391 Azərbaycan vətəndaşı İstanbul və Romadan Bakıya gətirilib

391 Azərbaycan vətəndaşı İstanbul və Romadan Bakıya gətirilib
Загрузка...
 İstanbul-Bakı və Roma-Bakı çarter reysləri ilə çərşənbə günü 391 Azərbaycan vətəndaşı ölkəyə gətirilib. "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) BBC News Azərbaycancaya bildiriblər. "Martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirilib. AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirib", qurumdan bildiriblər.
AZAL-dan həmçinin "indiyədək Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşının ölkəyə gətirildiyi" də bildirilib. Aviaşirkət Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edəcəyini açıqlasa da, qurum Facebook rəsmi hesabında "digər ölkələrdən Azərbaycana çarter reyslərinin təşkil olunub-olunmayacağı" ilə bağlı vətəndaşların suallarına "reyslərin hökümətin sifarişi əsasında yerinə yetirildiyi" cavabını verib.
 
Koronavirusla əlaqədar Azərbaycan və Türkiyə arasında gediş-gəliş martın 15-də saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılıb. Azərbaycan Prezidentinin rəsmi saytında yayılan məlumata əsasən, müvafiq razılaşma Azərbaycanın dövlət başçısı ilə Türkiyə prezidenti arasında telefon müzakirələrindən sonra əldə olunub. Bir müddət əvvəl Aərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev yerli mətbuata bildirib ki, Martın 15-də isə 242 nəfər Azərbaycan vətəndaşı İstanbul hava limanından çarter reysi ilə Bakıya yola salınıb.
Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycan və Türkiyə arasında hava və quru sərhədi müvəqqəti dayandırılmasından sonra bazar günü Türk Hava Yolları və Azərbaycan Hava Yollarının İstanbul-Bakı istiqaməti üzrə uçuşları həyata keçirilib. "Türkiyə ərazisində müvəqqəti əsasda olan Azərbaycan Respublikası vətəndaşlarının növbəti günlər ərzində Azərbaycana gətirilməsini təmin etmək üçün Azərbaycan Hava Yolları tərəfindən Türkiyə istiqaməti üzrə çarter reysləri həyata keçiriləcək", - məlumatda deyilir.
Qərargah bildirib ki, Türkiyədən Azərbaycana qayıtmaq istəyən vətəndaşlar arasında Türkiyə ərazisində müvəqqəti və ya qısa müddətli əsasda olanlara, Türkiyə ərazisindən tranzit məqsədləri üçün istifadə edənlərə, Azərbaycan Hava Yolları ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olanlara, yaşlılara, azyaşlı uşağı olan və ya xəstəlik durumu olanlara üstünlük veriləcək. Türkiyədən qayıdan şəxslərin müayinədən keçiriləcəyi, zərurət yarandığı halda, 14-28 günlük karantin rejiminə yerləşdiriləcəkləri bildirilib. Nazirlər Kabinetinin məlumatında deyilir ki, Türkiyədən Azərbaycana qayıtmaq istəyən vətəndaşlar Azərbaycanın Ankaradakı Səfirliyi və ya İstanbuldakı Baş konsulluğunda qeydiyyatdan keçməlidirlər.

Xəbər lenti