`Amerikalı milyarderlə dost olduq` – Cümhuriyyətin ən nüfuzlu qadın varisi: “Azərbaycan Vətənimdir” `Amerikalı milyarderlə dost olduq` – Cümhuriyyətin ən nüfuzlu qadın varisi: “Azərbaycan Vətənimdir”

`Amerikalı milyarderlə dost olduq` – Cümhuriyyətin ən nüfuzlu qadın varisi: “Azərbaycan Vətənimdir”
"Atam Azərbaycanın Sovet hakimiyyətinin işğalından azad olub, müstəqillik qazanacağı günün xəyalı ilə yaşayırdı”
"Warren Buffettin həyat yoldaşı Susan Buffettlə çox yaxın dost olduq”
"Nəsib bəy Yusifbəyli kimi bir çox insan öz Vətənləri üçün həyatlarını qurban verdilər”
"Buffett ailəsi mənə təklif etdi ki, beynəlxalq program yaradım və rəhbərlik edim”
"Qardaşımız olmadığı üçün övladlarım, hətta nəvələrim də atamın soyadını daşıyırlar”
"Atam Azərbaycanın eşqi ilə yaşadı və Azərbaycana olan həsrəti ilə gözlərini əbədi olaraq yumdu”
"Ümid edirəm ki, Azərbaycan Xalqı bu Cümhuriyyətin qurulması və müstəqil olması üçün həyatlarını fəda edən insanları heç vaxt unutmaz”
Türkiz Göygöl Dünyada ən uğurlu 10 türk qadından biri. "Willows International”da prezident və CEO. Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi Çingiz Göygölün qızıdır. Əmisi Mirzə Göygöl Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş 100 tələbədən biri olub. T. Göygöl 1947-ci ildə İstanbulda anadan olub. Hazırda ABŞ-da Rhode Island əyalətində yaşayır. O, dünyada ən zəngin investor, xeyriyyəçi-milyarder Warren Buffettin ailəsinin etibarını qazanıb və bir müddət "Buffett Foundation”a rəhbərlik edib. Uzun illərdir ki, qadınların yaşadıqları problemləri araşdırır, onların hüquqlarını müdafiə edir, xeyriyyə işləri həyata keçirir. Qeyd edək ki, Türkiz Göygöl Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varislərindəndir. 

(Nərgiz, Çingiz, David Kline-Perihan, Yaqut Göygöl)
Türkiz Göygöl HafizTimes.com-a eksklüziv müsahibə verib. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Azərbaycan əsilli iş qadını Türkiz Göygöl bir çox mühüm məqamlara aydınlıq gətirib.
-Siz koronavirusa qarşı necə mübarizə aparırsınız? Amerikada tətbiq olunan karantin şərtləri həyatınıza, fəaliyyətinizə necə təsir edir?
-Mart ayından bəri evimizdən işləyirik. Biz yaşadığımız bölgədə koronavirus çox da yayılmayıb. Hər şeyə diqqət yetiririk və normal həyatımızı yaşayırıq. 

(Eral, Arman Gökgöl-Kline və həyat yoldaşları)
-Azərbaycanlı "Göygöl” ailəsinin qızının yolu necə oldu ki, dünyanın ən zəngin, məşhur Buffet ailəsi ilə kəsişdi?
-1986-cı ildə "Pathfinder International”da vitse-prezident kimi çalışırdım. Oranın prezidenti məni Warren Buffettin hazırda vəfat etmiş həyat yoldaşı Susan Buffettlə tanış etdi. Bu illər ərzində çox yaxın dost olduq. Suzi Buffett onlara maliyyə dəstəyi üçün göndərilən layihələri mənə də təqdim edirdi, fikirlərimi soruşurdu. Beləliklə o, mənim peşəkar olduğumu da öyrəndi. 

-Türkiz Göygölün uğur sirri nədir?
-Əvvəlcə dürüstlük və etibarlılıq deyə bilərəm. Əlbəttə ki, yaxşı təhsil və zəhmət olmadan bunlar mümkün deyil.
-"Willows International” ilə bağlı bilmək istərik. Necə qurdunuz, planlarınız nə?
-"Pathfinder İnternational”da 14 il çalışdıqdan sonra 1996-cı ildə işdən çıxdım. Birləşmiş Millətlər Təşkilatının UNFPA-da (Əhali Fondu) işləməyə başladım. Azərbaycan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstan üzrə proqramların direktoru oldum. Özbəkistanın BMT-dəki nümayəndəsi kimi fəaliyyətə başladım. Daşkənddə yaşayırdım. 1998-ci ildə BMT-nin bürokratiyasında işləməyi sevmədiyim üçün UNFPA-dakı işimdən uzaqlaşdım. Bundan sonra ABŞ-ın Virciniya ştatında "Willows Fondu”nu təsis etdim. İlk layihəmizi Türkiyənin 15 əyalətində həyata keçirməyə başladıq.

(Eral Gökgöl Kline və ailəsi)
"2004-cü ildə Susan Buffett vəfat edəndə Buffett ailəsi mənə təklif etdi ki, "International” program qurub rəhbərlik edim”.
-2005-ci ilin martında "Willows”dan uzaqlaşdım və "Buffett Foundation”da işləməyə başladım.
-Sizcə qadınların ən böyük problemi nədir? Siz uzun illər bu sahədə çalışıb, araşdırmalar edibsiniz. Qadınlara nə söyləmək istərsiniz?
-Məncə, qadınların böyük əksəriyyəti "özlərinə inam” və "öz ayaqları üstə durmaq” öyrədilmədən böyüyürlər. Bu da qadınların bir çoxunun ən böyük problemidir. Bir peşəkar kimi uğur qazanmağın həzzini duya bilmirlər. Onlar öz peşələrindən yalnız pul qazanmamalıdırlar. Həmçinin bacarmaq, iqtisadi baxımdan müstəqil olmağın həzzini yaşamırlar. Özləri ilə bağlı qərar qəbul edib, həyata keçirə bilmirlər. Əvvəlcə ataya, sonra isə həyat yoldaşlarına bağlı bir həyat yaşayırlar. 

(Çingiz Göygöl və xanımı Perihan)
-Ailənizin Azərbaycandan olduğunu nə vaxt öyrəndiniz? Atanız Çingiz Göygöl Azərbaycanla bağlı sizə nələr danışardı?
-Doğulduğumdan bəri, atamın Azərbaycanın Gəncə şəhərində dünyaya göz açdığını, böyüdüyünü, bolşevik hücumlarını, ailəsinin başına gələnləri dinləyərək böyüdüm. Evimizdə həmişə Azərbaycan musiqilərinə qulaq asardıq, Azərbaycan yeməkləri bişirərdik. Evimiz Azərbaycandan Türkiyəyə köç etmiş dostlarımızla dolub-daşardı. Atamız həmişə bizə ailəsi, qonşuları və Gəncə şəhəri ilə bağlı maraqlı məlumatlar danışardı. 1997-ci ildə UNFPA ilə (BMT-nin Əhali Fondu) Gəncəyə gedəndə artıq hər yeri tanıyırdım. 

(Arman Gökgöl-Kline və ailəsi)
"Sərdar Bağı” ya da "Xan Bağı”, "Maral Gölü”, "Hacıkənd”, "Gökgöl” və ya "Göygöl”, Gəncə Qalası haqqında məlumatları dinləyərək böyüdük. Atam deyirdi ki, sovet hakimiyyətinin işğalından sonra hər şey dəyişdi. Bildiyiniz kimi, atam "Türk izi” və "Mücahit” adlı jurnallar nəşr etdirib. Atam Azərbaycanın Sovet hakimiyyətinin işğalından azad olub, müstəqillik qazanacağı günün xəyalı ilə yaşayırdı.
 
 
(Çingiz Göygöl)
"Qazaxıstanın Ayagöz rayonuna sürgünə göndərilən bibim 1964-cü ildə Türkiyəyə gəldi. Atam 40 ildən sonra bacısına qovuşdu. Hamımız çox xoşbəxt idik. Səkkiz ay evimizdə qonaq oldu”.
-Göygöl ailəsində büyümək necə idi? Necə bir uşaqlıq illəri yaşamalı oldunuz?
-Atamın anası, bacısı və qardaşı Məcidin taleyinin necə olduğunu bilmirdik. Atam onlara görə dərin kədər hissi keçirirdi. Bütün bunlar istisna olmaqla çox xoşbəxt bir uşaqlıq illəri keçirdik… 

(Çingiz Göygöl)
-Azərbaycanlı məşhur mühacir Çingiz Göygölü qızının dilindən tanımaq istərik. Bizə atanızdan, ananız Perihan xanımdan bəhs edin. Çingiz bəy mühacirətdə necə bir həyat yaşadı?
-Mənim atam Azərbaycanın eşqi ilə yaşadı və Azərbaycana olan həsrəti ilə gözlərini əbədi olaraq yumdu. Biz uşaq olarkən atamgil Azərbaycan dərnəkləri, Azərbaycan günləri təşkil edərdilər. Atam Azərbaycan rəqslərini də çox gözəl bacarırdı. Anam isə həm xaricdən, həm də qəlbən çox gözəl bir xanım idi. O, əsl bir xanım idi. Möhtəşəm ana idi. Atam-anamız bizə oxumağı, peşə sahibi olmağı, həyatda uğur qazanmağı, öz ayaqlarımız üzərində durmağı öyrətdilər. Heç vaxt nə atamdan, nə də anamdan "tez ailə qurun” cümləsini eşitmədik.

(Perihan xanım)
Atam evinə, ailəsinə çox bağlı bir insan idi. Hətta günorta da yemək üçün evimizə gələrdi. İstəyirdi ki, biz həmişə gözəl geyinək, təmiz və baxımlı olaq, məktəbdə yaxşı qiymətlər alaq, uğur qazanaq. Atam bizi özəl məktəblərdə oxutdu. 

(Çingiz Göygöl və qardaşı oğlu Oğuz)
Atam oğul övladı olmadığına görə əvvəllər bir az kədərlənirdi. Amma yaşa dolduğu zaman fikirləri belə dəyişdi: "Mən nə axmaq adam olmuşam, oğlan övladım olmadığına görə kədərlənmişəm. Allah mənə övladların ən yaxşısını, brilyant kimi dörd qızı verib. Allaha min dəfə şükür olsun”- deyərdi. 

(Çingiz Göygöl)
-Çingiz Göygöl Azərbaycan Milliyyətçilər Dərnəyinə başqanlıq edib, "Türk izi”, "Mücahid” kimi önəmli dərgilər nəşr etdirib. Sizin adınız həmin dərgi ilə bağlıdır?
-Hamımızın adını atam qoyub. Mən istisna olmaqla digər bacılarımın ikinci adları belədir: böyük bacım ata nənəm Yaqutun adını daşıyır. Digər bacım isə sürgünə göndərilən bibim Şulənin adını danışıyır. O biri bacım da digər bibimin adını daşıyır, Mahtaban. Bacılarım və mənim tam adlarımız belədir: Yaqut Yıldız, Şulə Güliz, Nərgiz Mahtaban və Aykut Türkiz. 

-Atanız Çingiz Göygöl Türkiyədə mühacirətdə olarkən Azərbaycan üçün çox dəyərli işlər görmüş bir şəxsiyyət. Siz bu barədə nə demək istərsiniz?
-Çingiz Göygölün qızı olduğum üçün fəxr edirəm. Atam bizə Azərbaycana qarşı böyük bir sevgi aşıladı. Mən də UNFPA-dakı işi qəbul etməklə Azərbaycana xidmət etmək istəyirdim. Biz UNFPA ilə birlikdə Gəncədə bir təhsil mərkəzi açdıq. Azərbaycana başqa faydalarım da oldu. Əziz atam 1987-ci ildə vəfat etdi. Mən isə Azərbaycana (Bakı, Gəncə və Göygöl) ilk dəfə 1989-cu ildə gəldim. Kaş ki, atam bir neçə il də yaşayardı və mən də Gəncə, Hacıkənd, Göygöllə bağlı xatirələrimi, şəkillərimi onunla bölüşərdim. 

(Niyazi, Çingiz Gökgöl və qardaşı oğlu Selçuk)
-Göygöl Azərbaycanda Gəncə şəhəri yaxınlığında məşhur bir göldür. Atanız soyadınızla (Gökgöl) bağlı sizə nə danışardı?
-Atamızın Azərbaycana olan sevgisi soyadımızın da oradan gəlməsinə səbəb oldu. Soyadımızın Gəncədəki Göygöldən gəldiyini bilirik. 1989-cu ildə Göygölə gedəndə onun gözəlliyinə heyran oldum. 

(Çingiz Göygöl, Mirzə Göygöl və nəvəsi)
-Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Nəsib bəy Yusifbəyli və həyat yoldaşı Şəfiqə Qaspıralı haqqında nələr bilirsiniz? Nəsib bəyin qızı Zöhrə Yusifbəyli əminiz Mirzə Göygölün xanımı idi…
-Nəsib bəy Yusifbəylinin "nənə” dediyimiz Şəfiqə xanımın həyat yoldaşı olduğunu bilirəm. O, Gəncədə anadan olub. Daha sonralar isə Krımda Şəfiqə xanımın atası İsmayıl Qaspıralı ilə birlikdə "Tərcüman” qəzetini nəşr ediblər. Onun "Tərcüman” qəzetində yazıları yayımlanıb. Həmin vaxt Şəfiqə xanımla tanış olublar və ailə qurublar. Nəsib bəy Yusifbəylinin böyük işlər gördüyünü, nazir, baş nazir olduğunu da bilirəm. Hətta qısa bir müddətlik İstanbula gəlməsi barədə də məlumatlıyam. Bolşeviklərin istilasından sonra 37 və ya 38 yaşında ikən öldürüldüyünü də bilirəm. Nənəm Şəfiqə xanım da öz atasının təşəbbüsü ilə bir jurnal da nəşr edib. O, qadın hüquqlarının qorunması ilə bağlı çalışırdı. 

(Arman Göygöl Kline və ailəsi)
-Əminiz Mirzə Göygölün həyat yoldaşı Zöhrə Yusifbəylini, qardaşı Niyazi Yusifbəylini (Nəsib bəy Yusifbəylinin övladları) necə xatırlayırsınız? Azərbaycandan heç bəhs edərdilər?
-Niyazi bəy atamın ən yaxın dostlarından biri idi. Oğlunun adını da Nəsib qoymuşdu. Mirzə Göygöl əmimgil o vaxtlar İstanbulda yaşayırdılar. Biz isə atamın işinə görə Ankarada olurduq. Buna görə də bir-birimizi tez-tez görə bilmirdik. Nəticədə, əmim uşaqları ilə birlikdə böyüyə bilmədik. Əmim iş üçün Ankaraya gələndə bizdə qaldırdı. Biz də İstanbula gedəndə "Kabataş” tərəfdə (Ayazpaşa) əmimgilin möhtəşəm mənzərəli evində qalırdıq. Əmim ciddi bir insan idi. Şəfiqə nənəm və Zöhrə "yengəm” bizimlə ciddi məsələlər, Azərbaycan, Krım haqqında danışmazdılar.
 
(Çingiz Göygöl)
-Azərbaycan Cümhuriyyətinin dövlət hesabına Avropada ali təhsil almaq üçün göndərdiyi tələbələrdən olan əminiz, məşhur alim Mirzə Göygöllə bağlı bilmək istərik. Necə bir həyat yaşadı? Övladları ilə əlaqə saxlayırsınızmı?
-1980-ci ildə ABŞ-dan Türkiyəyə gələndə əmimin böyük oğlu Səlcukla (Səluş deyərdik) çox yaxın dost olduq. Hərdən görüşüb, Tarabiyada "rakı” içməyə gedərdik. Söhbətimiz çox gözəl olardı. Əmim oğlanları "Oşan” (Oğuz), Dəmir Göygöl (aktyor) və əmim qızı Şulə Türkiyədən Almaniyaya köçdülər. Bundan sonra əlaqələrimiz kəsildi. Xeyli vaxtdır ki, bir-birimizdən xəbərsizik. 

(Çingiz Gökgöl-Niyazi bəy)
-Azərbaycanla bağlı hansı xatirələriniz var?
-Əvvəllər Azərbaycana UNFPA vasitəsi ilə iş üçün gələrdim. Daha sonra isə qohumlarımızı görmək üçün gəldim. Övladlarım da Azərbaycana gəliblər. Həyat yoldaşımla birlikdə ən az 5 dəfə Azərbaycanda olmuşuq. Bibimin qızı Türkan üç il bundan öncə vəfat etdi. Onu və digər qohumlarımızı görmək üçün Bakıya gələrdim. Yəni ki, axırıncı dəfə 3 il öncə Bakıda olmuşam. Türkan və qızı Fatma da İstanbula tez-tez gələrdilər. 

-Azərbaycan sizin üçün nə məna ifadə edir?
-Azərbaycan mənim Ata Yurdum – Vətənimdir. Biz yarı azərbaycanlıyıq. Azərbaycan deyiləndə öz Vətənim kimi hiss edirəm. Azərbaycanın bir çox yerlərində oldum. Çox gözəl bir ölkədir. Atamın bizə danışdığı kimi gözəldi. 

(Məcid Göygöl)
-Atanızın yaxın dostu azərbaycanlı memar, yazar Safvet Məlik-Zərdabi (Həsən bəy Zərdabinin Türkiyədəki mühacir oğlu) və həyat yoldaşı Nəfisə xanımla bağlı nələr bilirsiniz? Onları necə xatırlayırsınız?
-Safvet bəy və Nəfisə xanımı çox yaxşı xatırlayıram. Ankarada Ulus məhəlləsində Posta küçəsində evləri vardı. Evlərini gözəl dizayn etmişdilər. Uşaqları yox idi, bizi, xüsusilə, böyük bacım Yaqutu çox sevirdilər… Olduqca nəzakətli, mədəni insanlardı.
 
  (Çingiz Göygöl)
-Atanızın azərbaycanlı qohumlarından, dostlarından daha kimləri tanıyırdınız? Sizə kimlər qonaq gələrdilər?
-Niyazi bəy Yusifbəyli, həyat yoldaşı Nəzakət xanım, Əflan Muğan bəy, gəncəli İsa Göçer bəy və qardaşlarını, Mehmet Altunbay, Əli Taşkent, Müallim Nəbi bəy, Beşir bəy, Bahadır bəy, Taki bəy, İbrahim Sofu, Hüseyin Gencer bəy, İsmail və Davud Saryal qardaşlarını yaxşı xatırlayıram. Çünki həmişə evimizə gəlib-gedərdilər. Bayram günlərində bütün azərbaycanlılar evimizə toplaşardılar. İstanbuldakı nənəm Şəfiqə xanım Qaspıralının qardaşı Heydər Qaspıralı və qızı İnci xanımı yaxşı xatırlayıram. 

  (Şəfiqə xanım Qaspıralı)
-Azərbaycana yenidən gəlmək istərsinizmi?
–Azərbaycana mütləq yenidən gedəcəyik. Bəlkə də gələn il.

(Perihan və Çingiz Göygöl)
-28 May Azərbaycan Xalq Cümhuriyyətinin(AXC) yaranması günüdür (1918-ci il). Ailəniz Azərbaycan Xalq Cümhuriyyətinin dəyərli varislərindəndir. Bu barədə nə demək istərsiniz?
-Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyətinin önəmli şəxsiyyətlərindəndir. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından iki il sonra öldürüldü. Onun kimi bir çox insan öz Vətənləri üçün həyatlarını qurban verdilər. Ümid edirəm ki, Azərbaycan Xalqı bu Cümhuriyyətin qurulması və müstəqil olması üçün həyatlarını fəda edən insanları heç vaxt unutmaz və özlərinə layiq bir həyat sürərlər. Gənclər hər zaman onları xatırlamalıdırlar. 

(Eral Gökgöl-Kline və ailəsi)
-Ailəniz, amerikalı həyat yoldaşınız, övladlarınız haqqında bilmək istərik. Maraqlıdır ki, sizin övladlarınız da "Gökgöl” soyadını daşıyırlar. Azərbaycanla bağlı onlara nə danışırsınız?
-İki oğlum var: Arman Çingiz Göygöl Kline və Eral David Göygöl Kline. İki oğlumun da iki övladı var. Armanın oğlu Marin Eral Göygöl Kline (10 yaş), Evren Skott Göygöl Kline (8 yaş). Eralın oğlu Kai Alexandır Göygöl Kline (9 yaş), qızı Keilani Armana Göygöl Klinedir (6 yaş). 

(Gökgöl-Kline ailəsinin nəvələri)
Həyat yoldaşımın atası tərəfi 1600-cü illərdə Hollandiyadan Amerikaya köçüblər. Ana tərəfi isə ingilis və alman mənşəlidir. Onlar da 1700-cü illərdə Amerikaya mühacirət ediblər. Həyat yoldaşım Kanzasda anadan olub və Amerika vətəndaşıdır. 

"Mən Harvard Universitetində fəlsəfə doktoru ikən onunla (həyat yoldaşım) tanış oldum”.
-Orada professor kimi çalışırdı. Özümü həmişə həm azərbaycanlı, həm də türkiyəli kimi görmüşəm. Övladlarım da özlərini elə görürlər. Qardaşımız olmadığı üçün övladlarım da atamın soyadını (Göygöl) daşıyırlar. Hətta nəvələrimə də bu soyadı veriblər. Nəvələrimiz də, övladlarımız da Göygölü tanıyırlar. Və babalarının (Çingiz Göygöl) həyatı haqqında həmişə onlara danışırıq.
 
(Eral Gökgöl-Kline və xanımı)
-Sonda oxucularımıza nə demək istərsiniz?
-Türkiyə ilə Azərbaycan bir-birinə ən yaxın, iki qardaş ölkədir. Təəssüf ki, keçmişdə baş verən çirkin siyasi oyun və hadisələr ailələrin parçalanmasına səbəb olub və atamız Türkiyəyə gələrkən anası, bacısı, qardaşı Azərbaycanda qalıb. Ümid edirəm ki, Azərbaycan və Türkiyənin sevgi bağı hər zaman davam edəcək. 








Xəbər lenti