ABŞ Dövlət katibi Şəhla Hümbətovanın vəkillikdən uzaqlaşdırılmasına etiraz edib

ABŞ Dövlət katibi Şəhla Hümbətovanın vəkillikdən uzaqlaşdırılmasına etiraz edib
 "Biz Şəhlanın təcili şəkildə işinə bərpa olunmasına çağırır və onun yanında olacağımızı bəyan edirik”
ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycanda ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən Şəhla Hümbətovanın vəkillik fəaliyyətinə xitam verilıməsinə açıq şəkildə etirazını ifadə edib. Dövlət katibi "Twitter”də bu barədə yazıb: "Beynəlxalq Cəsarətli Qadınlar mükafatının 2020-ci il üzrə laureatı Şəhla Hümbətovanın peşə fəaliyyətinə, insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlərə görə vəkillikdən uzaqlaşdırılması xəbərindən narahatlıq keçirdim. Biz Şəhlanın təcili şəkildə işinə bərpa olunmasına çağırır və onun yanında olacağımızı bəyan edirik”.
Martın 26-da Beynəlxalq Vəkillər Kollegiyasının İnsan Haqları İnstitutu da Şəhla Hümbətovanın vəkillik fəaliyyətinə xitam verilməsini pisləyən bəyanat yayıb. Təşkilat bu addımın siyasi motivli olduğunu vurğulayıb, son illər Azərbaycanda ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkillərə qarşı sistematik təzyiqlərin davamı kimi qiymətləndirib.
Şəhla Hümbətova Meydan TV-yə bildirib ki, indiyədək vəkillik fəaliyyətinə xitam verilməsilə əlaqədar müxtəlif beynəlxalq təşkilatlardan, səfirliklərdən onu müdafiə edən bəyanatlar, reaksiyalar olub. Şəxsən ABŞ dövlət katibinin özünün onunla bağlı məsələyə reaksiya verməsini gözləmədiyini deyən Şəhla Hümbətovanın sözlərinə görə, bu, həm də onun timsalında ölkədəki duruma münasibətin ifadəsidir:
"Bəyanatın ruhu budur ki, insan hüquqlarını müdafiə edənlər cəzalanmalı deyil, dəstəklənməlidir. Ölkədəki vəziyyətdən xəbərdar olanlar yaxşı bilir ki, mənim vəkillik fəaliyyətimə niyə xitam verilib. İnsanlar ölkədə baş verənləri görür, izləyir. Bilirlər ki, bu, gerçəkdən vəkilliklə, insan hüquqlarının müdafiəsilə məşğul olduğuna görə cəzalanmadır. Yalçın İmanov, Xalid Bağırov və digər prinsipial vəkillərin cəzalandırılması prosesinin davamıdır. Ona görə də çalışırlar ki, bu proses davam etməsin. Çünki vəkilin öz işini peşəkar şəkildə yerinə yetirdiyinə görə cəzalandırılması biabırçılıqdır”.
Vəkillər Kollegiyasının rəhbərliyi iddia edir ki, Şəhla Hümbətova üzvlük haqqını ödəmədiyinə, hüquqlarını müdafiə etdiyi şəxslərdən birinin işində saxta sənəddən istifadə etdiyinə görə onun vəkillik fəaliyyətinə xitam verilib.
Şəhla Hümbətova isə bildirib ki, üzvlük haqqı məsələsi bəhanədir: "Elə bilmişdim ki, növbəti altı ayı üçün üzvlük haqqını ödəmişəm. Vəkillər Kollegiyasından da mənə heç bir xəbərdarlıq edilməyib. Bu əsasla haqqımda qərar çıxarılandan sonra bundan xəbər tutmuşam. Bəhanə kimi istifadə etmək üçün əvvəlcədən heç nə deməyiblər. Saxta sənəd məsələsinə gəlincə, Vəkillər Kollegiyasının rəhbərliyi bununla bağlı prokurorluğa da şikayət etmişdi, təsdiqini tapmadı...”
Şəhla Hümbətova tənqidçi jurnalist Seymur Həzi, bloger Mehman Hüseynov, Respublikaçı Alternativ partiyasının sədri İlqar Məmmədov və başqa fəalların hüquqlarını müdafiə edib.

Xəbər lenti