AXCP funksioneri Kürdəxanı təcridxanasını məhkəməyə verib

AXCP funksioneri Kürdəxanı təcridxanasını məhkəməyə verib
Загрузка...
 AXCP Gənclər Komitəsi Məclisinin həbsdə olan sədri Ruslan Nəsirlinin vəkili onun saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasını məhkəməyə verib. Bu haqda AzadlıqRadiosuna R.Nəsirlinin ailə üzvləri məlumat verərək bildirib ki, iddia ərizəsi avqustun 9-da ərazi üzrə Sabunçu Rayon Məhkəməsinə (təcridxana Kürdəxanı qəsəbəsində yerləşir) təqdim olunub. Səbəb isə R.Nəsirlinin həbsdə olduğu üç aya yaxın müddətdə onun ailə üzvləriylə telefon danışıqlarına və görüşlərinə qadağa qoyulmasıdır.
Yaxınları deyir ki, Ruslan mayın 25-də tutulandan bu yana onunla nə danışa biliblər, nə də görüşə. Vəkil vasitəsilə istintaq təcridxanasının rəhbərliyinə müraciət olunsa da, cavabında deyilib ki, qadağa istintaq orqanı tərəfindən tətbiq olunub. İstintaqı aparan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsindən isə bildirilib ki, onlar heç bir məhdudiyyət tətbiq etməyiblər. Vəkil bu idarəyə problemlə əlaqədar rəsmi məktub da göndərib. Məktuba ümumi cavab verilib, yazılıb ki, «müraciət iş materiallarına əlavə olunur».
Xatırlatma
R.Nəsirli AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov və bu partiyanın Nərimanov şöbəsinin sədri Babək Həsənovla birlikdə bu il mayın 25-də axşam saatlarında saxlanılıb. Məhkəmə onlar haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Digər iki nəfərin də yaxınları ilə görüşmək və telefonla danışmaq hüququnun məhdudlaşdırıldığı bildirilir. Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) də birgə məlumat yaymışdı. Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin o vəsaitləri alıb partiya rəhbərinə çatdırdığı bildirilirdi. Cəbhəçilər, eləcə də S.Rüstəmli Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir. AXCP üzvləri özlərini təqsirli bilmirlər.
«Üç aydır Ruslan Nəsirlinin telefon danışığı və yaxınları ilə görüşmək hüququ tapdalanır. Heç bir rəsmi səbəb də göstərilmir. Ona görə də məhkəməyə vermişik ki, bəlkə bundan sonra qadağanı hansı orqanın tətbiq etdiyini öyrənək. Günahsız adamı həbs etməkləri azmış kimi, hələ təcridxanada da adi hüquqları pozulur», – R.Nəsirlinin ailə üzvləri belə deyir. Təcridxananın məhkəməyə verilməsi xəbərini R.Nəsirlinin vəkili Fariz Namazlı da AzadlıqRadiosuna təsdiqləyib.
AXCP sədri Əli Kərimli də rəsmi ittihamı rədd edib. Cinayət işinin və həbslərin AXCP-yə növbəti təzyiq dalğası olduğunu bildirib.
Загрузка...
Загрузка...

Xəbər lenti