Aşıq Qurban küçəsində iki bıçaq zərbəsi: uşağın sözünə inanıb qonşusunu vurdu - ƏSLİNDƏ ELMƏDDİN EVİN YANINDAN KEÇİBMİŞ...

Aşıq Qurban küçəsində iki bıçaq zərbəsi: uşağın sözünə inanıb qonşusunu vurdu - ƏSLİNDƏ ELMƏDDİN EVİN YANINDAN KEÇİBMİŞ...
Загрузка...

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda ittiham olunan Sumqayıt şəhər sakini 26 yaşlı İntiqam Mustafayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hadisə qısqanclıq zəminində törədilib, qısqanclıq üçün şübhə isə İntiqamda bacısının azyaşlı oğlunun danışdıqlarından sonra yaranıb. Uşaq qonşunun onlara gəldiyini deyib, İntiqam da buna inanıb və həmin adamdan qisas almaq qərarına gəlib.

Virtualaz.org-un xəbərinə görə, hadisə bu il yanvarın 3-də Bakının Xətai rayonu, Aşıq Qurban küçəsində baş verib. İ.Mustafayev qonşusu – 25 yaşlı Elməddin Əliyevə bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən İ.Mustafayev könüllü olaraq polisə təslim olub. Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən İntiqam Mustafayev ona elan olunan ittihamla özünü təqsirli bilib. İfadəsində göstərib ki, bacısının azyaşlı oğlu qonşuluqda yaşayan Elməddinin onlara gəldiyini deyib. Bu barədə bacısı İlahədən soruşduqda sonuncu belə bir hal olmadığını söyləyib. Lakin İntiqam onun dediklərinə inanmayıb. Bacısı ilə qonşu oğlanın arasında yaxın münasibət olduğunu düşünüb. Bir müddət Elməddini axtarsa da tapa bilməyib.

Nəhayət, yanvarın 3-də Elməddinlə əlaqə saxlayaraq görüşmək istədiyini deyib. Evdən bıçaq götürərək binanın qarşısına gəlib. Elməddin and içərək İlahəylə görüşmədiyini desə də, İntiqam qonşunun dediklərinə inanmayıb. Bıçaqla ona iki zərbə endirib və hadisə yerindən uzaqlaşıb.

Zərərçəkmiş Elməddin Əliyev ifadəsində qonşusu İntiqamla münasibətlərinin normal olduğunu deyib. Hadisə baş verən gün İntiqam ondan bacısı ilə aralarında hansısa münasibətin olub-olmaması barədə soruşub.

"İntiqama dedim ki, bacınla mənim aramda heç bir münasibət olmayıb. Bununla bağlı mübahisəmiz düşdü. İntiqam belindən çıxartdığı bıçaqla mənə iki dəfə zərbə vurdu, yerə yıxıldım. Yaxınlaşıb kömək etmək istədikdə özümdə olduğumu görüb qaçıb getdi”- zərərçəkmiş deyib.

Məhkəmədə şahid qismində dindirilən İlahə Mustafayeva ifadəsində Elməddinin heç vaxt onun mənzilinə gəlib-getmədiyini və aralarında heç bir münasibət olmadığını göstərib.

Həmçinin, iş üzrə dindirilən azyaşlı şahid ifadəsində (təqsirləndirilən şəxsin bacısı oğlu –red.) Elməddinin onların yaşadığı mənzilə gəlmədiyini, dayısına əslində onu yaşadıqları evin yaxınlığından keçərkən gördüyü haqda danışdığını bildirib.

Məhkəmənin hökmü ilə İntiqam Mustafayev  3 il müddətinə azadlıqdan məhrum edilib.

Загрузка...
Загрузка...

Xəbər lenti