AXCP üzvü 25 sutka həbs cəzası aldı

AXCP üzvü 25 sutka həbs cəzası aldı
 "Son zamanlar bu istiqamətdə inzibati həbslər artmaqdadır”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi rayon təşkilatının üzvü Ramiz Cəfərov həbs olunub. Noyabrın 3-də Sabunçu Rayon Məhkəməsində onun haqqında 25 sutkalıq inzibati həbs qərarı çıxarılıb. Bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətindən məlumat verilib. Cəbhəçi gənc polisin qanuni tələbinə tabe olmamaq ittihamıyla cəzalandırılsa da, üzvü olduğu partiya bu ittihamın saxta olduğunu bəyan edib.
"Ramiz Cəfərovu noyabrın 3-də səhər saatlarında polislər yaşadığl evdən götürüblər. Onu Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə aparıblar. Saxlanmasının səbəbi barədə ailəsinə də heç nə deməyiblər. Sonradan xəbər tutublar ki, onu məhkəməyə aparıb, orada hakimdən onun haqqında 25 sutkalıq həbs qərarı alıblar”, – partiyadan bildirilib.
AXCP bəyan edib ki, Ramiz Cəfərovun cəzalandırılmasının səbəbi onun sosial şəbəkələrdəki fəallığıyla bağlıdır: "Son zamanlar bu istiqamətdə inzibati həbslər artmaqdadır. Bu da hökumətin fərqli yanaşmaya, tənqidi fikrə, ifadə azadlığına dözümsüzlüyünü sübut edir”.
Ramiz Cəfərov haqqında həbs qərarından apelyasiya şikayəti veriləcək. Hazırda AXCP-nin on nəfərə yaxın fəalı həbsdədir. Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi mənsubiyyətinə görə təqib olunmadığını bildirir.

Xəbər lenti