Avropa Məhkəməsi Xədicə İsmayılovanın şikayətini təmin edib

Avropa Məhkəməsi Xədicə İsmayılovanın şikayətini təmin edib
Загрузка...
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 7-də araşdırmaçı jurnalist Xədicə İsmayılovanın işi ilə bağlı növbəti qərarını elan edib. AİHM Konvensiyanın 6 (ədalətli məhkəmə araşdırması ) və 8-ci (şəxsi həyata hörmət) maddələri üzrə şikayətləri qəbuledilən sayıb.
Məhkəmə hesab edib ki, Xədicə İsmayılovanın bu maddələr üzrə hüququna müdaxilə olunub. Hökumət buna görə 6 min avro təzminat ödəməlidir. Bu qərar jurnalistin 2014-cü ildə göndərdiyi şikayəti üzrə qəbul edilib. Belə ki, şikayət Xədicə İsmayılovanın jurnalist fəaliyyətinə qarşı hədə-qorxu kampaniyası ilə bağlıdır. Şikayətdə bildirilir ki, hökumətyönümlü qəzetlərdə jurnalist barəsində aparılan təhqiramiz kampaniya yerli məhkəmələr tərəfindən ədalətli araşdırılmayıb. İsmayılovaya qarşı peşə fəaliyyəti kontekstində kampaniyalar 2012-ci ildən başlayıb. Jurnalist o zaman dərc edilən məqalələrdə təhqir edildiyi üçün məhkəməyə müracət edib, ancaq Səbail Rayon Məhkəməsi həmin şikayətləri təmin etməyib. Bundan əlavə Azərbaycanda yuxarı məhkəmə instansiyaları həmin qərarı dəyişməyib.
Xədicə İsmayılova AİHM-ə şikayətində şəxsi həyata hörmət, ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüququna müdaxilə olunduğunu iddia edir. Bu, korrupsiya faktları ilə bağlı araşdırmaları ilə tanınan jurnalistin Avropa Məhkəməsində sayca üçüncü işidir. 2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayılova vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilib. Ali Məhkəmə 2016-cı il mayın 25-dəki qərarı ilə həbs müddətini 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya salınıb.

Xəbər lenti