Aeroportda rüşvət alınmasına görə DSX əməkdaşlarına həbs cəzası verildi

Aeroportda rüşvət alınmasına görə DSX əməkdaşlarına həbs cəzası verildi
Загрузка...

Təqsirləndirilən şəxslərin hər biri 1 il 6 ay azadlıqdan məhrum edildi

Dövlət Sərhəd Xidmətinin Hava Nəqliyyatında Sərhəd-Nəzarət İdarəsinin Beynəlxalq Hava Limanında nəzarətçləri - baş leytenant Lətif Zeynalov və gizir Zaur Qasımlıya hökm oxunub. Bakı Hərbi Məhkəməsində hakim Rauf Əliyevin sədrliyilə çıxarılan hökmə əsasən, onlar Azərbaycana gələn əcnəbilərdən hava limanında qanunda nəzərdə tutulmayan ödəniş almaqda təqsirli bilinərək, hər biri 1 il 6 ay azadlıqdan məhrum edilib.

L.Zeynalov və Z.Qasımlı Cinayət Məcəlləsinin 341.2.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham olunurdu.

Onlar 2018-ci il yanvarın 26-da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirdiyi əməliyyat nəticəsində saxlanmışdı. DTX-nın bir gün sonra bu barədə yaydığı rəsmi məlumatda bildirilirdi ki, Azərbaycana gələn əcnəbilərdən dövlət sərhədində viza rəsmiləşdirilməsi və sərhəd nəzarəti zamanı rüşvət alınması, qanuni ödənişlərdən artıq məbləğlərin tutulması barədə məlumatlar daxil olub. Həmin məlumatlar əsasında da DTX və Dövlət Sərhəd Xidməti birgə tədbirlər həyata keçirib. Nəticədə rüşvət hallarıyla bağlı məlumatların doğru olduğu aydınlaşıb.

Yanvarın 26-da əməliyyat nəticəsində L.Zeynalov və Z.Qasımlıdan başqa Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Elton Xəlilli və qurumun daha bir əməkdaşı Anar Quliyev də cinayət məsuliyyətinə cəlb olunub.

Sərhəd Xidmətinin əməkdaşları hərbçi statusuna malik olduqlarına görə onlarla XİN əməkdaşlarının işi ayrılıb. E.Xəlilli və A.Quliyev haqqında hökm Xəzər Rayon Məhkəməsində veriləcək. Çünki hadisənin baş verdiyi yer – hava limanı Xəzər rayonu ərazisində yerləşir.

Hərbçilərin işinə isə hərbi məhkəmələr baxır.

DTX-nın internet saytında sözügedən əməliyyatla bağlı yayılan rəsmi məlumatın sonunda fotolar da yer alıb. Fotolarda hava limanında giriş icazəsi üçün pasportunu təqdim edən xarici vətəndaşların həm də pul verdiyi görüntülənib.

Загрузка...
Загрузка...

Xəbər lenti