"Cinayətkardırsa, niyə məclis xərclərini üzərinizə götürürsünüz?"

Загрузка...
Gəncə hadisələrinə görə həbs edilən Aydın Qurbanovun istintaq zamanı Müalicə Müəssisəsində ölməsi ilə bağlı rəsmi açıqlama verilib. Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən Criminal.az-a daxil olan birgə açıqlamada qeyd edilib ki, ayrı-ayrı dövrlərdə silah işlətməklə quldurluq, yaşayış sahəsinə girməklə oğurluq, xuliqanlıq, fahişəliyə cəlb etmə əməllərinə görə Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsi, 207.1-ci maddəsi, 243.1-ci maddələri ilə 3 dəfə məhkum olunmuş 1967-ci il təvəllüdlü Qurbanov Aydın Fərhad oğlunun 3 iyul 2018-ci il tarixdə mütəşəkkil dəstə tərkibində birləşərək Gəncə şəhərində baş vermiş terror aktı, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair dövləti cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, 30 iyul 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin istintaq təcridxanasına yerləşdirilib.
İstintaq zamanı A.Qurbanovun bacısı oğlu Hamlet Abdullayevin ifadəsi əsasında A.Qurbanovun yaşadığı evdə məhkəmənin qərarı ilə axtarış aparılıbr. Axtarış zamanı evin çardağından sonuncunun ayrı-ayrı cinayətlərdə istifadə etdiyi 1 ədəd "Kalaşnikov” konstruksiyalı avtomat silahı, 1 ədəd "Makarov” markalı, 1 ədəd "Marqolin” markalı tapançalar, 508 ədəd avtomat və tapança patronları, 9 ədəd sandıqça və sair döyüş sursatı hal şahidlərinin iştirakı ilə videoçəkiliş aparılmaqla aşkar edilərək maddi sübut kimi götürülüb.
A.Qurbanov xəstəliyi ilə əlaqədar 15 mart 2019-cu il tarixdə Penitensiar xidmətin Müalicə müəssisəsinə köçürülüb və orada intensiv müalicəsi aparılmasına baxmayaraq iyulun 9-da vəfat edib. A.Qurbanovun həyat yoldaşı və müdafiəçisinin müraciətləri ilə əlaqədar A.Qurbanovun barəsində 31 may 2019-cu il tarixdə məhkəmə-tibb ekspertizası təyin olunub və onun saxlanıldığı şəraitdə həkimlərin nəzarəti altında müalicəsinin davam etdirilməsinin mümkünlüyü barədə rəy verilib. Bəzi kütləvi informasiya vasitələrində A.Qurbanova guya işgəncə verilməsi nəticəsində vəfat etməsi barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.
İstintaq təcridxanasında və müalicə müəssisəsində olduğu dövrdə ona işgəncələr verilməsi ilə əlaqədar özü və ya qohumları tərəfindən hər hansı müraciət daxil olmayıb, eləcə də müalicə aldığı dövrlərdə müayinə zamanı və vəfat etdikdən sonra meyitə baxış keçirilərkən bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib.
Mərhumun həyat yoldaşı Məhbubə Məmmədova yerli mətbuata açıqlamasında onun günahsız olduğunu bildirib.
N.Cəfəroğlu: «Ağır xəstə olan bütün məhbuslar buraxılmalıdır»
«Biz dəfələrlə müraciət etmişik ki, Penitensiar Xidmət sistemində ağır xəstə olan məhbuslar, ya istintaq altında olan müttəhimlər evlərinə, ailələrinin yanına buraxılsın». Hüquq müdafiəçisi Novella Cəfəroğlu ağır xəstə olan, həkimlərin bədbin diaqnozuna baxmayaraq, evinə buraxılmayan, ömrünü Penitensiar Xidmətin müalicə müəssisəsində başa vuran Aydın Qurbanovdan danışarkən deyir.
Onun sözlərinə görə, belə ağır xəstə olan şəxslərə sərt münasibət bəsləməyin sonu yoxdur. «Yenə də o fikirdə qalıram ki, ağır xəstə olan məhbus və müttəhimlər buraxılmalıdırlar. Əgər qanunvericilik bunu nəzərdə tutmursa, ölkə qanunvericiləri bunu qanuniləşdirə bilərlər», - N.Cəfəroğlu bildirir.
O.Gülalıyev: «Bu, işgəncələrin, qeyri-insani rəftarın nəticəsidir»
«Gəncə hadisələri ilə bağlı həbs edilmiş Aydın Qurbanovun səhhətinin ağır olması barədə ailəsindən xəbərlər alırdıq. Hətta bununla bağlı bu hadisədən xeyli əvvəl Penitensiar Xidmətə müraciət etmişdik». Gəncə hadisələri ilə bağlı məhkəmə prosesi və saxlananların aqibətini yaxından izləyən hüquq müdafiəçisi Oktay Gülalıyev belə söyləyir.
«Verilən işgəncələr, qeyri-insani rəftar, insanlara divan tutulması bu nəticəyə gətirib. Biz prezidentə də A.Qurbanovun sağlıq durumunun ağır, ölüm ayağında olduğu barədə müraciət etmişdik. Bu şəxs ömrünün, heç olmasa, son günlərini ailəsinin yanında olması üçün sərbəst buraxıla bilərdi. Amma təəssüf ki, buna da əhəmiyyət verilmədi. Bir tərəfdən insan əsassız, səbəbsiz həbs olunur, ağır işgəncələrə məruz qoyulur, digər tərəfdən ölüm ayağında doğmalarının, yaxınlarının yanında dünyadan köçməsinə icazə vermirlər. Heç cür anlamaq olmur ki, bu qədər kin, qəzəb haradan qaynaqlanır, lap günahkar olsa belə, vətəndaşa belə münasibət nədən yaranır?», - deyə hüquq müdafiəçisi vurğulayır.
Hüquq müdafiəçisi bu ölümlərə görə məsuliyyətin hakimiyyətin üzərinə düşdüyünü bildirir və hesab edir ki, bütünlükdə bu hadisələrə, bu hadisələrdə həbs olunan insanlarla bağlı cinayət işinə yenidən baxılmalıdır:
«Hesab edirəm ki, bu hadisələrdə həbs edilənlərin çoxu hər hansı cinayət törətməyib, sadəcə cəmiyyətdə xof yaratmaq üçün belə zorakılıqlara məruz qoyulublar. Həm də düşünürəm ki, bu hadisələrdə insanlara işgəncə verən şəxslər barədə ayrıca cinayət işi başlamalıdır».
Hələlik rəsmi qurumlar bu tənqidlərə münasibət bildirməyiblər.
Rəsmi məlumata görә, Yunis Səfərov adlı şəxs 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşı Qasım Aşbazova atəş açıb. İyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş zamanı iki polis əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb. Hüquq-mühafizə orqanları hər iki hadisəni radikal dini yönümlü şəxslərin törətdiyi terror aktı olduğunu bildiriblər. Gəncə hadisələri ilə bağlı təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, ən az 5 nəfər əməliyyatlar zamanı öldürülüb. Gəncə hadisәlәrinә görә təqsirləndirilənlərin çoxu özünü günahkar saymayıb, onlar istintaq zamanı işgәncәlәrә məruz qaldıqlarını bildiriblәr. «Gəncə işi» üzrə dörd qrupun məhkəməsi başa çatıb, həmin şəxslər 5-9 il həbs cəzası alıblar. Y.Səfərov daxil olmaqla iki qrupun məhkəməsi hələlik başlamayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti