AXCP üzvü qoyun otararkən saxlanılıb

AXCP üzvü qoyun otararkən saxlanılıb
Загрузка...
 Qaçay Qafarovun polisləri tənqid etdiyi üçün saxlandığı bildirilir
İyulun 4-də, günün ikinci yarısında AXCP Göyçay rayon təşkilatının üzvü Qaçay Qafarov saxlanılıb. Səbəb kimi onun iyulun 2-də "Facebook" səhifəsində polislər haqqında tənqidi status yazmasıdır. Qaçay Qafarovun atası Alışan Qafarov Müsavat Partiyası Göyçay rayon təşkilatının Şura üzvüdür. Məlumatı Meydan TV-yə Müsavat Partiyasının rayon təşkilatından Namiq Hacibeyli verib.
Namiq Hacıbəylinin sözlərinə görə, polislər Qaçay Qafaqovu Yalman kəndində qoyun otararkən aparıb və ailəsinə heç bir izahat verməyib: "Sonradan öyrəndik ki, polis barədə tənqid yazdığına görə saxlayıblar”.
O, rayon məhkəməsinin iyulun 6-da Qaçay Qafarov haqqında qərar verəcəyini bildirib. Qaçay Qafarovun atası Alışan Qafarov Meydan TV-yə oğlunun saxlanıldığını təsdiqləyib. O, oğlunun kənddə qoyun otararkən 4 nəfər mülki geyimli şəxs tərəfindən aparıldığını söyləyib: "Biz polis şöbəsinə getdik. Əvvəlcə heç nə demədilər. Sonradan növbətçi mayor Zeynalov oğlumun "Facebook"-da yazdığı statusa görə saxlanıldığını və sabah məhkəməyə aparılacağını söylədi”.
Alışan Qafarov oğlu Qaçay Qafarovun AXCP üzvü olduğunu da deyib. Həftəsonu olduğundan Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xəbər lenti