Akif Çovdarovun adamlarından biri həbsdən buraxıldı

Akif Çovdarovun adamlarından biri həbsdən buraxıldı
Загрузка...
Sabiq idarə rəisi həbsxanadan çıxandan sonra Heydər Əliyevin məzarını ziyarətə gedib Ləğv olunmuş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarovla birlikdə həbs olunan işçilərindən biri azadlığa buraxılıb. Bu, onun tabeliyindəki idarələrdən birinə rəhbərlik edən Akif Əliyevdir. Meydan TV-nin əldə etdiyi məlumata görə, sabiq idarə rəisi cəzası başa çatdığına görə mayın 4-də səhər saatlarında Şüvəlan təcridxanasından azadlığa buraxılıb.
O, həbsxanadan çıxandan sonra birbaşa sabiq prezident Heydər Əliyevin məzarını ziyarətə gedib. Həbs etmək hədəsiylə, işgəncə verməklə işadamlarının pullarının əllərindən alınması, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozaraq, insanların məhkəmə qərarı olmadan izlənməsi, telefonlarının dinlənilməsi və s. əməllərdə ittiham olunan A.Əliyev Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmüylə 5 il azadlıqdan məhrum edilmişdi.
Ali Məhkəmə bu yaxınlarda onun işinə baxaraq, cəza müddətini 5 ildən 3 il 6 aya endirib. Həmin müddət də başa çatdığından A.Əliyev azadlığa buraxılıb. Ali Məhkəmə yaxın vaxtlarda Akif Çovdarovun da şikayətinə baxacaq. Bakı Hərbi Məhkəməsinin hökmüylə 12 il azadlıqdan məhrum edilən Çovdarov bundan əvvəl Ali Məhkəməyə kassasiya şikayəti versə də, dekabrın 28-də saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsindən məktub göndərib, şikayətini geri götürmüşdü.
Ali Məhkəmə də yanvarda həmin ərizə əsasında onun şikayətinə baxmaqdan imtina etmişdi. Lakin bu yaxınlarda A.Çovdarov yenidən kassasiya şikayəti verib. 2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı - Akif Çovdarov, Sübahir Qurbanov, Natəvan Mürvətova, Elçin Quliyev və Teymur Quliyev. Keçmiş MTN vəzifəlilərindən Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib. 2015-ci ildə həbs olunan MTN-çilərdən bir qismi azadlıqdadır. Onların arasında general Natəvan Mürvətova, polkovnik Mirəziz Əsgərov da var.
Загрузка...
Загрузка...

Xəbər lenti