Açılmayan cinayət: 14 il sonra

Açılmayan cinayət: 14 il sonra
Загрузка...
Mayın 10-da Azərbaycan Mətbuat Şurası jurnalist Elmar Hüseynovun qətli ilə bağlı məsələnin araşdırılması, günahkarların tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsi işinin sürətləndirilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət ünvanlayıb. Müraciətdə Elmar Hüseynovun 2005-ci il martın 2-də törədilmiş qətli ilə bağlı cəzasızlığın davam etməsinin narahatlıq doğurduğu vurğulanıb. Bildirilib ki, jurnalistin qətli hər bir ölkənin beynəlxalq imicinə mənfi təsir göstərən hadisədir."Bu mənada müəyyən siyasi qüvvələrin günahkarların hələ də tapılıb cinayət məsuliyyətinə cəlb edilməmələri səbəbilə manipulyasiyalara yol vermələri də narahatlıq doğurmaqdadır.”DTX rəisi Mədət Quliyevə ünvanlanmış müraciətdə həmçinin ölkə jurnalistikası üçün böyük önəm daşıyan məsələyə həssas yanaşılacağına inam ifadə olunub.
"Monitor" jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovu 2005-ci il martın 2-də yaşadığı mənzilin kandarında odlu silahla qətlə yetirilib. Hadisənin üstündən 14 il keçsə də hələ də qətlin sifarişçiləri tapılmayıb, qətli həyata keçirən şəxslər - Tahir Xubanov və Teymuraz Əliyev elan edilsə də onların Gürcüstandan Azərbaycana gətirilməsi istiqamətində işlər aparılmayıb.
Öz növbəsində Azərbaycan hakimiyyəti dəfələrlə şübhəli şəxslərin Gürcüstandan ekstradisiyasının çətin olduğunu, buna görə istintaqın davam etdirilməsinin mümkünsüz olduğunu deyir. Bir sözlə, 14 ildir jurnalistin qətlinin üstü açılmayıb. Və bu 14 ildə daha 2 jurnalist - publisist Rafiq Tağı küçədə bıçaqlandıqdan sonra və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Rasim Əliyev küçədə döyüldükdən sonra xəstəxanada müəmmalı şəkildə həyatlarını itiriblər. Azərbaycanda peşə fəaliyyətlərinə görə jurnalistlər təqib, təzyiq, təhdid, eləcə də həbsə məruz qalıblar.
Hazırda siyasi məhbus siyahısında olan 5 jurnalist həbsdədir. Elmar Hüseynovun qatillərinin Azərbaycana gətirilməsi məsələsində Gürcüstandan ekstradisiyanın çətin olduğunu söyləyən Azərbaycan hakimiyyəti jurnalist Əfqan Muxtarlını Gürcüstandan oğurlayaraq Bakıya gətirib və onu həbsə məhkum edib. Amma bütün bunlarla bağlı Mətbuat Şurasından ciddi reaksiya olmayıb. 

İndi 14 ildən sonra bu müraciətin edilməsi isə bir çox suallar yaradır. Bütün bu suallara mərhum Elmar Hüseynovun keçmiş iş yoldaşı, jurnalist Çingiz Sultansoy Turan agentliyinə cavablandırır.
-Çingiz bəy, nə baş verir? Sizcə, niyə 14 ildən sonra Mətbuat Şurası Elmar Hüseynovun qatillərinin tapılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edir? 
-Səbəbini bilmirəm, ona görə konkret bir cavab verə bilmərəm. Amma MŞ-nin müstəqil qurum olmadığını, hakimiyyətin tapşırıqları ilə işlədiyini, Elmar Hüseynovun qətlinin dünyada məlum, üstü açılmayan bir cinayət işi və bununla iqtidar üçün qara ləkə, həssas məsələ olduğunu nəzərə alsaq, demək olar ki, bu müraciət bu gün hakimiyyətə lazım olub. Hansısa görüntü yaradılmasına hesablanıb. İcazə, daha doğrusu tapşırıq olmadan MŞ bu müraciəti etməzdi, cəsarət edə bilməzdi.
-Sizcə, 14 ildən sonra belə bir müraciətin edilməsi nəyə hesablanıb? 14 ildir Mətbuat Şurası Elmar Hüseynovun qətli məsələsinə laqeyd yanaşır. Hətta hər il jurnalistin anım mərasimlərində Mətbuat Şurasının üzvlərini görə bilmirik?
-Mətbuat Şurasının Elmar Hüseynovun qətli məsələsinə laqeyd yanaşmasının səbəbi bəllidir, dedim: hakimiyyətdən asılılıq, ona sərf etməyən məsələləri malalamaq və ya üstündən susqunluqla keçmək. Elmarın qətli bizi, onun həmkarlarını ağrıdır, açılmasını istəyirik, ədalət diləyirik. Qatillərin tapılması, cəzalandırılması iqtidara sərf etsəydi, çoxdan açılardı və ya ən azı istintaq konkret, ağlabatan bir şey deyərdi. Nəzərə alaq ki, Avropa İnsan Haqları Məhkəməsi Elmarın xanımı Ruşaniyə Hüseynovanın iddiası üzrə işi araşdırıb. Elmar Hüseynovun qətli ilə bağlı AİHM istintaqa dair 2017-ci il 13 aprel tarixli hökmündə Azərbaycan hakimiyyətini Elmar Hüseynovun yaşamaq hüququnu pozmaqda təqsirli sayıb. Bu hökmdə deyilir ki, bütün hüquqi imkanları olmasına baxmayaraq, Azərbaycan hökuməti istintaqı səmərəli aparmayıb, zəruri tədbirləri görməyib, Gürcüstanla lazımınca əməkdaşlıq etməyib və hətta 2 Gürcüstan vətəndaşının tutulması üçün cinayət işini Gürcüstana təqdim etməyib. Deyilənlər o anlama gəlir ki, hakimiyyətimiz cinayət işinin açılmasında və qatillərin cəzalandırılmasında maraqlı deyil. Yəni, daha nəsə demək lazımdır?.. Bununla yanaşı, Elmar Hüseynovun qətlinin heç olmasa açılmayan bir cinayət işi kimi dilə gətirilməsini müsbət hal sayıram.
-Belə fikirlər var ki, bu müraciət məqsədli şəkildə edilib. Belə ki, deyilənlərə görə, yenidən jurnalistin qətlini gündəmə gətirməklə köhnə nazirlərdən birini həbs edə bilərlər. Yəni, hansısa siyasi şou-qurulur. Bu versiyalar ağlabatandırmı? Sizcə, bu müraciətin məqsədi nədir?
-Dedikləriniz nəinki ağlabatandır, yeni çirkli oyun, siyasi şou aparılması ehtimalı kifayət qədər böyükdür. Cinayəti nazirin ayağına yazmaq barədə konkret bir şey deyə bilmərəm, amma Seymur Həzi, Əfqan Muxtarlı kimi jurnalistlərin, Mehman Hüseynov kimi jurnalist və bloqerin və bir çox başqalarının həbslərinə və işgəncələrinə susan Mətbuat Şurasının nədənsə birdən-birə vicdana gəlib danışmasını düşünmək böyük sadəlövhlük olardı. MŞ hakimiyyətin adicə bir aləti olub, muzd müqabilində vəzifəsini icra edir.
-Müraciətdə Elmar Hüseynovun 2005-ci il martın 2-də törədilmiş qətli ilə bağlı cəzasızlığın davam etməsinin narahatlıq doğurduğu vurğulanıb. Çingiz bəy, bəs aparılan təhqiqatlar, bu işə cəlb olunmuş xarici ölkələrin təhqiqatçılarının bu iş ilə bağlı gəldiyi nəticələr nə oldu? Niyə onlar vaxtında üzə çıxarılmadı?
-MŞ-nin bu qəfil narahatlığı adamı lap kövrəldir. Biz isə nəticələri qısaca sadalayaq, xatırlayaq. Qətldən dərhal sonra prezident İlham Əliyev cinayət işini öz şəxsi nəzarətinə götürdü. DİN, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq işçilərindən ibarət yaradılan qrupun tərkibinə ABŞ Federal Təhqiqat Bürosunun agenti və Türkiyədən bir neçə kriminalist daxil edildi. Qrupun bəyanatında elə o vaxt deyildi ki, Tbilisidə yaşayan Tahir Xubanov Elmarı izləmək, qətlində iştirak etmək üçün Bakıya gəlib, iş və ev ünvanlarını öyrənib, izləyib.
Bunlara görə T.Xubanov ölümündə təqsirləndirilən şəxs kimi müəyyən edilib, habelə onunla Bakıya gələn Teymuraz Əliyev və daha 3 nəfər. Bu adamlar qətl axşamının elə səhərisi Bakıdan Tbilisiyə gediblər. Cinayət yerindən 150 metr aralı tapança və toxunma papaq tapılması, üstündə də tük, tər izləri, yəni DNT olması da məlumdur. (Bu bioloji materialla insanın DNT-ni asanlıqla müəyyən etmək olar, yəni, məsələn, başqa dəlillərlə şübhəli bilinən adamın DNT-ni götürüb cinayət yerində tapılan bu DNT ilə tutuşdurmaqla. Düz gəlsə həmin adamın cinayət yerində olmasının sübutudur ən azı.
Bioloji materialın ABŞ-a gəndərilməsi barədə məlumat yayıldı). Teymuraz Əliyevin Bakıda yaşayan və Teymuraza mobil telefon almağa kömək edən xalası oğlu həbs edildi və məhkum olundu, Teymurazın özünün İnterpolda axtarışa verilməsi barədə xəbər yayıldı. Amma sonra heç nə gəlmədi, sanki istintaq dayandı. Elə o vaxt məlum oldu ki, İnterpolun saytında axtarışda olan şəxslərin siyahısında Teymuraz Əliyevin və Tahir Xubanovun adları yoxdur. O sayta mən də baxmışam bu yaxınlarda.
Həqiqətən də Teymurazın adı yoxdur, halbuki, tapılmayıbsa indiyəcən orada qalmalı - olmalı idi. Bu fakt göstərir ki, onu İnterpolda axtarışa heç verməyiblər. Maraqlı faktdır, deyilmi? İstintaq elan edir ki, qətl işində təqsirli bilinən şəxsi axtarışa vermişəm, amma verməyib əslində. Deməli, həmin şəxsi axtarıb tapmaq istəmir. Bu istəməməyin, hərəkətsizliyin səbəbi nə ola bilər? Qeyri-peşəkarlıq, səhlənkarlıq, yoxsa yuxarıdan gələn əmr? Bu boyda qeyri-peşəkarlıq, səhlənkarlıq mümkündür? Qətllə bağlı cinayət işinin prezident İ.Əliyevin nəzarətində olduğunu nəzərə alsaq, çox şey aydın olur.
-Bu arada müxtəlif versiyalar var idi. Bəziləri bu məsələdə Akif Çovdarovun, bəziləri Hacı Məmmədovun və digərlərinin adlarını hallandırırdılar. Hətta jurnalistlərin bəziləri Gürcüstanda adları qətldə hallandırılan Tahir Xubanov və Teymuraz Əliyevlə görüşmüşdülər. Siz bu məsələ ilə bağlı bir çox prosesin içərisində olmusunuz. Sizdə olan məlumatlar və özünüzün analizləriniz nə deyir? Bu qətlin sifarişçiləri və günahkarları kimlər idi?
-Hacı Məmmədovun versiyası... Məmmədovun bir çox məhkəmə iclaslarında müxbir kimi iştirak etmişəm və bu qətli boynuna aldığını özüm eşitmişəm. (Hacını müttəhimlər kürsüsündə ayrıca qəfəsdə elə oturtmuşdular ki, onu görmək mümkün deyildi, ancaq səsi gəlirdi). Amma sonradan Hacı Məmmədovun killerləri - məhkəmədə təqsirləndirilən şəxs qismində iştirak edən çeçenlərin sorğusu zamanı məlum oldu ki, onların Elmarın qətlinin detallarından xəbəri yoxdur. Ona görə bu versiyaya davam eləmədilər. Ola bilər, hakimiyyət Elmar Hüseynovun qətli ilə bağlı cinayət işini başa çatdırmaq, ona ləkə gətirən bu söz-söhbəti bağlamaq üçün işi, sadəcə, Hacının boynuna qoymaq istəyib, o da müəyyən səbəblərdən razı olub. Amma bu şou alınmadı.
MTN generalı Akif Çovdarovun versiyası... Çovdarovun bu qətlə bağlılığı barədə Eynulla Fətullayevdən eşitmişəm, həbsdən çıxandan az sonra, yaxşı vaxtlarımızda. Eynullanın sözlərindən belə çıxırdı ki, general Çovdarov bu qətlin təşkilatçılarından biridir - guya Eynulla sorğu-suala tutanda özü (!) bunu etiraf edib. Eynulla məlumatlı, hakimiyyətin bir çox pərdəarxası və gizli mətləblərindən xəbərdar adamdır, bu öz yerində. Amma onun sözlərinə inanmaq olarmı? Başqa bir şey bilmirəm, amma bu versiya ciddi yoxlanılmalıdır ən azı. Yoxlanılmayıbsa, ortaya sual çıxır: nə səbəbə yoxlanılmayıb?
-Teymuraz Əliyev ilə Tbilisidə görüş. 2006-nın noyabrında Eynulla Fətullayev, rəhmətlik İbrahim Bayandurlu, Kənan Quluzadə və mən Tbilisidə özünü Teymuraz kimi təqdim edən adamla görüşdük. Onu Eynulla tapmışdı. (Necə tapmışdı, başqa məsələdir). İbrahim Bayandurlu ilə mən kənardan onun şəklini çəkdik. Bakıya qayıdandan sonra sonra bizi Milli Təhlükəsizlik Nazirliyində (indiki Dövlət Təhlükəsizliyi Xidməti) şahid kimi dindirdilər, mən şəkilləri müstəntiqə təqdim elədim. Orada mənə bildirdilər ki, özünü Teymuraz Əliyev kimi təqdim edən adam əslində Teymuraz deyil, bizi aldadıb. Amma bu adamın niyə özünü Teymuraz Əliyev kimi təqdim etməyi və nə səbəbə görüşə gəlib bizi "aldatmaq" istəməsi ilə maraqlanmadılar, izinə düşmədilər.
Görəsən, niyə? Axı ən azı bu adam belə məsələdə yalan danışıbsa, səbəbini öyrənmək istintaqa çox maraqlı olmalı idi. Deyilsə, səbəbi nə? Az sonra görüşdüyümüz adamın həqiqətən də Teymuraz Əliyev olmağı təsdiqləndi, bunu şəkli görəndən sonra vəkil İsaxan Aşurov mənə dedi. Bu zaman aydın oldu ki, Milli Təhlükəsizlik Nazirliyi (indiki Dövlət Təhlükəsizliyi Xidməti) Teymuraz Əliyevin tapıldığını etiraf etmək istəmir. Çünki bu halda indiyəcən Teymuraz Əliyevi tapa bilməməsi barədə yalanı üzə çıxır. Onda ortaya bir ayrı yalan atdılar - rəsmi Tbilisi Teymuraz Əliyevi və başqalarını Gürcüstan vətəndaşı olduğuna görə Azərbaycana vermir.
Sual olunur, Gürcüstan öz vətəndaşlarını niyə Azərbaycana verməlidir ki? Yaxşı, Tbilisi Teymuraz Əliyevi vermir, olsun. Bəs siz niyə gedib onu orada sorğu-suala tutmursunuz? Gürcüstan polisinin, Teymurazın vəkilinin, hətta Gürcüstan ombudsmanının iştirakı ilə? Bu da çətin işdir? Mümkünsüzdür? Əfqan Muxtarlını Tbilisidən oğurlayıb sərhəddən keçirmək və Bakıya gətirmək mümkündür, amma Teymuraz Əliyevi, Tahir Xubanovu və digərlərinin Tbilisidə DNT-ni götürüb cinayət yerində tapılan bu DNT ilə tutuşdurmaq mümkün deyil, yəni? Və ya onları Tbilisidə vəkilin iştirakı ilə dindirmək belə mümkün deyil? Bu sualları Mətbuat Şurası üzvləri verə bilmir?
-14 ildir jurnalistin qətlinin üstü açılmır. 14 ildən sonra bu qətlin üstünün açılacağını ümid etmək olarmı?
-Niyə olmur ki? Ukraynalı jurnalist Qeorqi Qonqadze 2000-ci ildə öldürüldü, yandırılmış meyidi meşədə tapıldı, meyidin kəsilmiş başı indiyəcən tapılmayıb. Onun ölümü barədə ayrı-ayrı faktlar mətbuatda işıqlandırılsa da qətl uzun müddət örtülü qaldı. Yalnız 2005-ci ildə Ukraynada prezident seçkiləri nəticəsində hakimiyyət dəyişəndən sonra, yəni beş il sonra yeni seçilmiş prezident Yuşenko cinayətin üstünün açılmasını bəyan etdi.
Qətl vaxtı daxili işlər naziri olmuş Yuri Kravçenko elə 2005-ci ildə istintaqa çağırıldı, amma gəlmədi, bağ evində ölü tapıldı, rəsmi versiya ilə özü özünü öldürüb. Çox qəribədir ki, başına iki güllə vurulub. Daha üç il də keçdi, cinayətdə iştirak edən üç yüksək rütbəli polis zabiti həbs olunub 12 və 13 il həbs cəzası aldı. 8 il sonra. Daha beş il keçdi, "qətl operasiyası"na rəhbərlik edən polis generalı Pukaç tutuldu və ömürlük həbs cəzası aldı. Qətldən 13 il sonra!
Dediyim odur ki, Qonqadzenin qətlinin icraçıları da cəzasız qalmadı, hətta 13 il sonra layiq olduqları cəza gəlib çıxdı. Düzdür, qətlin ali sifarişçiləri indiyə qədər ifşa olunmayıb, izlər Ukraynanın o vaxtkı prezidenti Leonid Kuçmaya və onun ətrafına gedib çıxır. Onlar azadlıqdadır, amma cəzanın haçansa onları da tapacağına inanıram. Qisas qiyamətə qalmaz..
- Əslində, son 14 ildə 3 jurnalist qətlə yetirilib. Bir neçə jurnalist həbs olunub, şəxsi həyatı ilə təhdid olunub, hazırda da bu tendensiya davam edir. Amma bu olaylarla bağlı bir- iki istisnanı çıxmaq şərti ilə Mətbuat Şurasından reaksiya gəlməyib. Sizcə, necə olmalı idi? Və ya necə olmalıdır?
-Bəli, jurnalistlərə qarşı ən qəddar və iyrənc repressiyalar ən müxtəlif formada olub və davam edir. Rafiq Tağının ölümünün üstü açılmadı, cinayəti guya İran ayətullahının fitvasını yerinə yetirən naməlum islamçının adına yazdılar. Burada da unutmayaq ki, bıçaqlanandan sonra da Rafiq Tağı sağ idi, özünə gəlmişdi, amma xəstəxanada keçindi. Bakıdakı xəstəxanaya kim nəzarət edir, İranın mürtəce ayətullahları və terroristləri, yoxsa Azərbaycanın Səhiyyə Nazirliyi? Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı məhkəmə və cəzalandırılanlar oldu, amma bu da hələ ədalət demək deyil.
Jurnalistlərə qarşı repressiyaların ən son nümunələrindən Bakupress.az saytının təsisçi və baş redaktoru Şəfəq Ağacanın narkotik alveri ilə bağlı tənqidi yazı verdiyinə görə narkotik alveri ittihamı ilə həbs olunmasıdır, Anar Məmmədovun incidilməsidir. Amma ən əsası "Osmanqızı" kanalının təsisçisi və aparıcısı Sevinc Osmanqızına qarşı "Real" TV-də, "Yeni Müsavat" qəzetində və s. aparılan davamlı və iyrənc qarayaxma kampaniyasıdır. "Real" TV-nin elədiyi susdurulmuş televizyonlar və mətbuat fonunda tənqidi veriliş yayan teleaparıcı xanıma qarşı açıq-aşkar aşağılama, təhqir və təhdiddir.
"Real" TV-nin aparıcısı Mirşahin Ağayev efirdə utanmadan, çəkinmədən yalan danışır, böhtan atır, şantaj edir. Adam onun elədiklərinin əsl adını dilinə gətirməyə utanır, bu isə televiziyada vicdan, etika, tərbiyə, əxlaq anlayışlarını qulaqardına vuraraq açıq-aşkar edir. Mətbuat Şurası isə buna susur. Susursa bu böhtan, şantaj kimi cinayətlərə və əxlaqsızlığa şərik çıxır. Gözləyək, bəlkə 14-15 il sonra lazım gəlsə bunu da dilə gətirdi..
Загрузка...
Загрузка...

Xəbər lenti