"8 MARŞ - Bizimdir Hürr Küçələr" aksiyası baş tutdu, saxlanılanlar var

Загрузка...
Aksiyaçılarla yanaşı jurnalistlər də təzyiqlə üzləşib
Mart 8-də Feminist Hərəkatı Bakının Fəvvarələr Meydanında "8 MARŞ - Bizimdir Hürr Küçələr" adlı yürüş keçirib. Aksiyanın əsas şüarı "Şiddətə susma!” olub. Aksiyanın əsas şüarı binalardan birinin üzərindən də asılıb. Nizami küçəsində polislər aksiyaya müdaxilə edib, onların irəliləməsinin qarşısı alınıb. Polislər aksiya iştirakçılarının qaldırdılqarı plakatları əllərindən alıblar. Mülki geyimli polislər aksiyaçılara fiziki təzyiq göstərib, onlardan bir neçə nəfəri saxlanılıb. Bununla belə, aksiya müxtəlif istiqamətlərdə davam etdirilib. Təşkilatçılar polislərin əhatəsində bəyanatlarını səsləndiriblər. 

Bəyanatda deyilir: "Biz, yürüş iştirakçıları Azərbaycanda baş verən çoxsaylı qadın qətllərindən, selektiv abortlardan, gender əsaslı ayrı-seçkilikdən və zorakılıqdan, erkən nikahlardan, qızların təhsildən məhrum olunmasından və zorla evləndirilmədən, süpürgəçi qadınların təhlükəli iş şəraitində ölümə məruz buraxılmasından, qadın bədəninin istismarından narahatıq. Patriarxal dəyərlərin hakim olduğu ölkəmizdə heç bir qadın azad deyil. Bunun ən əsas səbəbi dövlətin patriarxal dəyərlərə söykənməsi və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün öz öhdəliklərini lazımınca həyata keçirməməsidir”. Aksiyaçılar bunları nəzərə alaraq, dövlətdən tələb edirlər: " 

- Gender və cinsi oriyentasiyasından asılı olmayaraq bütün fərdlərin təhlükəsiz mühitdə yaşamaq və işləmək haqqını təmin etsin;
- Gender və cinsi oriyentasiyasından asılı olmayaraq, hər kəsə əmək fəaliyyəti üçün bərabər imkanları təmin etsin;
- Gender və cinsi oriyentasiyasından asılı olmayaraq, hər kəsin təhsilə çatımlılığını təmin etsin;
- "Qadınlara qarşı ayrı-seçkiliyin bütün hallarının aradan qaldırılması haqqında” üzv olduğumuz beynəlxalq konvensiyanın şərtlərinə tamlıqla əməl etsin və ayrı-seçkilik mühitinin aradan qaldırılması üçün səmərəli tədbirlər görsün;
- Ölkəmizin İstanbul konvensiyasına qoşulmasını təmin etsin”.
Bəyanat oxunduqdan sonra aksiyaçılar üzü bağlı bir qadın tərəfindən təzyiqə məruz qalsalar da, polislər qadının kimliyinin öyrənilməsinə imkan verməyib, Meydan TV əməkdaşının qarşısını kəsərək qadının oranı tərk etməsinə şərait yaradıb. Saxlanılanların 39-cu polis bölməsinə aparıldığı deyilir.
Saxlanılanlardan yalnız bu şəxslərin kimliyi bəllidir: Aysel Umudova, Yaqub Şəhriyar, Əhməd İsmayılov, Rəhim Əhmədov, Rüstəm İsmayılbəyli, Azər Hümbətov və Seymur Nazar. Əhməd İsmayılovun başı yarılıb. Aksiyada jurnalistlər də təzyiqlə üzləşiblər.
"Toplum TV”nin əməkdaşı Zərifə Novruzun telefonu tapdanıb, vəsiqəsi cırılıb və qolu burulub.  




Xəbər lenti