Abbas Hüseynov haqqında yeni cinayət işi başlanıb?

Abbas Hüseynov haqqında yeni cinayət işi başlanıb?
Загрузка...

Abbas Hüseynovun vəkili Fariz Namazlıbildirib ki, Ombudsman Aparatı vasitəsilə müvəkkili haqda müəyyən məlumatlar əldə edib. Müdafiəçiyə bildirilib ki, A.Hüseynov məhkəməyə şikayəti ilə əlaqədar istintaq təcridxanasına köçürülüb: «Abbas Hüseynova qarşı işgəncə ilə əlaqədar mən məhkəməyə müraciət etmişdim, təmin olunmamışdı. Qərardan apellyasiya şikayəti verilmişdi. O zaman müddətin ötürülməsi məsələsi ortaya çıxmışdı. Mən yazıb bildirmişdim ki, müddət ötürülməyib. O məsələyə Abbasın iştirakı olmadan baxıldı. İndi deyilir ki, məndən əlavə, Abbas özü də şikayət veribmiş, ona baxılacaq. Bu səbəbdən onu istintaq təcridxanasına gətiriblər».

Vəkil onu da deyir ki, bundan öncə A.Hüseynovun şikayətlərinə baxılanda onu məhkəməyə Qobustan həbsxanasından gətirib, ora da qaytarırdılar.

+++

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilən Abbas Hüseynovun haqqında yeni cinayət işi başlandığı, onun Qobustanda saxlandığı həbsxanadan istintaq təcridxanasına köçürüldüyü bildirilir. Bu haqda AzadlıqRadiosuna A.Hüseynovun anası Rəhimə Hüseynovadanışıb.

R.Hüseynova bildirib ki, yanvarın 14-də Abbasın həbsxanada döyülüb naməlum istiqamətdə aparılması xəbərini alandan sonra oğlunun yerini müəyyənləşdirməyə çalışıb. Gecə saatlarında xəbər gəlib ki, A.Hüseynov Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasındadır.

«Bu gün (yanvarın 15-də) səhər tezdən Kürdəxanıya gəldim. Təsdiqlədilər ki, buradadır. Haqqında açılan təzə iş nədir, bilmirəm. Gözləyirəm, görüm nə deyəcəklər», – R.Hüseynova bildirib.

 

A.Hüseynovun Bakı İstintaq Təcridxanasında olub-olmaması barədə sualı cavablandıran Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, qanunvericilik məhkumların saxlanma yerinin açıqlanmasını qadağan edir: «Məhkumun hansı cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanması ancaq onun özünün razılığıyla açıqlana bilər. Bu baxımdan, adını çəkdiyiniz məhkumun yeri haqda da hər hansı açıqlama verməyə ixtiyarımız yoxdur».

A.Hüseynovun vəkili Fariz Namazlı AzadlıqRadiosuna deyib ki, onunla sonuncu dəfə yanvarın 11-də Qobustan həbsxanasında görüşüb. Həmin vaxt Abbasın döyülmə və ya haqqında yeni cinayət işi başlanması barədə şikayəti olmayıb: «Onun köçürülməsi barədə mənə heç bir məlumat verilməyib. Əgər doğrudan da istintaq təcridxanasına gətirilibsə, deməli, haqqında yeni cinayət işi üzrə istintaq gedir. Nə olubsa, həftəsonu olub. Abbas Hüseynovla bağlı gələn məlumatları araşdırmağa çalışıram».

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov yanvarın 14-də ailə üzvləriylə telefonla danışarkən bir gün öncə Qobustan həbsxanasında A.Hüseynovun döyüldüyünü bildirib. İlahiyyatçı deyib ki, Abbası onun gözü qarşısında qan içində sürüyə-sürüyə apardılar. T.Bağırov da əlavə edib ki, A.Hüseynovu həbsxanadan çıxarıb başqa yerə aparıblar.

Penitensiar Xidmət isə A.Hüseynovun döyülməsi barədə məlumatı təkzib etmişdi.

Xatırlatma

«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və A.Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. A.Hüseynov birinci qrupda «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. T.Bağırov və A.Hüseynovun hər birinə 20 il, digərlərinə isə 10 ildən 19 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Polislər isə işgəncə iddialarını təkzib ediblər.

Загрузка...
Загрузка...

Xəbər lenti