Azərbaycan müxalifətinin liderlərindən Şuşanın işğaldan azad olunması xəbərinə reaksiya

Azərbaycan müxalifətinin liderlərindən Şuşanın işğaldan azad olunması xəbərinə reaksiya
Azərbaycan müxalifətinin liderləri Şuşanın işğaldan azad olunması xəbərinə öz sosial media hesablarında münasibət bildiriblər. Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər təbrikinə "Ürəyimin mərkəzi, dünyamın mərkəzi ŞUŞA azad olundu!" cümləsi ilə başlayıb.
"Yaşa var ol, qəhrəman Azərbaycan əsgəri! Bütün xalqımızı, Ali Baş Komandan başda olmaqla Azərbaycan silahlı qüvvələrinin bütün qəhrəman heyətini təbrik edirəm!" - İsa Qəmbər yazıb.
AXCP sədri Əli Kərimli Azərbaycan xalqını təbrik edib. O, Facebook hesabında "Şuşanın işğaldan azad edildiyi rəsmən təsdiqləndi. Xalqımızın gözü aydın olsun! Eşq olsun qəhrəman Azərbaycan Ordusuna!" yazıb.
Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov Şuşa qələbəsi ilə əlaqədar Facebook hesabında Prezident İlham Əliyevə təşəkkür edib. "Bu qələbə hazırda xalq olaraq apardığımız ədalətli müharibənin zəfərlə sona çatmasında ən mühüm mərhələdir. Yumruq kimi birləşmiş Azərbaycan xalqı bütün dünyaya milli varlığını, ləyaqətini, zəkasını və qətiyyətini bir daha sübut edir. Zəfərə nail olmaqdan ötrü bundan sonra da ordumuzun rəhbərliyiniz altında düşmən ordusuna qarşı atacağı addımlarına dəstəyimizi ifadə edirik," - İlqar Məmmədov qeyd edib.

Xəbər lenti