Avropa Məhkəməsinin Rafiq Tağı ilə bağlı qərarı gözlənilir

Avropa Məhkəməsinin Rafiq Tağı ilə bağlı qərarı gözlənilir
Загрузка...

Hüquqşünas: ''Yazıçı-jurnalistin başqa bir işi üzrə də qərar verilməlidir''

2011-ci ilin noyabrın 19-da bıçaqlanan, 4 gün sonra xəstəxanada vəfat edən yazıçı-jurnalist Rafiq Tağının işi ilə bağlı tezliklə Avropa Məhkəməsinin qərarının elan edilməsi gözlənilir.

Məlumatı Meydan TV-yə Rafiq Tağının vəkillərindən Rəşid Hacılı verib.

Bu işlə bağlı Avropa Məhkəməsində R.Hacılı ilə yanaşı, Böyük Britaniyadan olan bir neçə vəkil də təmsil olunur.

R.Hacılının sözlərinə görə, bıçaqlanandan sonra xəstəxanada vəfat edən R.Tağının ölümü ilə bağlı cinayət işi açılsa da, Azərbaycan hökuməti onun ölüm işini effektiv araşdırmayıb:

"R.Tağının bıçaqlanması, amma ölümdən xilas olmasına baxmayaraq, sonra xəstəxanada olarkən müəmmalı ölümü araşdırılmamış qalıb. Hökumət, istintaqı aparan qurumlar səmərəli istintaq aparmaq vəzifəsinin öhdəsindən gələ bilməyiblər. 2014-cü ildə bu iş üzrə icraat dayandırılıb. Prokurorluq cinayət işi üzrə belə qərar qəbul edib. Prokurorluq həmin qərarını belə əsaslandırıb ki, təqsirləndirilən qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq, iş üzrə icraat dayandırılıb. Bu işdə Avropa Konvensiyanın 2-ci maddəsi pozulub. Burada həm də 10-cu maddənin ciddi pozuntuları var”, - hüquqşünas deyir.

Onun sözlərinə görə, R.Tağının işi üzrə şikayətin Avropa Məhkəməsində araşdırılması ötən ildən bitib.

"İş Avropa Məhkəməsində qərar verilmə mərhələsindədir, qərarı gözlənilir”.

Rəşid Hacılı bildirib ki, Avropa Məhkəməsi yaxınlarda həm də Rafiq Tağının başqa bir şikayəti ilə bağlı qərarını elan etməlidir:

"Rafiq Tağını 2006-ci il noyabrın 15-də "Sənət” qəzetinin baş redaktoru Samir Hüseynovla (Sədaqətoğlu) birlikdə "Avropa və biz” məqaləsinə görə həbs etmişdilər. Həmin vaxt onlar dini nifrət və dini ayrıseçkilik salmaqda ittiham olunmuş, Rafiq Tağı 3, Samir Hüseynov 4 il azadlıqdan məhrum edilmişdi. Bu, söz adamına, yazıçıya qarşı qəddar bir qərar idi. Azərbaycan məhkəmələrinin həmin aşırı sərt qərarından verilmiş şikayət üzrə kommunikasiya da başa çatıb. Həmin iş üzrə də qərarı gözləyirik”.

Yazıçı, jurnalist, həkim Rafiq Tağı 2011-ci il noyabrın 19-da işdən evə dönərkən naməlum şəxslər tərəfindən bıçaqlanıb. O, noyabrın 23-də xəstəxanada vəfat edib.

Yaralıykən bıçaqlanmasını İran siyasi hakimiyyətini tənqid etməsilə bağlayıb.
Hadisədən 6 il keçsə də, yazıçının qatilləri hələ də tapılmayıb. Baş Prokurorluq isə qətllə bağlı cinayət işini dayandırıb.

Загрузка...
Загрузка...

Xəbər lenti