Avropa Məhkəməsi hökuməti 3 min 500 avro cərimələyib

Avropa Məhkəməsi hökuməti 3 min 500 avro cərimələyib
Загрузка...
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı yeni qərarını açıqlayıb. Məhkəmə Arif Aslanov işi üzrə hökuməti cərimələyib. AİHM bu gün, noyabrın 15-də qərarın mətninin yayıb. Sözügedən iş böyrək çatışmazlığından əziyyət çəkdiyi bildirilən məhbus Arif Aslanovun həbsxanada vəfat etməsi ilə bağlıdır.
A.Aslanovu 2007-ci ildə ölümə təşəbbüs göstərmək iddiası ilə Milli Təhlükəsizlik Nazirliyi saxlayıb və barəsində həbs tədbiri seçilib. Şikayətə görə, böyrək çatışmazlığından əziyyət çəkən A.Aslanov MTN-in təcridxanasında birnəfərlik kamerada saxlanıb.
Qərarda yazılır ki, təcridxanada səhhətində ciddi problemlər yaranan A.Aslanovu dializ məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriblər. Ancaq onun sağlıq durumu getdikcə pisləşib və 2008-ci ilin yanvarında vəfat edib. Tibbi sənədlərə görə isə, o, ürək çatışmazlığından vəfat edib. Ölüm hadisəsi ilə bağlı araşdırma başlansa da, prokurorluq cinayət işi açılmasından imtina edib. A.Aslanovun oğlu Emil Aslanov həmin qərardan şikayət verib. Lakin yerli məhkəmələr həmin şikayətləri təmin etməyiblər.
Ərizəçi AİHM-ə müraciətində iddia edib ki, yerli məhkəmələr onların şikayətlərinə baxarkən Avropa Konvensiyasının 2-ci (Yaşamaq hüququ), 3-cü (İşgəncənin yolverilməzliyi) və 5-ci (Azadlıq və toxunulmazlıq) maddəsinin pozuntusuna yol verib. AİHM yekun qərarında mərhumun azadlıq və toxunulmazlıq hüququnun pozuntusu tanınıb. Qərara əsasən. Azərbaycan hökuməti ərizəçiyə maddi və mənəvi ziyana görə ümumilikdə 3500 avro ödəməlidir. Bu qərara, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Bu qurumun 20-yə qədər yüksəkrütbəli əməkdaşları müxtəlif cinayətlərdə ittiham edilərək həbs olunub. Həmin nazirliyin bazasında iki qurum- Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.
Xatırlatma
AİHM-in məlumatlarına görə, bu il Azərbaycanla bağlı araşdırılan şikayətlərin sayında artım var. Məhkəmə təkcə bu ilin sentyabr - oktyabr aylarında Azərbaycandan göndərilmiş 66 şikayəti araşdırmağa başlayıb. İlin əvvəlindən araşdırılmasına başlanan şikayətlərin sayı isə 160-dan çoxdur. Əvvəlki illərdə bu göstərici xeyli az olub.
Загрузка...
Загрузка...

Xəbər lenti