“Azadlıq” qəzetinin əməkdaşı cinayət məsuliyyətinə cəlb edilə bilər

“Azadlıq” qəzetinin əməkdaşı cinayət məsuliyyətinə cəlb edilə bilər
Təzəxan Mirələmli polis idarəsinə çağırılıb
"Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli cinayət məsuliyyətinə cəlb edilmək təhlükəsilə üzləşdiyini deyir. Bu barədə Meydan TV-yə danışan jurnalistin sözlərinə görə, aprelin 13-də onu Xətai Rayon Polis İdarəsinə çağırıblar. Həm də vəkillə birlikdə gəlməsini istəyiblər.
Sosial şəbəkələrdə hökumətin müdafiəsinə dair paylaşımlar, aksiyalarda çıxışlar edən Ata Abdullayevin şikayəti əsasında cinayət işi başlanıb.
Təzəxan Mirələmli də həmin cinayət işi üzrə bir ay əvvəl – martın 14-də də polis idarəsinə çağırılıb dindirilmişdi. Jurnalistin sözlərinə görə, bu dəfə onunla əlaqə saxlayıb, idarəyə çağıran müstəntiq əvvəlki deyil: "Bu işdə artıq iki təhqiqatçı, iki müstəntiq oldu. Bu dəfə zəng eləyən müstəntiq dedi ki, müqavilə ilə vəkilim varsa, onunla gəlim. Yəqin təqsirləndirilən şəxs qismində cəlb edirlər...”
Cinayət işi Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə başlanıb. Bu barədə qərarda yazılıb ki, fevralın 26-da Xocalı prospektində "Ana harayı” abidəsinin qarşısında Ata Abdullayevin sifətinə vurulub, çənəsi sıyrılıb, qançır olub. Ata Abdullayevə sağlamlığa zərər vurmayan xəsarət yetirməklə, xuliqanlıq edildiyi iddia olunur.
T.Mirələmli özünü təqsirli bilmir: "Ata Abdullayev həmişəki kimi, ora da təxribat məqsədilə gəlmişdi...”
Cinayət Məcəlləsinin 221.1 maddəsində 1000 manatdan 3000 manata qədər cərimə, 1 ilə qədər islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması, yaxud da 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. T.Mirələmli eyni zamanda Azərbaycan Xalq Cəbhəsi Partiyasının da üzvüdür. O, bundan öncə də mitinq və aksiyalarda iştirakına görə inzibati həbs cəzası alıb, döyülüb, Cəlilabad rayonunda riyaziyyat müəllimi işlədiyi məktəbdən çıxarılıb.

Xəbər lenti