Azərbaycan hökuməti Nərgiz Yaqublunun pulunu ödəmir

Azərbaycan hökuməti Nərgiz Yaqublunun pulunu ödəmir
Загрузка...
 Onun haqqında Avropa Məhkəməsinin qərarı üç ildir ki, icra olunmur
Azərbaycanda ictimai-siyasi fəallığıyla fərqlənən Yaqublular ailəsinin qız övladı Nərgiz Yaqublunun ölümündən 5 il keçir. Gənc yaşlarından ictimai-siyasi proseslərin fəal iştirakçılarından olmuş Nərgiz 2015-ci il aprelin 23-də vəfat edəndə də atası Tofiq Yaqublu həbsdə idi. Bu gün də həbsdədir...
Nərgiz mitinqlərdə, etiraz aksiyalarında iştirakına görə dəfələrlə təzyiqlərə məruz qalmışdı. Bu hüquq pozuntularından biri 2013-cü ildə prezident seçkisi öncəsi Sabirabadda baş vermişdi. O zaman prezidentliyə namizəd olan Milli Şuranın sədri Cəmil Həsənlinin Sabirabadda yerli əhali ilə görüşü zamanı insident baş vermişdi. C.Həsənli və tərəfdarları, eləcə də hadisə yerində olan jurnalistlər hücuma məruz qalmışdı.
Həmin vaxt ziyan görənlərdən biri də Nərgiz Yaqublu idi... N.Yaqublunun həm özü xəsarət almış, həm də telefonu sındırılmışdı. Gənc fəalın bununla bağlı şikayətlərini yerli məhkəmələr təmin etmədiyindən o, Avropa Məhkəməsində üz tutmuşdu. Lakin Avropa Məhkəməsi onun ərizəsi üzrə qərarını Nərgizin ölümündən iki il sonra – 29 iyun 2017-ci ildə verdi.
Avropa Məhkəməsi N.Yaqublunun Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (sərbəst toplaşma azadlığı) maddələrində nəzərdə tutulan hüquq və azadlıqlarının pozulduğunu təsdiqlədi. Bu pozuntulara görə Azərbaycan hökumətinin üzərinə ona mənəvi ziyana görə 6000, maddi ziyana görə isə 473 avro kompensasiya ödəmək öhdəliyi qoyub. Avropa Məhkəməsinin qərarı 3 ay sonra qüvvəyə minir. Bundan sonrakı növbəti üç ay ərzində isə dövlət qərarı icra etməlidir.
Bacısı Nigar Həzi Meydan TV-yə danışır ki, N.Yaqublunun işi üzrə çıxarılmış qərar bu günə qədər icra olunmayıb. N.Həzinin sözlərinə görə, bacısının hüquqi varisi qismində o tanınıb. Avropa Məhkəməsinin təyin etdiyi kompensasiyanın ödənilməsi üçün bank hesabı da açıb: "Bu yaxınlarda hesabı yoxladım, kompensasiya ödənilməyib. Mən bir il əvvəl bu haqda Azərbaycanın Avropa Məhkəməsi yanında nümayəndəsi Çingiz Əsgərovla da danışmışdım. Elə danışdı ki, sanki kompensasiyaların ödənməməsindən xəbəri yoxmuş. Hətta təəccüblə soruşdu ki, "sizinki ödənməyib?” Dedi ki, yaxın vaxtlarda ödəniləcək. Bir il keçib, ödənilməyib”. N.Həzi onu da əlavə edib ki, Avropa Məhkəməsinin qərarının icra olunmamasıyla əlaqədar dəfələrlə Prezident Administrasiyasına, Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinə məktublar göndərib. Amma bu şikayətlər hələ ki, nəticəsiz qalıb. Azərbaycan rəsmiləri isə Avropa Məhkəməsinin qərarlarının icrasıyla bağlı problem olmadığını iddia edir. 1989-cu il təvəllüdlü N.Yaqublu 2015-ci il aprelin 23-də Rusiyanın Tomsk şəhərində xəstəxanada vəfat edib.

Xəbər lenti