AXCP üzvünün cəza müddəti artırıldı

AXCP üzvünün cəza müddəti artırıldı
Загрузка...
 Nicat Nizamov daha 15 gün həbsdə qaldı
Oktyabrın 29-da Bakı Apelyasiya Məhkəməsində AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Nicat Nizamovun cəzasının artırılması məsələsinə baxılıb. O, bir gün sonra - oktyabrın 30-da azadlığa çıxmalıydı. Amma məhkəmə Suraxanı Rayon Polis İdarəsinin rəisi Namiq Həsənov apelyasiya şikayəti əsasında onun cəzasını artırıb. Hakim Qədim Babayevin sədrliyilə keçirilən məhkəmədə elan edilib ki, polis rəisi Suraxanı Rayon Məhkəməsinin N.Nizamova verdiyi cəzanı yüngül sayıb.
Məhkəmənin 15 oktyabr 2019-cu il tarixli qərarına əsasən, N.Nizamov İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə - küçədə söyüş söyməkdə, onu intizama dəvət edən polislərin tələbinə tabe olmamaqda təqsirli bilinib və ona 15 sutka inzibati həbs cəzası kəsilib. Məhkəmədə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşı Cahangir Qasımov rəisinin şikayətini müdafiə edib.
N.Nizamovun vəkili Cavad Cavadov isə deyib ki, bu şikayət də, müvəkkili haqqında əvvəlki məhkəmə qərarı da qanunsuzdur: "Hüquqlarını müdafiə etdiyim şəxs, ümumiyyətlə, qanunsuz tutulub. Səbəb də onun siyasi fəaliyyətidir. Bu şikayətin tələsik hazırlanıb verilməsi, bir günün içində məhkəmənin təyin edilməsi, iş vaxtı başa çatmasına baxmayaraq, prosesin keçirilməsi təsadüf deyil. Görünən budur ki, məqsəd noyabrın 2-nə təyin edilmiş mitinqdə iştirakın qarşısını almaqdır. Bu şikayət təkcə Nicat Nizamovla bağlı olsaydı, bəlkə başa düşmək olardı. Amma bu məhkəmədən yarım saat əvvəl başqa zalda AXCP-nin daha bir funksionerilə bağlı eyni məzmunlu şikayətə baxıldı və cəzası artırıldı. Məqsəd, məram bəllidir, nə demək olar? Sağ olsunlar, bizi təəccübləndirə bilirlər".
C.Cavadov onu da əlavə edib ki, bu şikayətlə polis rəisi səlahiyyət həddini aşıb. Vəkil bildirib ki, polis rəisinin məhkəmənin verdiyi cəzaya qarışmaq səlahiyyəti yoxdur. N.Nizamov da vurğulayıb ki, şikayətin məqsədi onun 2 noyabra təyin edilən mitinqdə iştirakının qarşısını almaqdır. Hakim Qədim Babayev iki dəqiqəlik müşavirədən sonra polis rəisinin apelyasiya şikayətinin təmin olunduğunu, cəzanın 15 gündən 30 günə qaldırıldığını elan edib.
Загрузка...
Загрузка...

Xəbər lenti