Ailəsi Fuad Qəhrəmanlının taleyindən narahat olduğunu bildirir

Ailəsi Fuad Qəhrəmanlının taleyindən narahat olduğunu bildirir
Загрузка...
 "Fuad Qəhrəmanlının taleyindən narahatıq. Onunla bağlı hər hansı xəbər yoxdur. Özü ilə görüş vermirlər, evə də zəng vurmur.” Bu barədə Amerikanın Səsinə müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin həbsdə olan üzvü Fuad Qəhrəmanlının ailəsindən bildiriblər.
Bununla yanaşı ailə üzvü bildirib ki, saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında Fuad Qəhrəmanlıya sovqat qəbul edirlər.
"Amma maraqlı odur ki, biz apardığımız sovqatın Fuada çatdırılıb-çatdırılmadığını bilmirik. Belə ki, əvvəlki həbsləri zamanı Fuad Qəhrəmanlının çirkli paltarlarını və sovqat apardığımız qab-qacağı növbəti dəfə geri qaytarırdılar. İndi hələ ki, Fuadın nə çirkli paltarlarını, nə də qab-qacağı geri qaytarmırlar. Deyirlər Fuad qaytarmır. Şübhə yaranır ki, Fuad bu qədər qab-qacağı və çirkli patlarları niyə kamerasında saxlayır?” ailə üzvü Amerikanın Səsinə deyib. Öz növbəsində, Amerikanın Səsinin Penitensiar Xidmətdən deyilənlərə münasibət öyrənməsi mümkün olmayıb.
Fuad Qəhrəmanlı iyulun 14-15-də Qarabağa dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin parlamentin binasına girişi, polis maşınının aşırılması) görə başlanmış cinayət işi üzrə iyulun 23-də istintaqa cəlb olunub, barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) , 186-cı (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. AXCP Fuad Qəhrəmnalı və digər çoxsaylı fəallarına qarşı irəli sürülən ittihamları siyasi sifariş hesab edir.
Çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları isə hökuməti yaranmış durumdan müxalifətin zəiflədilməsi üçün istifadə etsiyinə görə qınayıb. Rəsmi qurumlara gəlincə, onlar bu tənqidləri qəbul etmir və qərəzli sayır. Hüquq müdafiəçiləri istintaq zamanı Fuad Qəhrəmanlının ağır işgəncələrə məruz qaldığı barədə məlumatlar yaysa da Baş Prokurorluq bu məlumatları təkzib edib.
Bununla yanaşı, Fuad Qəhrəmanlı onun hüquqlarını müdafiə edən müstəqil vəkildən imtina edib və dövlət tərəfindən təyin edilən vəkilin hüquqlarını müdafiə etməsini istəyib. O indiyədək ailəsi ilə yalnız bir dəfə telefon əlaqəsi saxlayıb. Ailəsinin dediyinə görə, telefon danışığı bir dəqiqəyədək olub və tez zamanda kəsilib. Ombudsman Aparatının məlumatına görə, İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva avqustun 3-də təcridxanada Fuad Qəhrəmanlı ilə görüşüb.
"Fuad Qəhrəmanlı saxlandığı müddətdə onunla rəftardan və saxlanma şəraitindən şikayət etməyib, hal-hazırda sağlamlıq durumununnormal olduğunu bildirib,” Ombudsman Aparatının məlumatında deyilir. Bununla yanaşı, müstəqil müşahidəçilər və həbsdə olarkən işgəncə faktları ilə bağlı ombudsamana məlumat verən keçmiş məhbuslar dəfələrlə bildirib ki, ombudsmanın yaydığı məlumatlarla onların ombudsmana dedikləri fərlqi olub.
"Təbii ki, mənim işgəncə ilə bağlı söylədiklərimlə Ombudsman Aparatının yadığı məlumatlar bir-birinə uyğun gəlmirdi,” keçmiş məhbus, jurnalist Pərviz Həşimli qeyd edib. Fuad Qəhrəmanlı buna qədər 2 dəfə uzunmüddətli həbsə məhkum edilib, bir neçə dəfə inzibati qaydada sutkalıq cəzalar alıb. O, sonuncu dəfə uzunmüddətli həbsə 2015-ci ildə 6 nəfərin ölümü ilə nəticələnən Nardaran hadisələri ilə bağlı yazdığı statuslara görə məhkum edilib.
Qəhrəmanlı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham edilərək 10 il azadlıqdan məhrum edilmişdi. 2019-cu il martın 16-da əfv sərəncamı ilə azadlığa çıxan Fuad Qəhrəmanlı ittihamları qəbul etmir.

Xəbər lenti