Arif Hacılı: "Əslində bu təxribatın anonsu verilmişdi"

Arif Hacılı:
Загрузка...
Musavat Başqanı Arif Hacılı Tofiq Yaqublunun polis tərəfindən saxlanılmasına münasibət bildirib. Criminal.az xəbər verir ki, Musavat başqanı T.Yaqubluya qarşı edilənləri təxribat adlandırıb.
"Tofiq Yaqubluya qarşı edilən təxribatdan sonra onunla telefonla danışdım. Durduğu yerdə maşınını vurub sonra da ona hücum ediblər. Polisi də Tofiq Yaqublu çağırıb. İndi aydın olur ki, onun özünə, hadisədə faktiki zərərçəkənə qarşı cinayət işi açılır. Əslində bu təxribatın anonsu verilmişdi. Dünya dövlətlərinin liderləri pandemiya ilə bağlı öz xalqlarının birliyinə nail olmağa, təşkilatlandırmağa çalışır, Azərbaycan hakimiyyəti isə bu fəlakətdən də öz rəqiblərinə qarşı mübarizədə fürsət bilir. Bu günlərdə Müsavat, AXCP üzvlərinə, jurnalisrlətlərə, ictimai fəallara qarşı artan təqiblərin başqa adı yoxdur. Tofiq Yaqublunun dərhal azadlığa buraxılmasını, repressiv tədbirlərə son qoyulmasını tələb edirəm".
Xatırladaq ki, T.Yaqublu hazırda Nizami rayon Polis İdarəsindədir. Ona qarşı cinayət işinin başladığı iddia olunur. Vəkil Elçin Sadıqov bu dəqiqələrdə polis idarəsinə gələrək Yaqublu ilə görüşmək istəsə də, ona şərait yaradılmayıb. Bildirilib ki, hazırda müstəntiq idarədə yoxdur. 
Xatırladaq ki, Tofiq Yaqublu 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Binəqədi rayon təşkilatının sədri, Müsavat Məclisinin katibi olub. 2013-cü ildə İsmayıllı hadisələrinə görə Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə 5 il azadlıqdan məhrum olunub. 2016-cı ildə əfv fərmanı ilə azad edilib.

Xəbər lenti