28 may: iki respublikanın yolayrıcı

28 may: iki respublikanın yolayrıcı
Загрузка...
Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür. Cəmi 23 ay yaşamasına baxmayaraq, ötən əsrin əvvəllərində yaranmış Cümhuriyyət demokratik quruluşuna görə bir çox dünya ölkələri üçün nümunə sayıla bilər. O dövrdə Azərbaycanda yaşayan bütün millətlərin və milli azlıqların, eləcə də siyasi səhnədə olan bütün siyasi təşkilatların təmsil olunduğu parlamentli respublika quruluşu ölkədə yaşayan hər bir vətəndaşın fikrinə xüsusi önəm verildiyini göstərirdi. Şərqdə ilk dəfə, eləcə də bir çox inkişaf etmiş Qərb ölkələrindən öncə hər bir vərəndaşına səsvermə hüququ tanıyırdı. Eyni zamanda Cümhuriyyət qurucuları Azərbaycanın müstəqilliyini tanıtmaq, dövlətin mənafelərindən çıxış etmək üçün xarici ölkə rəsmiləri ilə danışıqlar aparırdılar, yalnız Azərbaycanın mənafeyini düşünərək müstəqil xarici siyasət yürüdürdülər. Belə nümunələr çox çəkmək olar. Bir sözlə, Cümhuriyyət qurucularının qarşısına qoyduğu məqsəd Azərbaycanı tam müstəqil, demokratik, bütün hüquq və azadlıqlara hörmət edən bir ölkə kimi inkişaf etdirmək idi. Amma çox təəssüflər olsun ki, 23 aydan sonra Rusiya bu məqsədlərin üstündən xətt çəkdi. Düz 71 ildən sonra Azərbaycan yenidən müstəqilliyini bərpa edə bildi. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini yenidən əldə edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan edərək onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Bəs ideoloji və qarşıya qoyulan siyasi məqsədlər baxımdan indiki Respublikanı Cümhuriyyətin varisi hesab etmək olarmı? Tarixçi Yadigar Sadıqlı ASTNA-ya bu barədə danışıb.
***
-Yadigar bəy, Cümhuriyyətin yaranmasından 102 il ötür. Sizcə, hazırki Azərbaycan Respublikasını təkcə hüquqi yox, bütün cəhətlərdən – həm ideoloji, həm ənənəvi, həm də o vaxt qarşıya qoyulmuş siyasi məqsədlər baxımından Cümhuriyyətin davamçısı hesab etmək olarmı?
-Cümhuriyyət elan olunanda nəzərdə tutulmuşdu ki, onun idarə formasını ümumi seçkilər vasitəsilə seçilən Müəssislər Məclisi müəyyən edəcək. O zamana qədər isə Milli Şura və onun formalaşdırdığı hökumət ölkəni müvəqqəti idarə edəcək. Buna görə də heç parlamentin təsisi nəzərdə tutulmurdu, çünki parlamentin təsisi də Müəssislər Məclisinin səlahiyyətində idi. Təəssüf ki, ağır daxili və xarici şərtlər səbəbindən Müəssislər Məclisinin çağırılması mümkün olmadı. O səbəbdən əslində Cümhuriyyətin idarə şəkli tam formalaşmadı. Amma bu yanaşmanın özü belə Cümhuriyyətlə indiki Respublikanı fərqləndirən əsas cəhətdir. O zaman nəzərdə tutulurdu ki, Cümhuriyyətin idarə forması xalqın iradəsi ilə formalaşacaq, amma çağdaş dövrdə xalqın iradəsi nəzərə alınmadı. Baxmayaraq ki, referendumlar, seçkilər keçirilir, onlardan heç birinin xalqın iradəsini əks etdirdiyini söyləmək olmaz. Başqa sözlə desək, sadəcə, əsasən eyni ərazidə təsis olunmaları və hər ikisinin respublika adlanmalarından başqa bir yaxınlıq yoxdur. Amma tarix öyrədir ki, hər respublika demokratiya demək deyil, hər qeyri-respublika da despotizm deyil. Məhz demokratiya məsələsi XX əsrin əvvəlində və sonlarında yaranan iki respublikamızın əsas fərqidir.
-İdeoloji baxımdan o vaxtkı Cümhuriyyətlə indiki Respublikanı fərqləndirən əsas cəhətlər hansılardır?
-Cümhuriyyət xalqın iradəsinin əsas götürülməsini, ölkənin və dövlətin sahibinin Azərbaycan xalqı olduğunu nəzərdə tuturdu. Dinindən, dilindən, cinsindən asılı olmayaraq hər bir vətəndaşın Cümhuriyyət üzərində haqqı vardı. Bilirsiniz, o zaman elə fors-major situasiya yarandı ki, parlamenti tələsik formalaşdırılmalı oldular. Seçkilər keçirməyə vaxt yox idi, həm də seçkilərin birbaşa Müəssislər Məclisi üçün keçirilməsi nəzərdə tutulurdu. Parlament kooptasiya, nümayəndələr göndərmək yolu ilə təşkil olundu. Azərbaycanda yaşayan xalqların sayına sərt proporsional şəkildə parlamentə nümayəndə göndərmək hüququ verildi. Milli Şurada mandatların 2/3-nə, yəni 30 yerə malik olan Müsavat, elə həmin yerlərlə kifayətləndi, parlament formalaşanda əlavə yer götürmədi, azərbaycanlılar üçün ayrılan yerlər digər siyasi partiyalar arasında bölüşdürüldü. Formalaşmasından Cümhuriyyətin süqutuna qədərki ilyarım ərzində parlament hakimiyyətin əsas mənbəyi oldu. İndiki respublikada isə əslində xalqın siyasi proseslərdən bacardıqca uzaq tutulması xətti götürülüb. Formalaşan idarəetmə qurumları heç vaxt xalqın iradəsini əks etdirmir, yalnız ölkə başçısının iradəsinin təcəssümü olur. Bu baxımdan indiki respublika daha çox kommunist Azərbaycanı ilə yaxındır, nəinki Cümhuriyyətlə. Bu yaxınlara qədər bu oxşarlıq daha qabarıq idi. Prezident Administrasiyası Mərkəzi Komitə funksiyasını həyata keçirirdi, hökumət isə ikinci dərəcəli orqan kimi fəaliyyət göstəriridi. Son aylar PA-nın dəyişməz rəhbəri dəyişəndən sonra qurumun nüfuzunun azaldığı hiss olunur, amma bu, müvəqqəti də ola bilər. Parlamentə gəldikdə isə dövlətin idarə olunmasında onun rolu sırf dekorativ xarakter daşıyır. Əsas ideoloji fərq də zənnimcə budur: Cümhuriyyət xadimləri hətta seçki keçirməyə imkanları olmadığı halda belə Azərbaycan xalqının iradəsinin maksimum şəkildə ifadə olunmasına çalışırdılar. İndiki halda isə hakimiyyət Azərbaycan xalqından qəsb olunub.
-O vaxt qarşıya qoyulmuş məqsədlərdən biri Azərbaycanın, eləcə də Azərbaycan cəmiyyətinin azad olması idi. Bütün hüqüqların tanındığı hüquqi demokratik dövlət qurmaq idi. Özü də azadlıqlar və hüquqların o qədər də önəm verilmədiyi ötən əsrin əvvəllərində. Amma respublikanı biz hüquq və azadlıqların əsas diqqət ayrıldığı məqamda bərpa edə bildik. Bu dövrdə və müstəqilliyin yenidən bərpa olunmasından 28 il sonra azad cəmiyyət qura bilmişikmi? Azadlığı əldə edə bilmişikmi? Hüquqlara və azadlıqlara hörmət edən bir dövlətimiz varmı?
-Cümhuriyyətlə bağlı hərdən yanlış fikirlərə, qiymətləndirmələrə rast gəlinir. Bu, bəzən o fikri ifadə edənlərin siyasi mövqeyindən doğan qərəzdən irəli gəlir, bəzən də dövrün şərtlərini bilməməkdən. Qərəzli olmayan və dövrün mövcud şərtlərini obyektiv qiymətləndirən insanlar Cümhuriyyətin bir çox nailiyyətləri ilə fəxr etməlidirlər. Axı məsələ təkcə onda deyil ki, imperiya dağıldı və biz müstəqillik qazandıq. Əsas məsələ o müstəqillikdən necə yararlanmağımız, necə bir dövlət qurmağımızdır. Despotik bir rejim də qura bilərdik. Mənsub olduğumuz coğrafiyada, həm də o dövrdə hüquq və azadlıqlara bu qədər dəyər verən bir dövlət qurmağımız fenomenal bir nailiyyət idi. Sovet imperiyası süqut edəndən sonra qurulan çağdaş respublikada isə fəxr ediləsi çox az şey var. Hüquq və azadlıqlar məsələsi isə bu dövlətin ən utanılası cəhətidir. XXI əsrdə yaşadığımız halda insanların siyasi görüşlərinə görə cəzalandırılması, hətta siyasi mənsubiyyəti olmayan insanların belə bir çox hüquqlarının (məsələn, mülkiyyət) pozulması, işgəncələrin tətbiqi, insanların özlərini idarə edən qurumları seçə bilməmələri, müstəqil mətbuatın məhvi və s. həm dövlətimiz, həm xalqımız adına böyük bir ayıbdır.
-O vaxtın tarixinə baxdıqda görürük ki, cümhuriyyət qurucularımız müstəqil siyasət həyata keçirməyə çalışırdılar, dövlətin mənafeləri üçün xarici dövlətlərlə israrlı danışıqlar aparırdılar. Sizcə, indiki respublika müstəqil siyasət həyata keçirə bilirmi?
-Cümhuriyyət qurucularının bir məqsədləri vardı: dövlətin və xalqın mənafeyini təmin etmək. Onlardan heç birinin şəxsi hakimiyyətini möhkəmləndirmək və o hakimiyyətin mənafeyindən çıxış etmək düşüncələri yox idi. Yuxarıda dedim, müstəqillik elan olunanda Milli Şurada 44 yerdən 30-u Müsavat Partiyasına məxsus idi. Bu çoxluğa söykənərək bir şəxsin və ya bir partiyanın diktaturasını yaratmaq olardı. Amma elə həmin Mıllı Şurada qəbul olunan qərarla 120 nəfərlik parlament yaradıldı, orada Müsavatın mandatı yenə 30 idi, yəni 25%. Partiya öz əzici çoxluğundan könüllü imtina etdi, çünki xalqın mənafeyi bunu tələb edirdi. İndiki respublika haqqında isə bunu söyləmək mümkün deyil. Çünki bu respublikanı idarə edənlər üçün yeganə ali və başqa məsələlərdən qat-qat öndə olan - hakimiyyətin mənafeyidir. Belə olan halda isə müstəqil xarici siyasətdən danışmaq olmur. Çünki bəzən dövlətin mənafeyi ilə hakimiyyətin mənafeyi ziddiyyət təşkil edir, bəzən də hakimiyyətinə təhlükə ola biləcək qüvvələrə dövlətin mənafeyini qurban verməklə hakimiyyətin mənafeyini təmin edirsən.
-O vaxt Cümhuriyyət yaşasaydı onların qarşıya qoyduğu məqsəd və ideyaları nəzərə alaraq Azərbaycan müasir dünya ölkələrdən hansı kimi olardı? Yəni, biz bir qədər empati qursaq, hazırda hansı ölkəni cümhuriyyət qurucularının görmək istədiyi dövlət kimi görə bilərik?
-Dediyim kimi, Azərbaycanın idarə şəklini Müəssislər Məclisi təyin edəcəkdi. Amma Cümhuriyyət qurucularının, xüsusən də Rəsulzadənin dünyagörüşünə əsaslansaq Azərbaycanı Almaniya, İtaliya, Finlandiya kimi parlamentli respublika görmək istədiklərini söyləmək olar.
-Cümhiruyyət qurucularının görmək istədiyi Azərbaycanın olması üçün nələr çatışmır? Nə etmək lazımdır ki, biz indiki Azərbaycanı hər baxımdan o vaxtkı Cümhuriyyətin varisi hesab edə bilək?
-İlk növbədə, hakimiyyət xalqa qaytarılmalıdır. Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalq olmalıdır. Çoxpartiyalılıq inkişaf etməlidir. İdarə edənlər maksimim şəkildə seçkilərlə seçilməlidirlər. Bundan əlavə, heç vaxt heç bir çoxluğun iradəsi ilə məhdudlaşdırılmayacaq hüquq və azadlıqlar təmin edilməlidir. Azərbaycan sivil dünyanın bir parçası olmalıdır, avrointeqrasiya yolunu tutmalıdır.

Xəbər lenti