AXCP işi: 'Fikirləşdim ki, yardım etdiyimə görə mənə də nəsə eləyərlər...'

AXCP işi: 'Fikirləşdim ki, yardım etdiyimə görə mənə də nəsə eləyərlər...'
Загрузка...
«15 min rubla görə başqa ölkənin vətəndaşını çağırıb sorğu-sual eləmək Azərbaycandakı vəziyyəti göstərir», – Gədəbəyin keçmiş icra başçısı, AXCP-yə və onun sədri Əli Kərimliyə pul göndərməkdə suçlanan Saleh Rüstəmov məhkəmədə deyib.
S.Rüstəmov qardaşı oğlu Vidadi Rüstəmli, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Nərimanov rayon şöbəsinin sədr əvəzi Babək Həsənov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Yanvarın 29-da məhkəmədə məlum olub ki, Rusiyada çalışan və məhbuslara yardım edən şəxsləri də istintaqa cəlb ediblər. Onlardan üçünü – Elçin Əsgərbəyli, Cavid Məsimli və Cavanşir Abışovu məhkəmədə şahid qismində dindiriblər.
Sankt-Peterburqda yaşadığını deyən E.Əsgərbəyli deyib ki, öncədən tanıdığı Zaur onu kafedə A.Məhərrəmovla tanış edib.
Söhbət əsnasında Aqil vəziyyətin çətinliyindən gileylənib: «Dedi ki, ailələrimiz çətinliklə dolanır, türmədə məhbuslarımız var. İmkan daxilində yardım istədi». E.Əsgərbəyli bildirib ki, yardım etməyə razılaşandan sonra A.Məhərrəmov ona «Sberbank»dakı hesabı deyib, o da həmin hesaba 15 min rubl (təxminən 220 dollar) pul köçürüb: «Bunlar tutulandan sonra iyun ayında dedilər ki, həmin pullar Əli Kərimliyə göndərilib».
Şahid C.Məsimli bildirib ki, Aqillə Facebook-dan dostlaşıb. Söhbət əsnasında Aqil siyasi məhbus ailələri üçün yardım istəyib. O da 3 min rubl (təxminən 50 dollar) yardım edib. C.Məsimli də həmin pulu bank hesabına köçürüb: «Yadımdadır, Ramazan ayı idi, ona görə də bayram ərəfəsində yardım olaraq göndərdim».
Şahid deyir ki, may ayında Aqilgilin həbsindən sonra qorxuya düşüb, Facebook-dan da çıxıb: «Fikirləşdim ki, yardım etdiyimə görə mənə də nəsə eləyərlər».
C.Abışov isə deyir ki, Moskvada bazarda azərbaycanlılardan məhbus Orxan Zeynalova yardım məqsədilə pul toplandığını eşidib. O da kömək məqsədilə 5 min rubl (təxminən 75 dollar) pul köçürüb: «Sonra bildim ki, pul Azərbaycanda müxalifətə göndərilib».
«O kağızları mənə işgəncə altında yazdırdılar» Daha bir şahid Tural Mehdixanov Bakıda Rusiyadan göndərilən pulların çatdırılmasıyla məşğul olub. Deyir ki, Rusiyada yaşayan dayısı ona Whatsapp vasitəsilə kimə nə qədər çatacağı haqda yazır, o da həmin məbləğləri çatdırırdı. Çatdırdığı pulları Bakıda kimdən götürməsinə gəlincə, bildirir ki, o adamları tanımırdı. Amma tanımadığı adamlardan 100-200 min pul alırdı... Deyib, Moskvadan S.Rüstəmovun bacısı oğluna göndərdiyi pulu bir neçə dəfə Vidadiyə çatdırıb: «Mən bilmirdim ki, Vidadi belə işlərlə məşğuldur. Bilsəydim ki, o pullar dövlətimizin sabitliyini pozmağa xərclənəcək, heç çatdırmazdım...».
T.Mehdixanov vəkillərin suallarına cavab olaraq təsdiqləyib ki, qeyri-rəsmi pul köçürmələriylə məşğul olublar, bunun da qanunsuz əməl olduğunu bilir. «Hörmətli məhkəmə, qanunsuz sahibkarlıqla məşğul olan bu adam özüdür, amma bu ittihamı Saleh Rüstəmov və digərlərinə veriblər. Niyə bu adam cinayət məsuliyyətinə cəlb olunmayıb? Bu adamın istintaqla razılaşması və təqsirləndirilən şəxslərin əleyhinə ifadə verməklə məsuliyyətdən yayındırılmasına ciddi şübhələrimiz var», – vəkil Cavad Cavadov bildirib. Prokuror deyib ki, qanunsuz pul köçürmələriylə bağlı cinayət işi ayrılıb. Vəkillər isə cavabında deyib ki, cinayət işinin ayrılması formal ola bilər, əsas nəticədir, o da yoxdur.
T.Mehdixanov iddia edib ki, V.Rüstəmliyə bir dəfə 175 min 500 dollar, iki dəfə də 4 min dollar pul çatdırıb, hamısında da qəbz alıb. V.Rüstəmli bildirib ki, düzdür, bu adamdan bir dəfə 175 min 500 dollar götürüb. O da 2010-2016-cı illərdə Rusiyada işləyib qazandığı pul olub, şəriki göndərib. Həmin vəsait də AXCP-yə çatdırılmayıb, özünə Yasamalda 272 kvadratmetrlik mənzil alıb, təmir etdirib: «Bundan başqa, təxminən üç dəfə də ondan pul götürmüşəm. Hər dəfəsində 300, 500 və 1000 dollar olub. Yalandır, o, mənə qəbz yazdırıb-eləməyib. O kağızları mənə işgəncə altında «banditizm»də yazdırdılar». Məhkəmə yanvarın 30-da davam edəcək.
Xatırlatma
AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri R.Nəsirov və Nərimanov şöbəsinin sədri B.Həsənov mayın 25-də saxlanıblar. Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı S.Rüstəmov isə daha əvvəl həbs edilmişdi. Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.
Həmin açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.
İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələriylə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər. AXCP sədri Əli Kərimli ittihamı rədd edərək «qurama iş» adlandırıb. Bildirib ki, S.Rüstəmov ilə uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.
Загрузка...
Загрузка...

Xəbər lenti