAN-ın müxbiri onunla əlaqə saxlamağa, telefonla və sosial şəbəkələrdə şərh almağa çalışsa da cavab almayıb. Məmmədyarovlar ailəsi Nyu-Yorkda yeni deyil, belə ki, hazırkı XİN rəhbəri 90-cı illərin əvvəllərində BMT-də Azərbaycan missiyasında, daha sonra isə Azərbaycanın Vaşinqtondakı səfirliyində çalışıb.
Son illərdə Azərbaycan XİN korrupsiya qalmaqallarına görə tənqid olunub, nazirin özü isə yerli KİV tərəfindən səriştəsizlikdə ittiham olunub. ABŞ daşınmaz əmlak bazarı xarici kleptokratlar tərəfindən çirkli pulların yuyulması üçün sevimli yerdir. Faktiki olaraq, oğurlanmış sərvətlərin böyük hissəsi beynəlxalq kölgə bank sistemindən keçir və ABŞ bazarına daxil olur ki, bu da Qərb demokratiyası və iqtisadiyyatı üçün nəticələrə səbəb olur. 2019-cu ildə diplomatik xidmətin 100 illiyilə bağlı AzərTAC Dövlət Agentliyinə müsahibəsində demişdi:
"Düşünürəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin baniləri müasir Azərbaycanın inkişafını görə bilsəydilər, bizimlə fəxr edərdilər”. Lakin AXC banilərinin müstəqil Azərbaycanda kleptokratiyanın hərəkətlərinə reaksiyasını təsəvvür etmək çətin deyil. Yüksək vəzifəli məmurlar və onların yaxınları xaricdə azadlıq və qanunun aliliyinin hüquqi müdafiəsi üstünlüklərindən yararlana bilir, öz ölkələrində isə öz vətəndaşlarını bu hüquqlardan məhrum edirlər.  








Xəbər lenti