''26-cı polis bölməsində boğazımdan tutub divara sıxdılar, Biləsuvar polisində başımı divara çırpdılar''

''26-cı polis bölməsində boğazımdan tutub divara sıxdılar, Biləsuvar polisində başımı divara çırpdılar''
Загрузка...
Əlağa Xələfov həm Yasamal rayon RPŞ-nin 26-cı bölməsindən, həm də Biləsuvar polisindən Baş Prokurorluğa şikayət edib
"Həm Yasamal Rayon 26-cı Polis Bölməsinin, həm də Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinin və əməkdaşlarının fiziki təzyiqlərinə, kobudluqlarına, qanunsuz hərəkətlərinə məruz qalmışam. Hər iki faktla bağlı Daxili İşlər Nazirliyinə, Ombudsman Aparatına müraciət etmişəm. Ancaq heç bir tədbir görülməyib”. Bakı sakini Əlağa Xələfov Meydan TV-yə danışır ki, bu ilin aprelində həm Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 26 saylı bölməsində, həm də Biləsuvar Rayon Polis Şöbəsində qanunsuzluqlarla üzləşib, üstəlik, fiziki təzyiqlərə məruz qalıb.
Əlağa Xələfov polis şöbələrinə ayrı-ayrı məsələlərlə bağlı düşüb. Aprelin 23-də onu Yasamal Rayon Polis İdarəsinin 26-cı bölməsinə dəvət ediblər. Orada bildirilib ki, onunla bağlı Naxçıvandan şikayət var.
"Rəis mənə kiminsə sifarişiylə "qulaqburması” vermək istəyirdi”
"Mənə şifahi şəkildə bildirildi ki, səndən şikayət var. Mən də tələb etdim ki, şikayətlə tanış etsinlər. Tezliklə məlum oldu ki, ortalıqda rəsmi şikayət ərizəsi yoxdur, sadəcə olaraq, Naxçıvandan bölmənin rəisinə zəng vuraraq mənə "qulaqburması” verməsini tapşırıblar. Söhbət ondan gedir ki, mənim bir xanım dostum var, hələ Naxçıvan Dövlət Universitetində oxuyanda tələb yoldaşım olub, sonralar da münasibətimiz davam edib. Həmin xanım valideynləriylə yaşayırdı və ailə üzvləri onu çox sıxışdırırdı, döyürdü. Məndən kömək istəyəndə ona polisə rəsmi müraciət etməsini məsləhət görürdüm, müraciət etməyin yollarını başa salırdım.
Onun müraciətlərinə baxılmadığı və ailədə şiddət davam etdiyi üçün özüm Naxçıvan polisinə zəng vuraraq tədbir görmələrini tələb edirdim. Bu isə ailənin xoşuna gəlmirdi və görünən də o idi ki, onlar məni bu yolla susdurmaq istəyirdilər. Hiss olunurdu ki, 26-cı bölmənin rəisinə tapşırıq yuxarıdan gəlib və o, çox israrla mənim o xanımla əlaqəni kəsməyimi, işlərinə qarışmamağımı tələb edirdi. Mənimlə bağlı şikayətlə tanış olmaq istədiyimi bildirsəm də, mənə hər hansı şikayət ərizəsi, konkret şikayətçinin kim olması bildirilmədi. İzahat yazmağım tələb olundu, yazdım. Bölmədəki otaqlarda saatlarla saxlanıldığım müddətdə tez-tez rəisin otağına aparırdılar, o da hər dəfə xanımla əlaqəni kəsməyimi tələb edirdi. Mövzu, tələb yalnız bundan ibarət idi,” – Əlağa Xələfov deyir.
"Qollarımı burdular, boğazımdan yapışıb divara sıxdılar”
Əlağa Xələfovun sözlərinə görə, saatlarla bölmədə saxlandıqdan sonra əlindən alınaraq növbətçi hissədə saxlanılan şəxsi mobil telefonlarını tələb edib. Telefonları ona verildikdə polisin hərəkətlərindən şikayət etmək üçün DİN 102 xidmətinə zəng vurmaq istəyəndə polis əməkdaşları üstünə cumub:
"Bir neçə polis işçisi üstümə tökülüşdü, qollarımı burdular, boğazımdan yapışıb məni dəhlizin divarına sıxdılar. Bu vaxt bölmənin rəisi də səsə otağından çıxıb gəldi, baş verənləri gördü”.
Əlağa Xələfov daha bir qədər bölmədə saxlandıqdan sonra sərbəst buraxılıb. Başına gələnlərlə bağlı dərhal Daxili İşlər Nazirliyinə, Yasamal Rayon Prokurorluğuna və Ombudsmana rəsmi müraciət edib.
"Rəis müavini şillələdi, işçiləri başımı divara çırpdı”
Bu hadisədən təxminən bir həftə sonra – aprelin 29-da isə Əlağa Xələfovun yolu yenə polisə "düşüb”. Belə ki, o, İran İslan Respublikasından ölkəyə qayıdarkən Biləsuvar gömrüyündəki hərəkət dayandırılıb. Vətəndaşlarla gömrüçkülər arasında narazılıq yaranıb:
"Mən İrandan gürcü dostlarımla bərabər qayıdırdım. Biz birlikdə Bakıya gəlməli idik və mən onları beynəlxalq avtovağzaldan Gürcüstana yola salacaqdım. Gömrük keçid məntəqəsində dostlarım bu tərəfə keçəndən sonra adamların hərəkətini dayandırdılar. Mən keçiddə qaldım. Bildirdim ki, birlikdə gəldiyim adamlar heç yeri tanımır, onlara mən bələdçilik etməliyəm, ölkələrinə yola salmalıyam, heç olmasa məni buraxsınlar. Gömrük işçiləri vətəndaşlarla olduqca kobud davranırdı. Adamlar gömrükçülərdən sənədləşməni niyə dayandırdıqlarını soruşanda bir gömrükçü "əcəb eləyirik” dedi. Bu, mənim xoşuma gəlmədi və ondan adamlarla ədəbli davranmasını tələb etdim. Bu vaxt tanımadığım başqa bir vətəndaş vəziyyəti telefonla çəkirdi. Gömrükçülər həm məni, həm də həmin adamı gömrük məntəqəsinin binasına apardılar, orda aktlaşdırıb, Biləsuvar polisi çağırdılar, hər ikimizi polisə təhvil verdilər. Polis şöbəsində həmin adam buraxıldı, məni bir sutka şöbədə saxladılar. İzahat yazmağımı tələb etsələr də, yazmadım”.
200 manat cərimələnib
Əlağa Xələfovun sözlərinə görə, şöbədə saxlandığı müddətdə şöbənin rəis müavini onun üzünə sillələr ilişdirib, işçilər isə başını divara vurublar. Növbəti gün Biləsuvar Rayon Məhkəməsinə aparılıb, polisin qanuni əmrinə tabe olmama maddəsi ilə inzibati qaydada 200 manat cərimələnib:
cavab məktubu
"Məhkəmə bitəndən sonra məni buraxdılar. Mənsə əl çəkmədim, məhkəmədən çıxıb birbaşa polis şöbəsinə getdim, rəislə görüşdüm, 1 sutka ərzində şöbədə saxlandığımı, fiziki təzyiqlərə məruz qaldığımı bildirdim.
O isə məsələdən yenicə xəbər tuturmuş kimi, ərizə yazmağımı tapşırdı və tədbir görüləcəyinə söz verdi. İyun ayının əvvəli DİN 102 xidmətiylə əlaqə saxladım, Biləsuvar polisində başıma gələnlərlə bağlı Biləsuvar Polis Şöbəsinə müraciət etdiyimi, ancaq heç bir nəticə olmadığını bildirdim. 102 xidmətindən mənə bildirildi ki, guya Biləsuvar polisi işi Biləsuvar Rayon Prokurorluğuna göndərib. Dərhal həmin prokurorluğun dəftərxanasına zəng vurdum, araşdırıb dedilər, bizə belə bir iş daxil olmayıb.
Bu dəfə Biləsuvar Polis Şöbəsinin növbətçi hissəsinə zəng vurdum, ordan bildirildi ki, iş materialları hələ 1-2 günə prokurorluğa göndəriləcək. Burdan da belə çıxır ki, Biləsuvar polisi Daxili İşlər Nazirliyini də aldadıb. Yalnız israrlı tələblərimdən sonra iş Biləsuvar Rayon Prokurorluğuna getdi və oradan zəng vurub məni dəvət edib, izahatımı aldılar. Ancaq prokurorluq mənə araşdırmanın nəticəsi barədə bugünədək də məlumat verməyib”.
DİN: Polis qanunsuz hərəkətlərə yol verməyib
Meydan TV həm Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi, həm də Biləsuvar Rayon Polis Şöbəsi ilə əlaqə saxlasa da, hadisələrin üstündən iki aya yaxın vaxt ötdüyündən hər hansı məlumat əldə edə bilməyib.
Ombudsman Aparatının Əlağa Xələfovun şikayəti ilə bağlı DİN-ə müraciətinə cavab olaraq, qurumun Baş İctimai Təhlükəsizlik İdarəsindən bildirilib ki, vətəndaşın şikayətləri araşdırılıb. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin, Yasamal Rayon Polis İdarəsinin 26-cı bölməsinin və Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verilməsi faktları müəyyən edilməyib. DİN cavab məktubunun surətini Əlağa Xələfova da göndərib.
Biləsuvar Rayon Prokurorluğundan bildirilib ki, Əlağa Xələfovun Biləsuvar polisi ilə bağlı şikayəti araşdırılıb, nəticəsi barədə vətəndaşa rəsmi məktub göndərilib. Əlağa Xələfovsa deyir, Biləsuvar prokurorluğundan ona məktub gəlməyib. Əlağa Xələfov həm 26-cı polis bölməsində, həm də Biləsuvar polisində başına gələnlərlə bağlı Baş prokurora müraciət edib.
Загрузка...
Загрузка...

Xəbər lenti