AXCP fəalının Avropa Məhkəməsinə şikayəti Azərbaycan poçtunda yoxa çıxıb

AXCP fəalının Avropa Məhkəməsinə şikayəti Azərbaycan poçtunda yoxa çıxıb
Загрузка...
Vəkil: ''Strasburqa göndərilən məktub elektron izləmə sistemində görünmür''
Daha bir müxalifətçinin Avropa Məhkəməsinə şikayəti yoxa çıxıb. Söhbət AXCP fəalı Zamin Salayevdən gedir. Z.Salayev yanvar ayında bloger Mehman Hüseynov haqqında yeni cinayət işi başlananda buna etiraz olaraq keçirdiyi etiraz aksiyasına görə həbs olunmuşdu. Başqa bir neçə fəalla birlikdə hakim qarşısına çıxarılan Z.Salayevə Salyan Rayon Məhkəməsisinin qərarıyla 25 sutka inzibati həbs cəzası verilmişdi. İnzibati Xətalar Məcəlləsinin 513.1 (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə ittiham olunan Z.Salayevin cəzasını sonradan apelyasiya məhkəməsi 7 gün azaltmışdı.
 
 
Z.Salayev üç ay sonra – mayda yenidən inzibati qaydada həbs olunmuş, bu dəfə ona 15 sutka cəza verilmişdi. İkinci həbsində o, ictimai qaydanı pozmaqda, onu intizama dəvət edən polis əməkdaşına tabe olmamaqda günahlandırılsa da, gerçək səbəbin sosial şəbəkələrdə yazdığı tənqidlər olduğunu bildirirdi.Həm həbsin qanunsuzluğu, həm də Salyan Rayon Polis Şöbəsində təzyiqlərə məruz qalmasından şikayətçi olan Z.Salayevin Avropa İnsan Haqları Məhkəməsinə ərizəsini onun hüquqlarını müdafiə edən hüquqşünas Yalçın İmanov göndərib. Bu barədə Meydan TV-yə danışan Y.İmanov bildirib ki, Strasburqa göndərilən məktub elektron izləmə sistemində görünmür:
"Mən üç məktubu birlikdə göndərmişdi, metronun "Elmlər Akademiyası” stansiyasının yaxınlığında yerləşən 173 saylı poçtdan. Məktubların ünvana çatıb-çatmamasını elektron sistemlə izləmək mümkündür. Digər iki məktub çatsa da, Zamin Salayevin şikayəti yoxdur”.
Hüquqşünas həm poçta, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məsələ barədə məlumat verdiyini bildirib. Y.İmanov bundan öncə də hüquqlarını müdafiə etdiyi şəxslərin Avropa Məhkəməsinə göndərdikləri şikayətlərdən bir neçəsinin ünvanına gedib çatmadığını, bundan xəbər tutan kimi onları təkrar göndərdiyini bildirir. Y.İmanovla yanaşı, vəkillər Əsabəli Mustafayev, Nemət Kərimli, Elçin Sadıqov və başqaları da Avropa Məhkəməsinə ünvanlanan və ya oradan Azərbaycandakı ərizəçilərə, onların müdafiəçilərinə göndərilən sənədlərin yoxa çıxmasından şikayətlənib. "Azərpoçt”dan isə bildirilib ki, məktubun, bağlamanın itməsi halı istənilən ölkədə baş verə bilər.
Загрузка...
Загрузка...

Xəbər lenti