ABŞ hökumətinin antiterror hesabatında Azərbaycan DİN-in reytinq gücünü təyin edən əsas faktor...

ABŞ hökumətinin antiterror hesabatında Azərbaycan DİN-in reytinq gücünü təyin edən əsas faktor...
Загрузка...
ABŞ Dövlət Departamentinin ayrı-ayrı ölkələrin terrorla mübarizədə gördüyü tədbirlər barədə yaydığı hesabatda respublikamızın terrorçuluğa qarşı fəal mübarizə apardığı bildirilir: "Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror aktlarının qarşısının alınması ilə bağlı əməliyyatlar keçirib, terrorçuluqda şübhəli bilinənləri həbs edib, həmçinin, Azərbaycandan xaricdəki terror qruplaşmalarının tərkibində döyüşənləri, terror qruplaşmalarına qoşulmaqda, maliyyə yardımı etməkdə şübhəli bilinənləri (xaricdən ölkəyə qayıdanları – red.) məsuliyyətə cəlb edib", - deyə sənəddə qeyd olunur.
ABŞ Dövlət Departamenti Azərbaycanda sabitliyin mövcud olduğunu xüsusi olaraq qeyd edib:
"2018-ci il Azərbaycanda terror aktı qeydə alınmayıb. Ötən il Azərbaycanda maliyyə tranzaksiyalarına nəzarət üçün hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı qanunvericiliyə düzəliş edilib, hansılar ki, hökumətin fikrincə, terrorçuluğun maliyyələşdirilməsində istifadə oluna bilər. Azərbaycanın təhlükəsizlik xidməti və hüquq-mühafizə orqanları ölkə ərazisində terror aktlarının qarşısını almaq, aşkarlamaq qabiliyyətini kifayət qədər nümayiş etdirib. Terrorçuluqla mübarizə üçün məsuliyyət bir neçə dövlət orqanının üzərinə düşür. Azərbaycanın Daxili İşlər Nazirliyi əsas hüquq-mühafizə orqanıdır və onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə nazirliyin antiterrorizm səylərinə rəhbərlik etmək həvalə olunub. Azərbaycan terrorçuların və cinayətkarların siyahılarından, o cümlədən, limanlara giriş zamanı bioqrafik/biometrik yoxlamalardan istifadə edib. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri öz aralarında, həmçinin, regional və beynəlxalq partnyorlarla informasiya mübadiləsi aparırlar".
Göründüyü kimi, ABŞ Dövlət Departamenti Azərbaycanın terrorla mübarizə sahəsindəki işini çox yüksək dəyərləndirir. Ən əsası da bu istiqamətdə DİN-in göstərdiyi fəaliyyəti yüksək dəyərləndirir. DİN-in fəaliyyətinin belə yüksək dəyərləndirilməsinə səbəb olan gücü nədədir, bunu hansı faktorlarla izah etmək olar?
Şəmsəddin Əliyev: "Departamentin bu dəyərləndirməsini polisimizin fəaliyyətinə verilən obyektiv qiymətləndirmənin nümunəsi kimi qəbul edirəm”
Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev "Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan polisinin fəaliyyəti və əldə etdiyi nəticələr göz qabağındadır: "Məhz bunun nəticəsidir ki, ölkəmizdə stabillik və əminamanlıqdır. Dünyada bu amil yüksək dəyərləndirilməsə, ən mötəbər tədbirlərə biz evsahibliyi etməzdik. Ölkəmizin evsahibliyi etdiyi bütün tədbirlər yüksək təhlükəsizlik şəraitində keçirilib. ABŞ Dövlət Departamenti də bu qənaətə konkret faktlar və araşdırmaları hesabına gəlib. Bəli, bizim polisin terror, dini radikalizm və bir sıra digər mütəşəkkil cinayətlərlə bağlı həyata keçirdiyi tədbirlər var. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin adının hesabatda qeyd edilməsi də tam reallığı əks etdirir. Çünki həmin idarə asayişin, sabitliyin təmin olunması ilə yanaşı, həm də terrorizmlə ciddi mübarizə aparıb. Ölkə polisinin bu sahədə ayıq-sayıqlığı mərhum Heydər Əliyevin iş prinsipindən doğan nəticələrə əsaslanır. Terrorun sərhədi yoxdur. Müstəqilliyimizin ilk illərində bizi də yaxalaya bilib. Bakı metrosunda baş verən qanlı terror hadisəsindən sonra bu istiqamətdə mübarizə daha da gücləndirildi. Məhz həmin prinsipial mübarizənin nəticəsidir ki, həmin vaxtdan sonra ölkə daxilində genişmiqyaslı terror hadisəsi qeydə alınmayıb. Mərhum Heydər Əliyev DİN və digər qurumlar qarşısında terrorla mübarizə ilə bağlı konkret tapşırıqlar qoydu. Artıq Azərbaycanda bununla bağlı ciddi məktəb formalaşıb, bir sıra ölkələr bizim təcrübəmizdən yararlanırlar. Mən müasir dövrdə əldə olunan bu uğuru DİN rəhbərliyinin uğurlu və koordinasiyalı fəaliyyəti ilə izah edirəm. DİN-də çox ciddi məlumat bazası formalaşıb. Həmin informasiyalar əsasında ciddi və nəticəsi olan fəaliyyət göstərilir. Ölkədə əməliyyat şəraitinə tam nəzarət edildiyi üçün, həmin təxəyyüldə olan adamlar Azərbaycanda yoxdur, olanlar da buranı tərk etməyə üstünlük verirlər. Departamentin bu dəyərləndirməsini polisimizin fəaliyyətinə verilən obyektiv qiymətləndirmənin nümunəsi kimi qəbul edirəm”. 
Müəllif: Məhəmməd Qəribli
Загрузка...
Загрузка...

Xəbər lenti