“AXCP üzvünə qarşı yalan ifadə vermədiyinə görə həyatını məhv edirlər”

“AXCP üzvünə qarşı yalan ifadə vermədiyinə görə həyatını məhv edirlər”
Yaxınları: "O döyülüb, ailə üzvlərilə şantaj olunub”
Həbsdə olan ictimai fəal Laçın Vəliyevin yaxınları onun Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanovun əleyhinə ifadə verməkdən imtina etdiyinə görə cəzalandırıldığını deyir. Laçın Vəliyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.
O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Yaxınları isə narkotik ittihamının saxta olduğunu, onun şərləndiyini bildirir: "Onu Qarabağa dəstək yürüşü işində çağırıb dindirmişdilər, Bəxtiyar İmanovun əleyhinə ifadə almaq istəmişdilər. O isə necə var, düzünü danışmışdı. O işin məhkəməsi başlayandan sonra yenə çağırıb hədələmişdilər ki, məhkəmədə Bəxtiyarın üzünə dayansın, o yürüşə onun göstərişilə getdiyini desin. Amma o, yenə imtina edib. Bundan sonra martın 11-də onu "bandotdel”in (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) əməkdaşları saxladı. Daxili İşlər Nazirliyi də açıqlama yaydı ki, guya ondan şikayətlər var, dələduzluğa görə saxlanılıb. Halbuki, onun üzünə dayandırmaq istədikləri adamların özlərinin Laçına borcu vardı. Gördülər ki, dələduzluq ittihamını sübut edə bilməyəcəklər, buraxılar. On gün sonra narkotik ittihamıyla yenidən həbs elədilər”.
Yaxınlarının dediyinə görə, Laçın Vəliyev polis idarəsində fiziki və psixoloji işgəncəyə məruz qalıb: "O döyülüb, ailə üzvlərilə şantaj olunub”. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Laçın Vəliyevə böhtan atılması haqda iddialar əsassızdır. Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyevin sözlərinə görə, onun özü də ifadəsində cinayəti etiraf edib. Laçın Vəliyev aprelin 5-də Bakı İstintaq Təcridxanasında vəkili Nemət Kərimli ilə görüşüb. O, vəkilinə də ittihamın saxta olduğunu deyib. Bildirib ki, onu təzyiq altında etirafedici ifadəyə imza atmağa məcbur ediblər.
AXCP-dən Meydan TV-yə bildirilib ki, Laçın Vəliyev partiyanın rəsmi üzvü deyil, təəssübkeşdir. O, həbsindən əvvəl xəbər verib ki, Bəxtiyar İmanovun əleyhinə yalan ifadə vermək tələb olunur, buna görə hədələnir: "AXCP funksionerinin əleyhinə yalan ifadə vermədiyinə görə adamın həyatını məhv edirlər”.
Cinayət işinin materiallarında iddia olunur ki, Laçın Vəliyevdən 4,7 qram metamfetamin, 6,4 qram heroin aşkarlanıb. İctimai fəalın ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xəbər lenti