Anar Bağırov vəkil Xalid Bağırovu kollegiyada bərpa etmək istəmir

Anar Bağırov vəkil Xalid Bağırovu kollegiyada bərpa etmək istəmir
Загрузка...
 Xalid Bağırov: "Məni sırf fəaliyyətimə görə vəkillikdən kənarlaşdırıblar”
Ali Məhkəmənin Plenumunun aprelin 23-də baş tutan iclasında ReAL Partiyasının sədri İlqar Məmmədovun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Bununla da partiya sədrinin İsmayıllı hadisələrinə görə məhkum edilməsi haqda hökm və bu hökmü qüvvədə saxlayan yuxarı instansiya məhkəmələrinin qərarları ləğv olunub.
Qərardan sonra 2014-cü ilin dekabrında bu işlə bağlı Vəkillər Kollegiyasından çıxarılan Xalid Bağırovun məsələsi gündəmə gəlir. Sual olunur ki, hazırda bəraət alan, yerli məhkəmələrin qərarları ləğv edilən işə görə Vəkillər Kollegiyasından çıxarılan Xalid Bağırov quruma bərpa olunmalı deyilmi? Meydan TV bu sualla kollegiyanın sədri Anar Bağırovla əlaqə saxlayıb. Anar Bağırov bu məsələlərin bir-birinə qarışdırmağın əleyhinə olduğunu və tam fərqli hadisələr olduğunu bildirib.
O vurğulayıb ki, vəkilin qurumdan xaric olunması barədə iddia qaldırılıbsa və Azərbaycan məhkəməsi kollegiyanın iddiasına baxıb onu təmin edibsə, yuxarı instansiya məhkəmələri də həmin qərarı qüvvədə saxlayıbsa, o zaman bu onun üçün də məcburi xarakter daşıyır. Ən azı məhkəmə qərarına hörmətlə yanaşmaq lazımdır. Xalid Bağırov 2014-cü ilin dekabrında Vəkillər Kollegiyasından çıxarılıb.
X.Bağırovun sözlərinə görə, Vəkillər Kollegiyası səbəb kimi onun Şəki Apelyasiya Məhkəməsində çıxışının dövlətçiliyə qarşı və vəkilliyi nüfuzdan salan çıxış olması ilə izah edib: "Mən demişdim ki, Azərbaycanda ədalətli məhkəmə yoxdu, olsaydı belə qərar verilməzdi. Ona görə də vəkillikdən uzaqlaşdırılmağım sırf fəaliyyətimlə bağlıdır”.
X.Bağırov Vəkillər Kollegiyasından çıxarılmasıyla bağlı Avropa Məhkəməsinə göndərdiyi şikayətin kommunikasiya mərhələsi bitdiyini deyib: "Mənim söz azadlığıma müdaxilə olub. Bu baxımdan Avropa Konvensiyasının 18-ci maddəsinin pozulması da əsas götürülüb”.
2015-ci ilin 13 iyul tarixindəXalid Bağırov Beynəlxalq Vəkillər Assosiasiyasına üzvlük haqqında təklif alıb. O, Beynəlxalq Vəkillər Assosiasiyasının təklifini qəbul edəcəyini demişdi.
X.Bağırov qeyd edib ki, mərkəzi ofisi Londonda yerləşən Beynəlxalq Vəkillər Assosiasiyası çox nüfuzlu qurumdur və bir çox ölkələr Beynəlxalq Vəkillər Assosiasiyasına üzv olsa da, Azərbaycan Vəkillər Kollegiyası bu qurumun üzvü deyil.

Xəbər lenti