“AKİF BABA” VƏ “ŞREK” – Eldar Mahmudova “piyaniska” deyir, Ramiz Mehdiyevi lənətləyirlər...

“AKİF BABA” VƏ “ŞREK” – Eldar Mahmudova “piyaniska” deyir, Ramiz Mehdiyevi lənətləyirlər...
Загрузка...
Azərbaycanın ən yeni tarixində vaxtilə hüquq-mühafizə orqanlarında yüksək məqam sahibləri olmuş, "qılıncının dalı da, qabağı da kəsən”, sonradan isə həbsxana divarları arasında ömür keçirməyə məhkum olan şəxslər var ki, onların keçdiyi "həyat yolu” hər kəs üçün maraqlıdır. Bu sıraya, Hacı Məmmədov başda olmaqla, bir çoxlarını aid etmək olar. Həmin şəxslər arasında "MTN işi”nin əsas personajlarından biri, 2015-ci ildə həbs olunan və 2017-ci ildə məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilən, bir neçə gün öncə isə əfv olunan general Akif Çovdarov və digər general, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev də var...
Son günlər YAP-ın ən parlaq simalarından olmuş Eldar Sabiroğlunun oğlu, bir müddət prokurorluq orqanlarında çalışan, daha sonra məhbəs həyatı yaşamış Rüfət Səfərovun həbsxanada qarşılaşdığı bu iki generalla bağlı özünün sosial şəbəkə səhifəsində paylaşdığı silsilə yazılar marağa səbəb olub. Həmin yazılarda xüsusilə həbsxanada Akif Çovdarov üçün yaradılan şəraitə, eləcə də sözügedən generalların şəxsi keyfiyyətlərinə, Eldar Mahmudovla münasibətlərinə, həmçinin onların həbs səbəblərinə dair maraqlı məqamlar var. 
Generalların həbslərinə görə günahkar saydıqları məmurlar...
R.Səfərovun yazdığına görə, həbsxanada E.Quliyevə "Şrek” ləqəbi qoyubmuşlar: "Dustaqlar general Quliyevə "Şrek" ləqəbi qoymuşdular. Diş həkiminin səriştəsizliyi nəticəsində dişləri elə formada qoyulmuşdu ki, güləndə ağzının qabaq dişləri çox irəli çıxırdı...” 

Sabiq müstəntiq yazısında "Şrek”-in və Çovdarovun öz həbslərinə görə kimləri günahlandırdığına dair maraqlı epizodlar da yer alıb. Məsələn, yazının R.Səfərovun generallarla söhbətlərindən birini əks etdirən hissəsində Elçin Qyuliyevin söylədiklərinə yer verilir:
"...İki övladım və həyat yoldaşımın dolanışığı bərbaddır. Qalmışam çarəsiz. Bu qədər xidmətdən sonra məni 10 il 6 ay ilə cəzalandırdılar. Bu işdə ölkə rəhbərliyinin heç bir rolu yoxdur.
- Elçin müəllim, bəs sizi bura kim göndərib? - ... (Elçin Quliyevin bu yerdə iki nəfər barəsində təhqiramiz ifadə işlətdiyi qeyd olunur)
- Anlamadım.
- ... Bir zamanlar Sabiroğlunun adını yox, 2-ci ləqəbini çəkərək tənqid etdiyidir: Prezident Aparatının...(Əli Həsənov nəzərdə tutularaq təhqiramiz bir bənzətmə aparılır). Yadındamı, Sabiroğlu "Yeni Müsavat" a 10-15 il əvvəl serial müsahibələr vermişdi? Onun ad və soyadını açıq ifadə etməsə də, bilirdik ki, söhbət kimdən gedir. (Daha bir təhqiramiz ifadə işlədilir.) ..... də atanın barəsində serial siyasi hekayə yazdığı qocadır.
- Siz Ramiz Mehdiyevi nəzərdə tutursunuz?... 

- Nə fərqi var... (təhqiramiz tərzdə təsdiqləyir.) Çovdarov bu arada əllərini arxasında çarpazlayıb, ağır-ağır yeriyirdi. Arada ona baxdım: avtobus sürücüləri kimi növbəti yandırdığı siqareti ağzında saxlayıb çəkirdi, kül yaxasına tökülürdü, tüstü gözlərinin qıyılmasına səbəb olsa da elə bil əllərini arxasından dodaqlarına sarı gətirməyə ərinirdi. O, "Şrek" lə söhbətimizə qəti müdaxilə etmirdi...” Yazının bu hissəsindən belə aydın olur ki, Akif Çovdarovla Elçin Quliyev öz həbslərində Prezident Administrasiyasının o vaxtkı rəhbəri Ramiz Mehdiyevi və şöbə müdiri Əli Həsənovu günahkar sayırlar.
"Piyaniska” kimdir?
Daha sonra Rüfət Səfərov sabiq MTN generallarının Eldar Mahmudova olan münasibətini ortaya qoyan dialoqu xatırlayır. Həmin söhbətdən belə məlum olur ki, genarallar "piyaniska” adlandırdıqları Eldar Mahmudovun güdazına getmələrindən şikayətləniblər: "Görünür, bilmədiyim xüsusatlar var, deyə, içimdə öz-özümə sual verdim: bu, o həddə səfehdir ki, siyasi motivlərlə həbs həyatı yaşayan bəndənizlə açıq tekstlə danışıb, bu və ya digər məxfi mətləblərin üzərindən sirr pərdəsini qaldırır? Özümə qeyri-iradi cavabım da oldu: uzun illər Respublikanın Antiterror Mərkəzinin rəisi kimi ən mühüm və yüksək iradə tələb edən vəzifənin daşıyıcısı olan general-mayor həbsə düşdükdən sonra miskin iradəsizlik nümayiş etdirib, bir neçə dəfə intihara cəhd edibsə, hətta ayaq damarlarını doğrayıbsa, demək ki, səfehləyib. Amma qarşıda görəcəksiniz ki, "baba"sı da xərifləyibmiş: məni özlərinə qarşı səmimi biri kimi dəyərləndirərkən...
- (Ramiz Mehdiyevlə Əli Həsənovu nəzərədə tutan ifadələr.) heç zaman bizim işimizi qiymətləndirmədilər. Daim rəhbərin yanında bizi və zibilinə düşdüyümüz "piyaniska"nı vurmağa çalışdılar. 

- Müəllim, "piyaniska" dediyiniz kimdir? - deyə söhbətin kimdən getdiyini bilsəm də, artıq sual verdim. Bu zaman Çovdarovun səbr kasası daşdı.
- Əəə, sən də danışırsan, normal, düz-əməlli danış da! Yoxsa, elə bilirsən ki, əvvəlki zaman bərpa olunacaq. Bir bu uşağın üzunə bax. Gör necə nurani, səmimi uşaqdır... Həm də dədəsinin haqqında eşitmişik, bilirik: ot kökü üstə bitər, - deyə son dərəcə kobud, burada yaza bilməyəcəyim vulqar ifadə ilə "Şrek"i pərt elədi.
- Eldar müəllimdən söhbət gedir də, baba! - deyib, az öncəki aşağılayıcı formada etdiyi təqdimatı "müəllim"lə əvəzlədi...”
Göründüyü kimi, sabiq müstəntiqin yazdıqlarından belə nəticə çıxır ki, bir vaxtlar ölkədə "meydan sulayan” generallar nəinki özlərinin, hətta "piyaniska” adlandırdıqları sabiq MTN "şefi” Eldar Mahmudovun belə "vurulmasında” Ramiz Mehdiyevlə Əli Həsənovun xüsusi rol oynadıqları fikrindədirlər...

Xəbər lenti