AXCP-nin daha bir üzvü polisə müqavimət ittihamıyla həbs edildi

AXCP-nin daha bir üzvü polisə müqavimət ittihamıyla həbs edildi
Загрузка...
 Vüqar Əbilov 20 sutka həbs cəzası aldı
AXCP-nin daha bir üzvü Vüqar Əbilov da həbs olunub. Abşeron Rayon Məhkəməsinin qərarıyla ona 20 sutka inzibati həbs cəzası verilib. Bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, V.Əbilov İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə cəzalandırılıb:
"Həyat yoldaşının bildirdiyinə görə, Vüqar Əbilov aprelin 16-da polisə çağrılıb. O da gedib. Sonradan məlum olub ki, idarədə onun haqqında guya polisə müqavimət göstərməsi barədə inzibati xəta protokolu tərtib edib, məhkəməyə aparıblar. Məhkəmə də 20 sutka həbs qərarı çıxarıb”.
AXCP-nin Abşeron şöbəsinin üzvü olan V.Əbilovun həbsi ilə təkcə son on gündə polisə müqavimət və karantin rejimini pozma ittihamlarıyla həbs olunan cəbhəçilərin sayı 6-ya çatıb. Onlardan 5-nə 30 sutka həbs cəzası verilib. Həbs edilənlər arasında AXCP sədrinin köməkçisi Faiq Əmirli, ictimai əsaslarla mühafizəçiləri Ruslan Əmirov və Niyaməddin Əhmədov, gənc fəallar Baba Süleymanov, Nicat Abdullazadə də var.
AXCP sədri Əli Kərimli aprelin 17-də rəhbərlik etdiyi təşkilatın üzvlərinin həbsinə münasibət bildirib: "İlham Əliyev hakimiyyəti məsuliyyət hissini tamamilə itirib. Dünyanın, Azərbaycan ictimaiyyətinin bu qədər tənə və tənqidi qarşısında repressiyanı davam etdirir. Bir çox ölkədə koronavirus pandemiyasına görə dustaqlar böyük sayda azad edilir, İlham Əliyev hökuməti isə bu vəziyyəti müxalifətçilərin həbsi üçün fürsət bilir, dustaqları azad etmək əvəzinə həbsxanaları doldurur”.
Daxili İşlər Nazirliyi isə bu həbslərin müxalifətə qarşı repressiya kimi qiymətləndirilməsini "obyektivlikdən uzaq, dezinformasiya və cəmiyyəti çaşdırmaq cəhdi” adlandırıb.

Xəbər lenti