"Akkord"un keçmiş rəhbəri: “Biznesimi əlimdən alıblar”

Загрузка...
Moskvada artıq neçənci aydır ki, azərbaycanlı iş adamı İlqar Hacıyevin tikinti biznesinin ələ keçirilməsi ilə bağlı səs-küylü qalmaqal davam edir. Son aylarda Rusiya KİV-lərinin xəbər başlıqları uzaq "başıpozuq 90-ların” xronikasını xatırladır: burada həm reyder basqınları, özəl mühafizə təşkilatlarının və polisin özbaşınalığı, "qanuni oğru”ların iştirakı və əlbəttə ki, çox böyük pullar işə qarışıb.
Ailə üzvlərinin həyatından ehtiyat edərək, İlqar Hacıyev Rusiyanı tərk edib və indi prezident Vladimir Putindən yaranmış vəziyyətə müdaxilə edilməsini və biznesinin ələ keçirilməsini dayandırmağı xahiş edir. Virtualaz.org-un əməkdaşı İlqar Hacıyevlə söhbət edib və ilk mənbədən öyrənib ki, bir neçə həftə ərzində müasir Rusiyada uğurlu və çoxmilyonluq biznesdən necə məhrum olmaq olar.
- İlqar müəllim, sizi Azərbaycanda, əsasən, iri tikinti şirkəti olan "Akkord”un keçmiş rəhbəri və Ümumrusiya Azərbaycanlıları Konqresinin keçmiş icraçı direktoru kimi tanıyırlar. Rusiya KİV-ləri sizin Moskvadakı "SDI Group” tikinti şirkətinizin uğurlu fəaliyyətindən yazsalar da, Azərbaycan ictimaiyyətinin bu fəaliyyətiniz barədə az məlumatı var. "SDI Group” necə yarandı və şirkət Moskvada bu cür geniş fəaliyyət dairəsini qurmağa necə müyəssər oldu?
- 2005-ci ildə Azərbaycanda "Akkord” şirkətlər qrupu fəaliyyətə başladı. Cəmi bir neçə il ərzində biz onu transmilli şirkətə çevirə bildik və Gürcüstan, Türkiyə, Ukrayna, Özbəkistan və Qazaxıstan kimi ölkələrdə işləyirdik. "Akkord”un uğurlu təcrübəsindən biz Moskvada istifadə etdik və 2011-ci ildə burada tərəfimdən "SDI Group” yaradıldı. "SDI Group” hazırda tikinti, layihələndirmə, tikinti materiallarının istehsalı, daşınmaz əmlakın satışı və idarə edilməsi ilə məşğul olan təxminən iyirmi hüquqi şəxs deməkdir. Şirkətin ən iri tikinti layihələri arasında Moskvanın cənub-qərbində, "Prospekt Vernadskoqo” metro stansiyasının yaxınlığında 25 mərtəbəli, öz ticarət mərkəzi olan "VernadSKY” yaşayış kompleksini; Moskva vilayətində, Piroqovo kəndində 49 hektar ərazidə yerləşən 20 doqquzmərtəbəli binadan ibarət "Piroqovskaya rivyera” yaşayış kompleksini; Mitkino kəndində 34 hektar ərazidə yerləşən, ümumi sahəsi 131 min kvadrat metr olan 12 binadan ibarət "Akkord Smart-kvartal” yaşayış kompleksini; Ümumrusiya Xalq Təsərrüfatı Nailiyətləri Sərgisinin (VDNX) yaxınlığında Kreml atçılıq məktəbini və Moskvanın Krılatskaya küçəsindəki rəqs məktəbini, eyni zamanda Moskvada və Moskva vilayətində 50-dən çox infrastruktur obyektini göstərmək olar. Ümumilikdə, qrupun şirkətlərinin Rusiyadakı işi dövründə 8 milyard rublluq dövlət podratı yerinə yetirilib. Bütün bu işləri biz 2019-cu ilin əvvəllərinə qədər uğurla və ən yüksək səviyyədə yerinə yetirmişik...
- Belə başa düşürəm ki, məhz həmin vaxt biznesinizin ələ keçirilməsinə başlanıb. Hadisələrin necə inkişaf etməsi barədə danışa bilərsinizmi?
- Tamamilə doğrudur, 2019-cu ilin yanvarından Qod Nisanovun rəhbərliyi altında naməlum üçüncü şəxlər tərəfindən bir sıra hərəkətlər edilib ki, bunların nəticəsində məni tikinti şirkətlərimin idarə edilməsindən kənarlaşdırıblar. Bunlar öz ifadəsini onda tapdı ki, mənim və ailə üzvlərimin barəsində fiziki güc tətbiqi hədə-qorxuları altında mən Rusiyanı tərk etməyə məcbur oldum, belə ki, həmin hədələri real qəbul etdim. Beləliklə, mənim biznesim ələ keçirildi və bu, tikinti meydançalarımdan birinə - "VernadSKY” yaşayış kompleksinə hücumla müşayiət olundu. Yanvarın 21-də sözügedən tikinti meydançasına olunmuş hücum nəticəsində tikinti işləri tamamilə dondurulub, inşaatçıları isə iş yerlərini tərk etməyə məcbur ediblər. Bütün bunlar ona gətirib çıxardı ki, kreditor borclar yarandı və təchizatçılarla subpodrat şirkətləri qarşısında üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün oldu. Bundan sonra, yanvarın 25-də növbəti hücum baş verdi – bu dəfə şirkətimin baş ofisinə. İş gününün sonunda şirkətin Kutuzov prospektində yerləşən ofisinə təxminən 20 nəfər naməlum və aqressiv əhvallı silahlı şəxs daxil oldu. Onlar ofisdən çıxışları bağlayaraq, hamıya mobil rabitə, audio və videoyazı vasitələrindən istifadəni qadağan etdilər. Onlar ofisdə və yaxın ərazidəki videomüşahidə sistemini barbarcasına sökdülər.
- Hücum edənlər hər hansı şərt və ya tələb irəli sürürdülər? Sizin ofisinizlə üzbəüz – Moskva çayının o biri sahilində Ağ Ev – Rusiya hökumətinin binası yerləşir. Təsəvvür etmək mümkün deyil ki, silahlı adamlar günün günorta çağı şirkətə basqın etsinlər, həm də Ağ Evin yaxınlığında...
- Biz özümüz də baş verənlərdən şoka düşmüşdük. Lakin şirkətimə məxsus əmlakın ələ keçirilməsi faktı redaksiyanıza təqdim edəcəyim audio və videoyazılarla sübut olunur. Bu şəxslər binanı tutaraq, hamıdan qeyd-şərtsiz hansısa Flera Teplinskayanın göstərişlərini yerinə yetirməyi tələb etdilər ki, bu qadın da Qod Nisanovun nümayəndəsidir. Ertəsi gün şirkətin ofisinə Qod Nisanovun dayısı oğlu Vladislav Yusupov gəldi, şirkətin top-menecerlərini yığdı və hamıya elan etdi ki, bundan sonra o, şirkətin yeni sahibidir və bütün əməkdaşlar onun və Flera Teplinskayanın göstərişlərini yerinə yetirməlidirlər. Eyni zamanda, bütün flash-kartların və elektron bank açarlarının ona verilməsini tələb edib. Sonradan Flera Teplinskayanın tikinti şirkətlərimə müdaxiləsi nəticəsində bütün tikinti meydançalarında tikinti işləri iflic vəziyyətinə düşdü. Bunların arasında yuxarıda adı çəkilən yaşayış komplekslərində yaşayan vətəndaşlar üçün nəzərdə tutulmuş uşaq bağçaları və poliklinikalar da vardı. Kontragentlərə ödənişlərin edilməsi, həmçinin vergilərin ödənişi, əməkdaşlara əməkhaqqının verilməsi, materiallara görə təchizatçılara, yerinə yetirilmiş işə görə podratçılara ödənişlər mümkün olmadı.
- Biznesini qorumaq üçün hansısa addımları atırdınız? Bəs apreldə ofisinizə təkrar hücumun arxasında nə dururdu?
- Əlbəttə, mən dəfələrlə yaranmış münaqişəli vəziyyəti sülh yolu ilə həll etmək üçün bütün qanuni yollara əl atdım, baxmayaraq ki, külli miqdarda maliyyə itkiləri ilə üzləşmişdim, çünki mən doğrudan da özümün və yaxınlarımın təhlükəsizliyi üçün bərk narahat idim. Lakin Qod Nisanov və digər şəxslər tərəfindən qanunsuz tələblər üzündən güzəşt yolu tapmaq mümkün olmadı. O ki qaldı Kutuzov prospektindəki ofisə təkrar basqına və onun ələ keçirilməsinə, bu, aprelin 24-də baş verib, o vaxt mən Moskvada deyildim. Binaya yenə silahlı şəxslər daxil olub. Onlar ofisin girişini bağlayıblar və əməkdaşlarımı iş yerlərinə buraxmayıblar. Bu şəxslərin şirkətin baş ofisinə qanunsuz soxulmasından sonra şirkətlərimin təsis sənədləri, möhürlər, elektron bank açarları yoxa çıxdı ki, bunlar binaya qeyri-qanuni baxış zamanı polis əməkdaşları tərəfindən götürülməmişdi. Yenə də firmamın işi tamamilə iflic oldu, həm "Piroqovskaya Rivyera”, həm də "Akkord Smart-kvartal” yaşayış komplekslərində, eyni zamanda dövlət müqavilələri əsasında yerinə yetirilən layihələrdə tikinti materiallarının təchizatı və podrat işlərinə görə ödənişlər üzrə təsərrüfat-maliyyə əməliyyatları mümkün olmadı. "Piroqovskaya Rivyera” yaşayış kompleksinin tikinti obyektinə giriş də naməlum şəxslər tərəfindən bağlanmışdı. İnşaatçılar iş yerlərinə buraxılmamışdılar. Bundan başqa, 2019-cu ilin yanvar ayının sonlarından mənim şirkətə rəhbərlikdən uzaqlaşdırıldığım vaxt onların iqtisadi fəaliyyətinə mənim nəzarətim altında olmayan şəxslər tərəfindən müdaxilə nəticəsində kontragentlər qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsinin zərərinə olaraq pul vəsaitlərinin çıxarılması üzrə hərəkətlər yerinə yetirilib. Bu hərəkətlər Qod Nisanovun göstərişi ilə Flera Teplinskaya və Vladislav Yusupov tərəfindən gerçəkləşdirilib. Bu hərəkətlər ona görə edilir ki, məni hüquq-mühafizə orqanları qarşısında gözdən salsınlar. Bununla bərabər, biznesimə nəhəng zərər vurulub ki, bu da özünü kontragentlər qarşısında öhdəliklərimi yerinə yetirə bilməməyimdə göstərib və nəticədə, cərimə sanksiyaları, dəbbə məbləğləri tətbiq edilib. Qeyd etmək lazımdır ki, bundan əlavə, işgüzar nüfuzuma ciddi zərbə vurulub ki, bu da gələcəkdə biznesimin inkişafına mənfi təsir göstərə bilər. Bunun nəticəsində şirkətlərim etibarsız təchizatçılar reyestrinə daxil edilə bilərlər. Təkrar edim ki, ünvanıma Qod Nisanovun adamları tərəfindən bir sıra hədələr, həmçinin fiziki güc tətbiqi ilə bağlı hədələr, bundan savayı, Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və digər nəzarət orqanları tərəfindən şirkətlərimin fəaliyyətinin yoxlanması hədələri daxil olurdu. Pul tələb edilməsi yolu ilə təzyiq göstərilirdi.
- Biznesinizin ələ keçirilməsini Qod Nisanovun adı ilə bağlayırsınız. O, həm Azərbaycanda, həm də Rusiyada çox məşhur iş adamıdır. Mənim üçün də, bir çox azərbaycanlılar kimi, iki həmvətənimizin qarşıdurmasını seyr etmək ağırdır. Münaqişənizin kökündə nə durur? Öz aranızda razılığa gəlmək mümkün deyilmi?
- Dediyim kimi, dəfələrlə bütün qanuni yollarla yaranmış münaqişəli vəziyyətdən sülh yolu ilə çıxmağa çalışmışam. Lakin Qod Nisanovun əsassız və qanunsuz tələbləri üzündən ümumi dil tapmaq mümkün olmadı. Azərbaycan diasporu çox sıx təmasdadır. Azərbaycandan çıxmış iş adamları bir-birini tanıyır və konkret olaraq mən Nisanovla ailəsini hələ vətənimizdə iş gördüyüm vaxtlardan tanıyıram. Biznesimi Moskvaya köçürməyə qərar verdiyim vaxt biz işgüzar tərəfdaşlıq barədə razılığa gəldik. 2014-cü ildə mən Moskva vilayətinin Piroqovo qəsəbəsində Klyazmya su anbarında yaşayış binası tikmək üçün dəyəri 70 milyon dollar (həmin vaxtın məzənnəsi ilə təxminən 2 milyard rubl) olan sahə tapdım və onu iş adamı German Zaxaryayev və onun qardaşı İsayla (Zaxaryayev və Nisanov uşaqlıq dostlarıdır) şərik aldım. Mən layihə üzrə yaradılmış "Komfort nedvijimost” şirkətində 50% pay sahibi oldum. Zaxaryayevlər isə öz paylarını nominal mülkiyyətçi kimi qeydiyyatdan keçirdilər. Həmin ərazidə "Piroqovskaya Rivyera” komfort sinifli yaşayış kompleksinin tikintisi başladı. Baş podratçı "Akkord-stroy”, binanı tikən şirkət isə "SDI Group” idi. İlkin mərhələdə mən tikintinin bütün işlərini özüm aparırdım, lakin 2014-cü ilin sonlarında Zaxaryayevlər öz baş direktorlarını təyin etdilər və məni operativ idarəçilikdən uzaqlaşdırdılar. Biz binanın ilk mərhələsinin təhvil veriləcəyi 2016-cı ilin əvvəlinə işləri yekunlaşdıra bilmədik və mən layihəni öz əlimə qaytarmağa çalışdım, bundan bir şey çıxmayınca Nisanovla danışıqlara başladım. Nəticədə, mən Zaxaryayevlərin payını almalı və Nisanovun maraqlarını təmsil edən Albert İmanilovu partnyor kimi qəbul etməli oldum. O zaman partnyor dəyişikliyini bizim artan biznesimizin dəstəklənməsinə zərurətin yaranması ilə izah etdilər və bunu Nisanov təmin edə bilərdi. Mən çox pul qoymuşdum, həm də tikintidə artıq payçılar var idi, buna görə də, başqa seçimim yox idi.
- Lakin aranızdakı əsas mübahisə səbəbi başqa bir obyekt – "VernadSKY” yaşayış kompleksi olub?
- Tamamilə doğrudur, 2017-ci ildə "SDI Group” "VernadSKY” yaşayış kompleksində ümumi sahəsi 48 min kvadrat metr olan klub evinin və kommersiya sahələrinin tikintisinə başladı. Mən tikintinin təşəbbüskarı idim və ilkin mərhələdə təxminən 50 milyon dollar vəsait qoymuşdum, bir il ərzində - icazə sənədlərinin alınması, ekspertiza və layihələndirmə vaxtında operativ idarəetmə ilə məşğul idim. 2018-ci ildə şirkətimiz satış ofisi açdı və bir ay ərzində 300 mənzildən 40-nı satdıq. Biznes-plana əsasən, kompleks 200 milyon dollar xeyir gətirməli idi. Biz gəliri aşağıdakı kimi bölüşdürməyi qərarlaşdırmışdıq: yaşayış sahəsinin 70%-i və kommersiya sahəsinin 50%-i mənə, yerdə qalanı isə partnyora aid olacaqdı. Özül atılan vaxt mən kommersiya sahələrindəki payımı satmaq qərarına gəldim və özümə yalnız yaşayış sahələrini saxladım. Lakin mənim üçün gözlənilməz olaraq Nisanovun nümayəndələri bildirdilər ki, kommersiya sahələri satılmır. Bu, onların sahəsi olduğuna görə, görünür, həmin sahələri təkbaşına idarə etmək fikrinə düşmüşdülər. O zaman mən layihədəki payımı təxminən 3 milyard rubla almalarını təklif etdim. Danışıqlar dalana dirəndi və mənə sadəcə olaarq təklif edildi ki, bütün layihəni partnyorlarıma verim.
- Təbii ki, siz imtina etdiniz və yanvar ayında "VernadSKY” yaşayış kompleksinin tikinti neydançasına hücum edildi?
- Bəli, "Vernad SKY”da işlər Qod Nisanovun adamlarının hücumundan sonra tamamilə dondurulmuşdu. Ailəmə hədə-qorxu gəlindiyindən, mən yığışıb Avropaya getdim, oradan isə Qod Nisanovla məsafədən danışıqlarımı davam etdirdim, lakin nəticə hasil olmadı. Bundan əlavə, mənim orada olmadığımdan istifadə edərək, onlar ofisimi ələ keçirdilər. Bu barədə mən sizə artıq ətraflı danışmışam...
- Biznesinizin müdafiəsi üçün bundan sonra hansı addımları atmağı düşünürsünüz?
- Barəmdə olan bütün qanunsuzluqlara və biznesimin ələ keçirilməsinə baxmayaraq, inanıram ki, Rusiya hüquqi dövlətdir. Bütün istiqamətlər üzrə vəkillərim fəal işləyirlər. Mən Rusiyanın hüquq-mühafizə orqanlarının rəhbərlərinə və şəxsən Rusiya Federasiyasının prezidenti Vladimir Putinə müraciət ünvanlamışam. Bundan əlavə, Azərbaycanın Rusiyadakı səfirliyinə və Azərbaycan dövlətinin başçısı İlham Əliyevə müraciət hazırlayırıq. İnanıram ki, bu qanunsuzluqlara son qoyulacaq və mən Rusiyaya qayıdaraq layihələrimi bitirə biləcəyəm. 













Загрузка...
Загрузка...

Xəbər lenti