Azərbaycan Şuşa ətrafında həlak olan 6 hərbçisinin cəsədini götürüb

Azərbaycan Şuşa ətrafında həlak olan 6 hərbçisinin cəsədini götürüb
 "Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri də özlərinə təhvil verilib”
Şuşa ətrafında gedən döyüşlərdə həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədlərinin mübadiləsi həyata keçirilib. Noyabrın 14-də Azərbaycan Müdafiə Nazirliyinin (AMN) yaydığı məlumatda belə deyilir.
Məlumata görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədlərinin toplanılması həyata keçirilib: "Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib”.
Həmçinin bildirilir ki, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə həlak olan Azərbaycan ordusunun altı hərbi qulluqçusunun cəsədi də təhvil alınıb. Humanitar aksiya Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci il tarixli bəyanatının səkkizinci bəndinə uyğun olaraq həyata keçirilib. Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır.
Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb. Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir. Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də ağır döyüşlər başlamışdı. Döyüş əməliyyatları noyabrın 9-dək davam edib. Bu 44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Xəbər lenti