Abel Məhərrəmov ustalara 811 min manat ödəməlidir

Abel Məhərrəmov ustalara 811 min manat ödəməlidir
Məhkəmə keçmiş rektorun əleyhinə qərar çıxarıb
Yasamal Rayon Məhkəməsi belə nəticəyə gəlib ki, Bakı Dövlət Universitetinin keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmov evində və obyektlərində tikinti-təmir işləri gördürsə də, pulları ödəməyib. Ona görə də hakim Vahid Hacıyev onun üzərinə iddiaçı İsmixan Mirzəyevə 811 min manat ödəmək öhdəliyi qoyub.
İsmixan Mirzəyevin iddiası əsasında Abel Məhərrəmovla yanaşı, BDU-nun keçmiş prorektoru Nəbi Ramazanlı da cavabdeh qismində prosesə cəlb olunub. Çünki İsmixan Mirzəyev bildirir ki, Abel Məhərrəmovun imarət və obyektlərinin tikintisinə sabiq prorektor rəhbərlik edib.
Mirzəyevin sözlərinə görə, çox vaxt danışıqlar da onunla aparılıb, Nəbi Ramazanlı vasitəçilik edib. İddia ərizəsində göstərilib ki, BDU-nin keçmiş rəhbəri paytaxt 4 mərtəbəli ev tikdirib. Həmin evin pilləkənlərinin yığılması, istilik sisteminin quraşdırılması və s. işlərin görülməsini İsmixan Mirzəyevin rəhbərlik etdiyi komandaya həvalə edib. Həmin işlər görülüb təhvil verilsə də, pulun indiyədək ödənilmədiyi bildirilir. Yaxud da Abel Məhərrəmova məxsus olduğu iddia edilən "Mona Liza” şadlıq sarayında mebel işləri gördürülsə də, ustalar hələ də əməkhaqqını ala bilmədiklərini deyirlər. Hətta Abel Məhərrəmovun Mərdəkandakı, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki bağ evlərində quraşdırılmış mebellərin, başqa obyektlərində görülən işlərin, istifadə olunan materialların də pulunun ödənilmədiyi məhkəmədə bildirilib.
Meydan TV məhkəmə qərarına münasibət öyrənmək üçün Abel Məhərrəmovun nümayəndəsi ilə əlaqə saxlasa da, o, bu haqda danışmaqdan imtina edib. 71 yaşlı Abel Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru, 2005-2015-ci illərdə isə Milli Məclisin deputatı olub.

Xəbər lenti