Ana ölümünə görə məhkum edilmiş həkim sərxoş halda növbəyə çıxır

Ana ölümünə görə məhkum edilmiş həkim sərxoş halda növbəyə çıxır
Загрузка...
Bakının məşhur xəstəxanasının həkimi haqda olduqca sensasion iddia irəli sürülüb. Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutu anestezioloq-reanimatoloqu Cavanşir Aslanovun sərxoş vəziyyətdə işə gəldiyi bildirilir. Həmin xəstəxananın adının çəkilməsini istəməyən həkiminin Criminal.az saytına verdiyi məlumata görə, C.Aslanov əsasən gecə növbəsində olarkən spirtli içki qəbul edir. 

Şikayətçinin iddiasına görə, belə hal dəfələrlə təkrar olunub, hətta həkimlərlə yanaşı reanimasiyada ağır əməliyyat keçirmiş xəstələr də bunun şahidi olub. 
İnternet üzərində araşdırma apararkən məlum oldu ki, barəsində şikayət olunan C.Aslanov bir neçə il əvvəl əməliyyat zamanı xəstə öldüyünə görə məhkum olunub. Həmin ölüm hadisəsi 19 mart 2015-ci ildə "Astoriya” tibbi mərkəzində baş verib.
İttihama görə, doğuş həyata keçirmək üçün qəbul edilmiş hamilə qadının həyati vacib orqanlarını yoxlamayıb və həmin gün saat 21:30-da qadının uşaq dünyaya gətirməsini həyata keçirib. Nəticədə, qadında olan xəstəliyin təsiri daha da artıb. Axşam isə hamilə qadının vəziyyəti ağırlaşıb, onda qəfləti öskürək, ağızdan köpük gəlməsi və dodaqların göyərməsi kimi fəsadlar meydana çıxıb. Uşaq dünyaya gətirmək üçün hazırlaşan qadının mədə-bağırsaq sisteminə təxminən iki litr duru qan toplanaraq qanitirmənin baş verməsinə səbəb olub. Qadın martın 20-də dünyasını dəyişib. 

İttihama görə, Cavanşir Aslanov uşaq dünyaya gətirən qadını ehtiyatsızlıqdan öldürüb. İstintaq orqanı tərəfindən Cavanşir Aslanovun barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Yasamal rayon Məhkəməsinin hökmü ilə Cavanşir Aslanov 2 il 9 ay müddətinə azadlıqdan məhrum olunub. 
C.Aslanov isə xəstəxanada spirtli içki qəbul etməsi ilə bağlı iddiaları əsassız sayır. O, Criminal.az-a açıqlamasında hazırda həmin xəstəxanada işə çıxmadığını bildirdi, əksinə öz başına gətirilən ədalətsizlikdən danışdı: "Sizdən xahişim budur ki, mənə həkim deməyin. Mən bu peşədən o qədər iyrənirəm ki, özüm özümü həkim olmağıma görə qınayıram. O qədər ədalətsizliklər olub ki... Hər şeyi deyə bilmirəm. Əgər işdə içirəmsə məni məhkəməyə və ya polisə versinlər. Başa düşmürəm, şikayəti sizə niyə edirlər? Siz jurnalistsiz, dövlət adamı deyilsiz ki... Mənim işdə sərxoş olmağımla bağlı iddialar fantaziyadır. Onsuz da mənə qarşı o qədər ədalətsizlik olub ki. Mənim haqda yalan məlumat yayanları məhkəməyə verəcəm. Siz o adamın adını mənə deyin...".
C.Aslanov bir neçə il əvvəl ana ölümünə görə məhkum olunmasını da şər adlandırdı: "Məni o vaxt şərlədilər. Buna görə infakt oldum, az qala ölmüşdüm, ürək əməliyyatı etdilər. Neçə ildi işləyirəm, bir dəfə də əlimdən xəta çıxmayıb. Məni tibbi yardıma çağırıblar, amma məni şərlədilər ki, adam öldürmüşəm. Mənim doğuşla əlaqəm yoxdur. Məni kömək üçün çağırıblar, yardımımın hesabına uşaq sağ qalıb. Siz mənə kömək edin, mənə qarşı baş verən haqsızlığa son qoyulsun. Günahsızlığımı sübut edim, bəraət qazanım. Bu dünyadan məhkum kimi köçmək istəmirəm. Pozulmuş haqqımın bərpası üçün mənə kömək edin". 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Criminal.az-a bildirdi ki, əgər şikayətçi varsa, rəsmi məktub göndərsin və bundan sonra araşdırma aparılsın. Qurum rəsmisinin sözlərinə görə, şikayətçi ortada yoxdursa, hansı araşdırmadan söhbət gedə bilər?
"İstənilən halda həmin institutun baş həkimi ilə danışacam. Şikayətçi olsa, araşdırma aparılarcaq və belə hal sübut olunarsa tədbir görüləcək.
Hüquqşünas Samir Zeynalov Criminal.az-a bildirdi ki, hər bir həkim peşə fəaliyyəti müddətincə öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Həkimin öz işinə bu və ya digər səbəblərdən dolayı səhlənkar yanaşması pasiyentlərin həyatı ilə bağlı fatal nəticələrə səbəb ola bilər ki, bu da öncədən vicdanla nəzərə alınmalı, müfəssəl şəkildə dərk edilməlidir. Öz işinə kobud şəkildə səhlənkar yanaşan şəxsləri təbii ki, qanun bağışlamır. 

S.Zeynalov deyir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələrində bu barədə ətraflı bəhs edilib. Sözügedən məcəllənin 72-ci maddəsinin b) bəndinə əsasən işçinin "alkoqollu içkilər qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin işçkiləri qəbul edərək sərxoş vəziyyətdə olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir”.
Belə olan halda işəgötürən qeyd olunan pozuntuya yol vermiş işçini xəbərdarlıq etmədən- Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndini rəhbər tutaraq işdən azad etməkdə haqlıdır, hətta deyərdim ki, buna borcludur. Çünki yuxarıda da qeyd etdiyim kimi həkimin öz işinə səhlənkar yanaşması pasiyentlərin həyatı ilə bağlı müxtəlif arzuolunmaz hadisələrin yaşanmasına, eləcə də ölüm faktın qeydə alınmasına səbəb ola bilər.
Şübhəsiz ki, iş vaxtı sərxoş olan həkim, pasiyentinin həyatı üçün potensial təhlükə mənbəyidir. Bu isə əsassız risk deməkdir. Hesab edirəm ki, istər dövlət və istərsə də qeyri-dövlət səhiyyə sistemində fəaliyyət göstərən tibb müəssisələrinin rəhbər vəzifəli şəxsləri sözügedən hallarla bağlı qətiyyən güzəştə getməməli, insanların sağlamlığını, keyfiyyətli tibbi xidmətin təşkilini hər şeydən uca tutmalıdır.

Xəbər lenti