Avropa Məhkəməsi Azərbaycanla bağlı 11 nəfərin şikayətini təmin edib

Avropa Məhkəməsi Azərbaycanla bağlı 11 nəfərin şikayətini təmin edib
Загрузка...
 Hökumət ümumilikdə 128 min 500 avro kompensasiya verməlidir Avropa İnsan Hüquqları Məhkəməsi sentyabrın 26-da Azərbaycan hökuməti ilə bağlı 11 şikayətçinin işi üzrə qərarını elan edib. Məhkəmənin saytında şikayətlərin 2011-ci il aprelin 2-də keçirilən dinc mitinqin iştirakçılarının tutulması, sonradan cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqəli olduğu qeyd edilib.
Avropa Məhkəməsi ərizəçilərə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (qanunsuz həbs olunma), 6-cı (ədalətsiz araşdırma) və 11-ci (sərbəst toplaşma azadlığının pozulması) maddələrinin pozuntusunu tanıyıb. Məhkəmə Azərbaycan hökumətindən Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP funksionerləri Fuad Qəhrəmanlı, Babək Həsənov, Zülfüqar Eyvazlı, Arif Alışlı, "Ağpartiya” funksionerləri Elşən Həsənli, Rüfət Hacıbəyli, Sahib Kərimli, Ülvi Quliyevin hərəsinə 10 min avro mənəvi ziyana, 1500 avro da hüquqi yardıma görə kompensasiya ödənməsi barədə qərar verib. AXCP üzvü Məhəmməd Məcidliyə 12 min 500 avro mənəvi ziyana, 2 min 500 avro isə hüquqi yardıma, "Ağpartiya” sədri Tural Abbaslıya 10 min avro kompensasiya ödənməsi haqda qərar çıxarılıb. Ümumilikdə Azərbaycan hökuməti 128 min 500 avro ödəməlidir.
Şikayəti təmin edilən 11 nəfərdən 5-nin vəkili olan Əsabəli Mustafayev Meydan TV-yə bildirib ki, bu, Avropa Məhkəməsinin Azərbaycan haqda cinayət hüququ ilə bağlı ikinci qərarıdır. "Birinci qərar 2003-cü ilin oktyabr hadisələri ilə bağlıdır. Həmin vaxt təqribən 15-ə yaxın iş idi. Güman ki, 2011-ci il aprelin 2-də mitinqə icazə verilməməsi ilə bağlı növbəti qərarlar olacaq, çünki təxminən17 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu”.
Vəkil deyib ki, 26 sentyabr qərarı ilə Azərbaycanda sərbəst toplaşmaq azadlığının pozulduğu bir daha təsdiqlənir. Söhbət 11-ci maddədən gedir. Onun sözlərinə görə, son aylarda mitinqlərə icazə verilməməsi sərbəst toplaşmaq azadlığının pozulması prosesinin davam etdiyini göstərir. Artıq bir neçə iş Avropa Məhkəməsinə göndərilib. Ümumiyyətlə, Konvensiyanın 6-cı və 11-ci maddələri ilə bağlı 100-dən çox iş var: "Hökumət bu barədə ciddi düşünməlidir, çünki dövlətin imicinə böyük zərbə vurulub. Bu gün Avropa Şurasının üzvləri arasında Azərbaycan qədər Konvensiyanın 11-ci maddəsini pozan dövlət yoxdur: 

Əsabəli Mustafayev
"Bu qərarlar bir daha göstərir ki, törədilən qanunsuz əməllərə, maneələrə baxmayaraq bu sahədə fəaliyyətim davam edib və bundan sonra da edəcək. Mənə və digər həmkarlarıma, bir sıra ərizəçilərə qarşı edilən təzyiqlər beynəlxalq aləmdə dövlətin nüfuzuna qəsdən vurulan zərbələrin yanında xırda məsələdir”, - vəkil deyib.
Avropa Məhkəməsinin bu qərarından sonra Ə.Mustafayevin məhkəmədə udduğu işlərin sayı 148-ə çatıb. O, qeyd edib ki, bundan başqa kommunikasiyası bitmiş 60-dan yuxarı iş qərarını, 200-dən artıq iş isə kommunikasiyanın başlanmasını gözləyir.
Adları çəkilən siyasilər 2011-ci ildə, müxalifət partiyalarının birliyi olan İctimai Palatanın təşkil etdiyi etiraz aksiyalarına görə saxlanılıb, məhkum edilib, inzibati qaydada cəzalandırılıblar. Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə və İnzibati Xətalar Məcəlləsi əsasında günahkar biliniblər. Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, Fuad Qəhrəmanlı 2 il şərti cəza, digər müxalifətçilər inzibati cəza almışdılar. Ərizəçilər AİHM-ə şikayətlərində onlara münasibətdə Avropa Konvensiyasının 3-cü (İşgəncəyə məruz qalmamaq), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (İfadə azadlığı) və 11-ci (sərbəst toplaşma azadlığının pozulması) maddələrinin pozulduğunu bildirmişdilər.
Загрузка...
Загрузка...

Xəbər lenti