AZAL prezidentinin xanımına göndərilən mənfəət ona çatmayıb?

AZAL prezidentinin xanımına göndərilən mənfəət ona çatmayıb?
Zərifə Həmzəyevanın nümayəndəsi olmuş Fuad Əliyevin məhkəmədə dindirilməsi tələb olunur
"Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanı əvvəlcə şərik, 2017-ci ildən isə tam sahib olduğu "İdeal Company”də təmsil edən nümayəndəsi Fuad Əliyevin məhkəmədə dindirilməsi tələb olunur.
"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılov və vəkilləri məhkəmədə bu barədə vəsatət qaldırıb. "Mənə bildirilir ki, şirkətdə şərik olduğumuz dövrdə digər təsisçi Zərifə Həmzəyevaya mənfəət çatdırılmayıb. Amma belə deyil. Mənfəətlər nümayəndəsi Fuad Əliyev vasitəsilə Həmzəyevaya göndərilib. Bunu Fuad Əliyev də təsdiqləyə bilər. Mənim xeyrimə ifadə verəcək bu şahidin çağırılıb dindirilməsi haqda bundan əvvəl də vəsatət vermişdik, təəssüf ki, təmin olunmamışdı. Bu, mənim ədalətli məhkəmə araşdırması hüququmu pozur. Ona görə də Fuad Əliyevin məhkəməyə çağırılıb dindirilməsini israrla xahiş edirəm”, – İlqar İsmayılov bildirib.
İlqar İsmayılov haqqında cinayət işinin materiallarına içində "İdeal”ın kassa əməliyyatları haqda məlumat olan yaddaş kartı əlavə edilib. Vəkillər həmin flaşkarta baxış keçirilməsini istəyib. Müdafiəçilər Rəşad Əliyev və İlhamə Həsənova deyir ki, oradakı məlumatlar tədqiq olunsa, İlqar İsmayılovun 2013-2014-cü illərdə "İdeal”dan pul mənimsəmədiyi, əksinə, şirkətin kassasına kifayət qədər vəsait köçürdüyü sübuta yetər:
"İlqar İsmayılov tərəfindən "İdeal Company”nin kassasına 18 mart 2014-cü ildə 1 milyon 13 min 528 manat, 2 aprel 2014-cü ildə 1 milyon 13 min 526 manat, 22 oktyabr 2014-cü ildə 1 milyon 500 min, 1 yanvar 2013-cü ildə 939 min 800 dollar vəsait mədaxil edildiyini təsdiqləyən mötəbər sübutlar var. Məhkəmədə dindirilən şahid – şirkətin mühasibi olmuş Samirə Quliyeva və şirkətin maliyyə məsələləri üzrə səlahiyyətli şəxsi – inkassator Həbib Qarayev də həmin məbləğlərin İlqar İsmayılovun adından "İdeal Company”nin kassasına köçürüldüyünü təsdiqləyib. İlqar İsmayılov "İdeal”dan 680 min manat mənimsəməkdə ittiham olunur. Lakin təqdim edilən sənədlərdən görünür ki, əksinə, İlqar İsmayılov tərəfindən milyonlarla vəsait şirkətə mədaxil olunub”.
Məhkəmə yaddaş kartına baxış keçirilməsi barədə vəsatəti təmin edib. Növbəti məhkəmə iclasında yaddaş kartındakı kassa məlumatları araşdırılacaq. İlqar İsmayılova qarşı ittihama əsasən, o, "İdeal Company” MMC-dən mənimsədiyi vəsaitin bir hissəsinə "Şəhər bağları”nda mənzil alıb. İddia olunur ki, şirkətin kassasında 280 min manat bu məqsədlə məxaric olunub.
Vəkil bildirib ki, bu ittiham da tam əsassızdır, Müdafiəçinin sözlərinə görə, həmin məbləğ "İdeal Company” üçün icarə haqqı ödənilməsi məqsədilə kassadan çıxarılıb: "Ev alqı-satqısını həyata keçirmiş şəxslər arasında razılaşmanı da məhkəməyə təqdim etmişik. Sənəddə göstərilib ki, həmin mənzil İlqar İsmayılov tərəfindən 280 min manata yox, 1 milyon manata alınıb və vəsait tam şəkildə mənzilin sahibinə ödənilib”. Vəkil sözügedən razılaşma sənədini imzalamış şəxslərin məhkəməyə çağırılıb dindirilməsi haqda da vəsatət qaldırıb. Bu vəsatətin müzakirəsi isə noyabrın 1-də keçiriləcək növbəti məhkəmə iclasına saxlanılıb.
İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir. İş adamı bildirib ki, "İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb.
Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib. İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir. O, həbsindən bir neçə gün əvvəl "Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi "İdeal KCompany”nin direktoru təyin etmək məcburiyyətində qalıb. Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb. "İdeal”ın idarəçiləri 2020-ci ildə "Sabina” mağazalar şəbəkəsini də alıb.
Bu iki şirkət "Adore Company”ə daxil edilib. "Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib. AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva "Premium Bank”ın da əsas səhmdarı, "Gazelli Group”un da rəhbəridir.

Xəbər lenti