Anar Bağırov: Hər hansı vəkil prokurorluğun gördüyü işdən çox iş görə bilməz

Anar Bağırov: Hər hansı vəkil prokurorluğun gördüyü işdən çox iş görə bilməz
"Avropa Məhkəməsi Azərbaycanın mövqeyini qarşı tərəfin mövqeyindən üstün tutmalıdır"
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Ermənistana qarşı Avropa Məhkəməsinə müraciət edərək müvəqqəti xarakterli tədbirlərin görülməsini xahiş edib. Bu barədə vəkil Fariz Namazlı məlumat yayıb. Vəkil yazıb ki, Azərbaycanın iddialarına bunlar daxildir:
"Azərbaycan hökuməti ərazisində mülki obyektlərin, ictimai ərazilərin artirileya və raket atəşinə tutulmasının dayandırılması; Azərbaycanın işğal olunmuş ərazilərində cinayətkar "hökumət"in hərbi, siyasi, maliyyə və digər dəstəyin dayandırılması; Azərbaycanın suveren ərazilərinə hərbi qüvvə və texnikaların, "könüllülərin" göndərilməsinin dayandırılması və əcnəbi vətəndaşların Azərbaycan ərazisinə dəvət edilməsindən çəkindirilməsi; Azərbaycan ərazisinə qanunsuz yerləşən hərbi qüvvələrin çıxarılması; Azərbaycana və onun əhalisinə qarşı niftət siyasətinin həyata keçirilməsindən çəkindirilməsinə dair tədbirlərin görülməsi”. Məhkəmə müraciətə tezliklə baxılacağı haqda məlumat yayıb.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov Meydan TV-yə deyib ki, Avropa Məhkəməsi Azərbaycanın mövqeyini qarşı tərəfin mövqeyindən üstün tutmalıdır: "Ona görə ki Azərbaycan öz ərazisində antiterror əməliyyatı həyata keçirir və başqa dövlətin ərazisinə müdaxil etmir. Belə olan halda Azərbaycan ərazi bütövlüyünü və suverenliyini müdafiə etməyə tam haqqı çatır. Bununla bağlı Avropa Şurasına və BMT-yə antiterrorla bağlı məlumatlar verilib. Ermənistanın Cenevrə Konvensiyasının tələblərini pozması qəbul edilməlidir, onlar etiraf etməsə belə. Təsəvvür edin ki, Ermənistan Gəncəyə atılan reketlərdən xəbərləri olmadığını deyir".
Bir sıra vəkillərin qrup yaradıb müdafiə işinə qoşulmaq istədikləri barədə suala Anar Bağırovun cavabı belə olub: "Bu yöndə lazım olan işlər Respublika Prokurorluğu tərəfindən görülür, faktar və materiallar toplanılır, ictimaiyyət də məlumatlandırılır. Yəni məsələ prokurorluq orqanlarının səlahiyyətinə daxildir. Təbii ki, vəkillər də faktoloji bazadan gələcəkdə mütləq istifadə edəcək, amma hər hansı vəkil prokurorluğun gördüyü işdən çox iş görə bilməz”.

Xəbər lenti